28 Aprel 2022 15:03
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı elm adamları qazıntılar zamanı çox nadir dəniz canlısına aid 450 milyon illik fosil tapıblar.

Teleqraf.com xəbər verir ki, araşdırma qrupunun rəhbəri paleontoloq Co Moysyuk təxminən 450 milyon il əvvəl - Ordovik dövründə yaşamış artropod növünə məxsus qalığa “Tomlinsonus Dmitri” adını verdiklərini deyib.

Moysyuk yaxşı qorunmuş fosilin Simko gölünün şimal-şərq sahilindəki Breçin bölgəsində tapıldığını bildirib və qalığın təxminən insanın şəhadət barmağı böyüklüyündə olduğunu qeyd edib.

Elm adamı fosilin buğumayaqlıların marrellomorf qrupuna aid olduğunu deyib:

“Tomlinsonusun qeyri-adi, lələyəbənzər tikanlarla bəzədilmiş rəngarəng baş qalxanı var. Bu qəribə görünüşlü canlı, çox güman ki, palçıqlı dəniz dibini son dərəcə uzun ayaqlı bir cüt üzvdən istifadə edərək keçib”.

Fosilin o dövrdə Ontario əyalətinin böyük hissəsini əhatə edən dayaz okeanların dibində yaşadığını deyən Moysyuk mütəmadi olaraq fırtınalara məruz qalan dəniz dibində çöküntülərin əmələ gəldiyini, bunların isə oradakı orqanizmləri qoruduğunu vurğulayıb.

Tədqiqatın müəlliflərindən biri Corc Kampuris isə orqanizmin yalnız qabıqları və sümükləri kimi sərt hissələrinin fosilləşməyə meylli olduğunu söyləyib.

Araşdırma qrupundan Jan-Bernard Keron yumşaq toxuma fosilinin tapılmasını “böyük sürpriz” adlandırıb:

“Bu canlılar Ordovik dövründə Şimali Amerikanın şərqinin geniş sularını tutan dayaz rif çöküntülərində görülməyib. Tomlinsonus kimi tam yumşaq gövdəli növlərin kəşfi o dövrdə mövcud olmuş müxtəlifliyi daha yaxşı anlamağa imkan verir”.


Müəllif: Mənsur Rəğbətoğlu