“The American Dream” – “Amerika arzusu” Birləşmiş Ştatların milli etikasıdır, ideallar toplusudur (demokratiya, hüquqlar, azadlıq, fürsətlər və bərabərlik). “American Dream”da azadlıq rifah və uğur imkanını, həmçinin ailə və uşaqlar üçün yüksələn sosial hərəkətliliyi, maneələri az olan bir cəmiyyətdə zəhmət hesabına müvəffəqiyyətə nail olmağı ehtiva edir. “Amerika arzusu” termini 1931-ci ildə Ceyms Traslou Adams tərəfindən düşünülüb. O, “həyat hamı üçün daha yaxşı, daha zəngin və dolğun, sosial təbəqədən və ya doğulma şəraitindən asılı olmayaraq, hər kəs üçün imkan və ya nailiyyətlər olmalıdır” sözlərini deyib.
Teleqraf.com bildirir ki, “Amerika arzusu” Birləşmiş Ştatların Müstəqillik Bəyannaməsindən qaynaqlanır. Burada “bütün insanların bərabər yaradıldığı” (“all men are created equal”) və “yaşamaq, azadlıq və xoşbəxtliyə can atmaq” (“life, liberty, and the pursuit of happiness”) hüququna malik olduğu bildirilir. Həmçinin, ABŞ Konstitusiyası oxşar azadlığı təbliğ edir. ABŞ Konstitusiyasının preambulasında “özümüzə və nəsillərimizə azadlıq nemətlərini təmin etməliyik”, - yazılır.
Düzdür, ciddi empirik məlumatlar son onilliklərdə ABŞ-da yuxarıya doğru iqtisadi hərəkətliliyin azaldığını və gəlirlərin bölüşdürülməsində bərabərsizliyin artdığını göstərir.
Bununla belə “American Dream” hələ də planetin hər tərəfindən milyonlarla insanı özünə güclü şəkildə cəzb etməkdədir. ABŞ-a immiqrasiya Birləşmiş Ştatların tarixinin çox hissəsində əhali artımının və mədəni dəyişikliyin əsas mənbəyi olub. Yerli amerikalılar istisna olmaqla, bütün amerikalılar öz əcdadlarını dünyanın digər millətlərindən olan immiqrantlarla izləyə bilərlər.
Mütləq rəqəmlərlə desək, Birləşmiş Ştatlarda dünyanın hər hansı digər ölkəsindən çox immiqrant yaşayır. 2015-ci ildə onların sayı 47 milyon olub ki, bu da hər hansı digər ölkədən daha böyük immiqrant əhalisinə malik olmaq deməkdir. Bu, dünya üzrə 244 milyon beynəlxalq miqrantın 19,1%-ni və ABŞ əhalisinin 14,4%-ni təşkil edir.
2016-cı il üzrə İllik İmmiqrasiya Statistikasına əsasən, Birləşmiş Ştatlar 2016-cı ildə ümumilikdə 1,18 milyon leqal immiqrant qəbul edib. Onlardan 618 min yeni gələn, 565 min statusuna dəyişiklik edən olub.
Ümumi immiqrant əhalisinin artımı son illərdə, xüsusən də Donald Trampın prezident seçilməsindən və COVID-19 pandemiyasından sonra dayanıb. Əhalinin siyahıyaalmasına görə, 2018-ci ilin martında ABŞ-da 45,3 milyon, 2021-ci ilin sentyabrında isə 45,4 milyon xaricdə doğulmuş vətəndaş yaşayıb ki, bu da son onilliklər ərzində qeydə alınan ən aşağı artımdır.
Araşdırmalar göstərir ki, ABŞ-a immiqrasiya ABŞ iqtisadiyyatı üçün faydalıdır. Bir neçə istisna olmaqla, sübutlar orta hesabla immiqrasiyanın yerli əhaliyə müsbət iqtisadi təsir göstərdiyini göstərir, lakin aşağı ixtisaslı kadrların immiqrasiyasının aşağı ixtisaslı yerlilərə mənfi təsir edib-etməməsi ilə bağlı rəy qarışıqdır. Tədqiqatlar həmçinin göstərir ki, immiqrantlar ABŞ-da yerlilərə nisbətən daha az cinayət nisbətinə malikdirlər.
Bəs ABŞ haqqında sizə nə məlumdur? Çoxlu informasiyalar əsasında bu ölkə haqqında hər kəsin öz təəssüratı formalaşıb. Bir nəsnə barədə nə qədər çox bilsəniz, o barədə bir o qədər korrekt rəy formalaşdıra biləcəksiniz.
Teleqraf.com Amerika haqqında bir çox ABŞ sakinlərinə məlum olmayan 10 maraqlı faktı diqqətinizə çatdırır.
Populyar peşə
“McDonald's” çox vaxt məhz ABŞ-la əlaqələndirilir və bu assosiasiya boş yerdən yaranmayıb. Məlum olub ki, ABŞ-ın hər səkkizinci sakini nə vaxtsa “McDonald's”da işləyib.
İnəklər ştatı
ABŞ-ın Montana ştatında çox sayda inək var. Ştatın hər sakininə üç inək düşür.
Rəsmi dilin mövcud olmaması
Bu ölkədə dünyanın hər yerindən ən müxtəlif dillərdə ünsiyyət quran insanları eşitmək mümküdür. Bütün sənədlərin ingilis dilində yazılmasına baxmayaraq, ingilis dili dövlət dili sayılmır.
Reinkarnasiyaya inam
ABŞ vətəndaşlarının təxminən dörddə biri insanın ölümdən sonra yenidən doğulduğuna və yenidən bu dünyaya gələcəyinə inanır.
Prezidentlər ştatı
Bütün tarix boyu Virciniya ştatı ərazisində istənilən digər ştatın ərazisindəkindən daha çox sayda prezident dünyaya gəlib.
Amerikalılar heç vaxt Ayda olmayıblar
Bunu təsəvvür etmək çətindir, lakin sorğunun nəticələri göstərir ki, amerikalıların 25 faizindən çoxu astronavtlarının heç vaxt Ayda olmadığına inanır.
Pizzasevərlər
ABŞ-da çoxlu pizza hazırlayan var. Onlar hər gün 400 min kvadrat kilometrdən çox pizza hazırlayırlar. Təsəvvür edin, müxtəlif ştatlarda bir gün ərzində hazırlanan pizzaları bir yerə toplasanız, bununla Yaponiyanın ərazisi boyda ərazini örtmək olar.
Piylənmə ABŞ-da ciddi problemdir
Bu ölkənin hər üçüncü sakini artıq çəkidən və piylənmədən əziyyət çəkir.
Həkim səhvləri
İstənilən dövlətdə ölüm statistikası aparılır. Bura adətən ölüm səbəbi də daxil olmaqla bir çox məlumatlar daxil edilir. Həkim səhvləri ABŞ-da ölüm səbəbləri arasında altıncı yerdə dayanır.
Daimi iş yeri dəyişikliyi
Orta statik amerikalı hər 4 il yarımdan bir iş yerini dəyişir.