21 Aprel 2022 19:13
3 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin 90-cı illəri Rusiya üçün dəhşətli itkilərlə yadda qaldı. Ölkə kosmik sənaye, sənaye, kənd təsərrüfatı, siyasi və hərbi təsir sahələrində dünya liderliyini itirdi. ABŞ, Çin və hətta keçmiş ittifaq respublikaları bir vaxtlar qüdrətli olan dövləti hissələrə böldülər.

Ancaq itirilmiş ərazilər arasında Sibir də ola bilərdi. Amerika Birləşmiş Ştatları Rusiyanın yarısını necə satın almaq istədi və bu təşəbbüs niyə uğursuz oldu?

Teleqraf.com-un növbəti araşdırması bu haqdadır.

Sərfəli sövdələşmə

Sibiri satın almaq ideyası amerikalı siyasətçi, ABŞ Dünya Siyasəti İnstitutunun böyük siyasi məsləhətçisi Uolter Rassel Midin ağlına gəlib. O, 1992-ci ildə bununla bağlı layihə tərtib edib. Layihə Amerika hökumətinə təqdim edilib və “Gəlin ruslara kömək edək, Sibiri satın alaq” məqaləsi sayəsində dünyaya məlum olub. İdeya Avropa və ABŞ mediasında geniş müzakirə olunub.

Tədqiqatçı öz layihəsində Rusiyadakı siyasi vəziyyəti analiz edib və bunun sibirlilərin özlərinə nə üçün lazım olduğunu izah edib. Onun fikrincə, Sibirin satılması Rusiyanın maliyyə problemlərinin həllinə kömək edərdi.

Amerikalılar Sibirdə nə etməyi planlaşdırırdılar?

Sibirdə Rusiyanın qurğuşun və platin ehtiyatlarının 85%-i, daş kömürün 80%-i, nikelin 71%-i, neftin 89%-i, təbii qazın 95%-i və bir çox başqa faydalı qazıntılar cəmləşib.

Kemerovo vilayəti – Kuzbasda sənaye zonası. Qərbi Sibir

Rusiya qaz ehtiyatlarının həcminə görə dünyada liderdir, yataqların əksəriyyəti isə Qərbi Sibirdə yerləşir.

1990-cı illərdə Rusiya texniki cəhətdən bu yataqları işlətməyə qadir deyildi və Sibir sakinlərini layiqli həyat şəraiti ilə təmin edə bilmirdi.

Regionun təxmini dəyəri 3 trilyon dollar dəyərində qiymətləndirilirdi. Bu məbləğin ildə 200 milyard olmaqla hissə-hissə ödənilməsi təklif edilirdi. Eyni zamanda Rusiya bu məbləğin yarısını Amerika mallarının alınmasına xərcləməli idi.

Alqı-satqıdan sonra Sibirin 7 ştata bölünməsi planlaşdırılırdı. Bütün rus əhali Amerika vətəndaşlığı almalı, Sibirin yerli xalqları Amerikanın yerli xalqları kimi ayrıca imtiyazlar və əlavə vəsait əldə etməli idilər. Bu gün hindular geniş muxtariyyətdən istifadə edirlər, onların çoxu Amerika hökumətindən ödənişlər alırlar.

Amerikanın yerli əhalisi hindular

Yeni vətəndaşlar rus dilini ikinci dövlət dili kimi saxlamaq, həmçinin ABŞ-ın bütün ərazisində sərbəst yerdəyişmə etmək, adi amerikalıların bütün üstünlük və imkanlarından istifadə etmək hüququ əldə edirdilər.

Sibirlilərin özləri buna necə reaksiya verərdilər?

Rassel Midin sibirlilərə vəd etdiyi üstünlüklər hətta bu gün də çox cəlbedici görünür. 90-cı illərdə – Rusiyada iqtisadi böhran dövründə isə onlar tamamilə nağıl kimi görünürdü.

Amerikalı politoloqun fikrincə, sibirlilər ABŞ-a qoşulmağı ehtirasla arzulayırdılar. Onlar Alyaska nümunəsində olduğu kimi faydalı qazıntıların çıxarılmasından dividendlər alacaqdılar və həyat səviyyələri bir neçə dəfə yüksələcəkdi.

Qeyd edək ki, Alyaska ABŞ-ın ən şimal və ərazisinə görə ən böyük ştatıdır. Ştatın hər bir sakini faydalı qazıntıların satışından illik pay alır (2020-ci ildə bu payın məbləği 992 dollar və ya 72 min rubl təşkil edib).

Alyaska ştatının inzibati mərkəzi Cuno (ingiliscə Juneau) şəhəri

Faydalı qazıntıların çıxarılması və emalı üçün Amerika zavodlarının peyda olması infrastrukturun inkişafına, yeni yaşayış məntəqələrinin və iş yerlərinin yaranmasına kömək edərdi. Sibir ştatları öz resursları sayəsində ABŞ-ın ən zəngin və inkişaf etmiş ştatları olacaqdılar.

Bəs amerikalılar niyə Sibiri almadılar?

Rasselin planı yalnız kağız üzərində yaxşı idi. Sibir əhalisi Rusiyanın onları başqa ölkəyə necə satmasını çətin ki, səssizcə müşahidə edərdi. Regionda separatçıları qiyamların baş qaldırması qaçılmaz olacaqdı. Ümumiyyətlə, sibirlilər niyə kiməsə qoşulsunlar?

Bundan əlavə, Sibir əhalisinin 90%-ni ruslar təşkil edir. Rusiyadan müstəqil dövlətin sülh yolu ilə yaradılması çox çətin olardı. Həmin ABŞ Britaniya imperiyasından yalnız müstəqillik uğrunda müharibə yolu ilə ayrılıb.

Sibirdə üsyanlar ABŞ üçün zərərli, Rusiya üçün isə daha təhlükəli olardı. Volqaboyu və Uraldakı milli respublikaların sibirlilərdən nümunə götürəcəkləri və onların da silaha sarılacaqları qaçılmaz idi.

2010-cu il siyahıyaalmasına görə Rusiya xalqlarının xəritəsi

Ehtimal edilir ki, Rusiya Sibir regionunu satsaydı, o zaman milli azlıqlar ölkədən ayrılmaq üçün böyük üsyanlara başlayardılar. Məsələn, Tatarıstan və Başqırdıstan az qala Çeçenistan nümunəsini təkrarlayacaqdılar, onları Yeltsin Rusiyasının muxtariyyətlər təqdim etməsi və böyük güzəştlər sayəsində düşünülməmiş hərəkətlərdən saxlamaq mümkün oldu.

Əgər Rusiya Sibiri satsaydı, ərazisinə görə ən böyük ölkə statusunu oradaca itirəcəkdi. Məhz buna görə də Rusiya hökuməti buna getmədi və Rasselin planı heç vaxt həyata keçirilmədi.

Ancaq Sibirin satılacağı təqdirdə ikinci Alyaskaya çevriləcəyi, yoxsa oradan resursların sadəcə ixrac olunacağı sualı plan həyata keçmədiyi üçün bu gün də açıq qalır.

P. S. Məqalədəki ilk fotoda Asiyanın şimalında yerləşən Qərbi Sibir düzənliyi əks olunub.


Müəllif: Səxavət Həmid