12 Yanvar 2022 09:23
2 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceki adını Avstraliyada bir tikinti şirkətində işləyən dostundan götürüb. Bir müddət özünü əsl adıyla - Çan Kon-san kimi təqdim etməyib. Adının Ceki olduğunu deyib. Çan Kon-san Honq-Konqda anadan olub.

Ceki Çan doğulanda valideynləri o qədər kasıb idilər ki, müalicə xərclərini ödəmək üçün onu bir ingilis həkimə satmağı düşünmüşdülər. Məcburiyyət anasını narkotik alverçisinə, atasını isə Çinin kommunist hökumətinə işləyən casusa çevirmişdi. Amma bu da ailənin ağır durumunu yaxşılaşdırmaq üçün bəs etməmişdi. Valideynləri kiçik Çanı internata verib iş axtarmaq üçün Avstraliyaya getmişdilər. İş tapdıqdan sonra onu da ora aparmışdılar. Məşhur aktyorun indi də Avstraliya pasportu var.

Teleqraf.com məşhur çinli aktyor Ceki Çan haqqında maraqlı faktları təqdim edir.

Ceki Çan gəncliyində bir müddət pul qazanmaq üçün gecə klubunda mühafizəçi işləyib. Həmin günlərdə klubda düşən davadan sonra iki gün əlində sındığını düşündüyü sümüyü yerinə oturtmağa çalışır. Amma sonra anlayır ki, bu, sümük yox, döydüyü adamın əlinə batmış dişidir.

Ceki Çan 1975-ci ildə porno film çəkib. Sonradan bunu ailəsinin ağır maddi durumuna görə etdiyini deyib: “O günlərdə yaşamaq üçün əlimdən gələn hər şeyi etmək məcburiyyətində idim. Amma o vaxt porno filmlər indiki filmlərdən daha mühafizəkar idi”.

Ailəsi və özünün üzləşdiyi durum Ceki Çana yaxşı təhsil almağa imkan verməmişdi. İllər sonra da ən böyük peşmanlığının yaxşı təhsil ala bilməməsi olduğunu deyir. Ən böyük qorxusu isə iynə və izdiham qarşısında çıxış etməkdir. Əlbəttə, çəkildiyi filmlərdə sümükləri tez-tez sınan bir insanın kiçik iynədən qorxması da başqa bir qəribəlikdir. Təsadüfi deyil ki, təkcə öz kaskadyorlarını öyrədərkən üç dəfə burnunu, bir dəfə topuq sümüyünü, barmaqlarının çoxunu, həm yanaq sümüklərini, həm də kəllə sümüyünü sındırıb. Baş yaralanması nəticəsində beyninə cərrahi yolla plastik tıxac qoyulub. Təhsilinə qayıtsaq, bundan şikayət etsə də ingilis, alman, koreya, yapon və tay dilləri də daxil olmaqla 16 dildə danışa, həmçinin Amerika işarə dilini bilir.

Poliqlot olduğu qədər də, bir çox döyüş sənətinin ustasıdır. Kunq-funun şimal və cənub üslubları və taekvondo ilə yanaşı, karate, cüdo, Braziliya çiu-çitsu və hapkido kimi digər döyüş sənətlərini də bilir. Çan həmçinin Bryus Lidən cet-kun-donu da öyrənib. Qeyri-adi döyüş bacarıqları ilə tanınmasına baxmayaraq, Ceki Çan real həyatda yalnız bir dəfə davaya qatıldığını iddia edib.

Döyüş sənətlərinə həssas yanaşan aktyor buna görə kaskadyorlarını da özü hazırlayır. Onun “Sin Qa Ban” adlanan öz kaskadyor komandası var. Amma kaskadyorlarının sığortası yoxdur. Buna görə də komanda üzvlərinə dəyən zərəri özü ödəyir. Üstəgəl, heç bir sığorta şirkəti Ceki Çanın çəkdiyi filmlərə də pul ödəmək istəmir.

Məşhur aktyor həm də müğənnidir. 1984-cü ildən bəri 20 albom buraxıb. İngilis, fransız, alman, yapon, çin, tay və digər dillərində oxuyub.

1973-cü ildə “Əjdaha qalası” filminin çəkilişləri zamanı Bryus Li Ceki Çanı həqiqətən vurmuşdu. Uzun illər sonra etiraf etmişdi ki, karyerasında aldığı xəsarətlərdən ən ağrılısını Bryus Li səhvən onu nunçakla vuranda alıb.

“Əjdahaların hökmdarı” filmində bir səhnəsi çox mürəkkəb olduğu üçün 2900 dubla çəkilib.

1984-cü ildə “Təkər üstündə təkər” filminin çəkilişləri zamanı Ceki onunla döyüş səhnəsi çəkilərkən kikboksinq üzrə dünya çempionu Benni Urqidez tərəfindən ağrılı şəkildə zədələndikdən sonra qəzəblənib. Buna görə də, ona bilərəkdən bir neçə zərbə vurub.

1980-90-cı illərdə “Triad”dan - Çin mafiyasından qorunmaq üçün üzərində birdən çox silah, hətta qumbara gəzdirib. Bir dəfə Honq-Konqda bir restoranda onlarla “Triad” üzvü tərəfindən mühasirəyə alınanda onları bu silahlarla qurxuda bilmişdi.

Aktyor bir dəfə ovucunda yumurta tutaraq əli ilə on iki beton bloku sındırıb. Yumurta isə qırılmayıb. Bir dəfə isə təyyarədən hava şarının üzərinə tullanıb.

Ceki Çan Çin Kommunist Partiyasının böyük dəstəkçisidir və Tayvan demokratiyasını “dünyanın ən böyük zarafatı” hesab edir.

“Burun qanaması” adlı filmdə rol alacaqdı, amma 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinə hücumdan sonra layihə ləğv edildi. O, filmdə bu mərkəzə qarşı hazırlanmış terror aktının qarşısını alan pəncərəyuyan rolunu oynamalı idi.

Ceki Çan 1982-ci ildə tayvanlı aktrisa Lin Fen-szyao ilə evlənib. Bu evlilikdən onun Ceysi Çan adlı oğlu var. Amma oğlu onun 130 milyon dollarlıq sərvətindən bir sent də ala bilməyəcək, çünki bütün sərvəti bağışlanacaq. Aktyor bu qərarını belə izah edib: “Əgər bacarıqlıdırsa, öz pulunu qazana bilər, deyilsə, mənim pulumu boş yerə xərcləyəcək”.

“Miss Asian” müsabiqəsinin qalibi Eleyn U Sili 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqlayıb. Məşhur aktyor ona səhvə yol verdiyini etiraf edərək cavab verib. Amma o, qızını Ceki Çansız böyütməyə qərar verib.

“Döyüş ustası” deyildikdə ağıla gələn ilk şəxs şübhəsiz ki, Ceki Çandır. Ən təhlükəli səhnələr çəkilərkən heç düşünmədən irəli atılan Ceki Çan bir çox filmində həyati təhlükələrlə üzləşib.

ABŞ-dakı reputasiyasına böyük töhfə verən “Təhlükədə” filmi döyüş ustasının ağır zədələnməsi ilə tanınır. Bir səhnədə skeytbordda tullanmağa çalışan Çan həmin an ayağını sındırıb. Ayağı gipslənən aktyor rolunu davam etdirmək üçün bunu ayaqqabılarının bir hissəsi kimi göstərib.

“Fırtına adam”ın çəkilişində bir döyüş səhnəsində salto vurarkən boynunu zədələyən Ceki Çan həm də eyni filmdə burnunu sındırıb. Döyüş filminin çəkilişlərində o qədər dağıntı olmuşdu ki, istehsal şirkətinə Avstraliyada film çəkmək qadağan olunub.

Ceki Çan kunq-fu filmlərinin klassiki “Sərxoş ustad” filminin çəkilişləri zamanı az qala gözünü itirəcəkdi. Çanın başına dəyən təpik qaşını partladığı üçün gözü ciddi şəkildə zədələnmişdi. Bu, onda ömürlük iz buraxdı.

“Super polis” seriyasının çəkilişlərinin davamında Ceki Çanın avtobusdan avtobusa tullanarkən şüşə pəncərədən içəri girəcəyi gözlənilirdi. Bu şüşə aktyora zərər verməmək üçün xüsusi hazırlanmışdı. Amma tullanmağı səhv hesablayanda özünü əsl şüşədən mağazanın vitrininə atdı və bədəninin hər yerində kəsiklər yarandı.

“Əcəlin əli” filminin çəkilişində isə pikapdan tullanarkən başı yerə çırpılır. Ağır zərbə almasına baxmayaraq, rolunu davam etdirsə də sonda huşunu itirərək yerə yıxılır. Bu dəhşətli qəza filmin rejissoru Con Vunu qorxutmuşdu - Çanın öləcəyini düşünmüşdü.

Təpəlikdən ağaca tullanmalı olan Çanın ilk cəhdi uğurlu alındı. Amma hərəkətinin kifayət qədər sürətli olmadığını düşündüyü üçün bu səhnənin yenidən çəkilməsini istədi. İkinci cəhddə arxası üstə yıxılarkən başı daşa dəydi. Əgər başından qan açılan aktyora təcili tibbi yardım göstərilməsəydi, bəlkə də “Tanrının zirehi” son filmi olacaqdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər