24 Aprel 2022 15:28
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Günəşin daha aktiv dövrə doğru getdiyi və daha güclü partlayışların ola biləcəyi, bəzilərinin isə planetimiz istiqamətində baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, Günəşdə son beş ildə görülən ən güclü partlayış baş verib.

Bu son heyrətamiz püskürmənin Günəşdə aktivliyin artdığı və bu nəhəng göy cisminin Yerin atmosferi üçün potensial təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıqların edildiyi vaxta təsadüf etməsi də diqqət çəkib.

Elm adamlarına görə, Günəş 11 illik fəaliyyət dövrünün xüsusilə aktiv dövrünə qədəm qoyur. Dövr 2019-cu ildə başlayıb və 2025-ci ildə zirvəyə çatacağı gözlənilir.

Bu həftə rekord qıran püskürmə davam edən dövrədə qeydə alınan ən güclü partlayış olub, amma Yer kürəsinə ciddi təsirləri olmayıb. Bununla belə, elm adamları Günəşin öz dövrəsində daha aktiv dövrə doğru irəlilədiyi və daha güclü partlayışların ola biləcəyi, bəzilərinin isə planetimiz istiqamətində baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Günəşin planetimizin atmosferinə mənfi təsirləri elektrik şəbəkələrini zədələyə, peykləri sıradan çıxara, astronavtlara və kosmik avadanlıqlara zərər verə bilər. Elm adamları xəbərdarlıq edirlər ki, dünya Günəş aktivliyinin artıracağı təhlükələrə hazır deyil.

NASA aprelin 19-da axşam saatlarında iki Günəş partlayışı qeydə aldığını açıqlayıb. Birincisi nisbətən aşağı intensivliyə malik olsa da, axşam saatlarında daha güclü partlayış baş verib. Bunun təsirləri bütün dünyada görülüb, hətta Asiyada bəzi radio rabitələri qısa müddətə kəsilib. Amma planetimizin əksər hissəsi fırtınanın tam təsirinə məruz qalmayıb, çünki partlayış Günəşin uzaq ucunda baş verib.

İkinci partlayış X sinifinə aid olub, bu da mümkün olan ən güclü partlayış deməkdir. Bu, 2017-ci ildən bəri görülən ən güclüsüdür.

Elm adamları Günəş alovlarını təsnif edərkən hərfdən əlavə rəqəmdən də istifadə edirlər: sonuncu püskürmə X2.2 kimi təsnif edilib. Daha yüksək rəqəmlər daha intensiv püskürmələr deməkdir, indiyə qədər qeydə alınan ən güclü püskürmə isə X28-i ötüb. Bu da 2003-cü ildə qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu