Kosmosda baş verən müəmmalı partlayış astronomları təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, tədqiqatçılar “kosmik vəhşi” adlandırdıqları bir neytron ulduzunda şiddətli partlayışın baş verdiyini bildiriblər.
Partlayış Günəşin 100 000 il ərzində yarada biləcəyi qədər enerjini kosmosa püskürüb.
İspaniyanın Valensiya Universitetinin laboratoriyasında hazırlanan süni intellekt sistemi sayəsində aparılan müşahidə enerji püskürməsinin saniyənin onda biri qədər qısa müddətdə baş verdiyini üzə çıxarıb.
Maqnitar olaraq tanınan bu tip ulduz son dərəcə güclü maqnit sahəsinə malik neytron ulduzdur. Maqnitarlarda partlayışlar çox vaxt xəbərdarlıq edilmədən baş verir. Ona görə də astronomlar üçün onları tapmaq və öyrənmək çətindir. Amma 41 alimdən ibarət tədqiqat qrupu bu dəfə olayı qabaqlamağı və ulduzun buraxdığı enerjini hesablamağı bacarıb. Nadir hallarda müşahidə edilən bu kosmik hadisə GRB 2001415 adlandırılıb.
Astronomlar bu cür püskürmələrin ulduzun maqnitosferindəki qeyri-sabitlik və ya qabığındakı “zəlzələ”dən qaynaqlandığını düşünürlər.
Bir ulduzun öz içinə çökməsi zamanı əmələ gələn sıx neytron ulduzların kütləsi Günəşin kütləsindən təxminən 1.3-2.5 dəfə böyükdür. Maqnitarlar digər neytron ulduzlarından min dəfə güclü maqnit sahələrinə malik qeyri-adi ulduzlardır.
Tədqiqatın aparıcı müəllifi Alberto Kastro-Tirado bildirib ki, maqnitarlar qeyri-aktiv olduqda belə, Günəşdən 100 000 dəfə daha parlaq ola bilir. Bu dəfəki hadisədə də neytron ulduzundan ayrılan enerji Günəşin 100 min ildə buraxdığı enerjiyə bərabərdir.
Bu qısamüddətli partlayışın baş verdiyi ulduz Yerdən təxminən 13 milyon işıq ili uzaqlıqda olan Heykəltəraş qalaktikasında yerləşir.
Tədqiqatın müəlliflərindən biri Viktor Reqlero sözügedən ulduzu “əsl kosmik vəhşi” adlandırıb: “Sanki bu ulduz bir milyard Günəşin gücü ilə kosmosun vakuumuna nərə çəkərək kosmik tənhalığından çıxmağa qərar verib”.
3000-ə yaxın məlum neytron ulduzu arasından yalnız 30-a yaxın maqnitar müəyyən edilib. GRB2001415 indiyə qədər aşkar edilmiş ən uzaq maqnitar partlayışdır.