29 Aprel 2022 16:53
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın orta temperaturunun durmadan yüksəldiyi məlum həqiqətdir. Xüsusilə qütblərdə temperaturun sürətlə artması elm adamlarını çox narahat edir.

Teleqraf.com xəbər verir ki, həm dünya əhalisinin artması, həm də iqlim dəyişikliyi səbəbindən artan temperatur içməli suya çıxışı günbəgün çətinləşdirir.

2050-ci ilə qədər suya olan tələbatın 55 faiz artacağı gözlənilir. Dünyanın bütün ölkələri, xüsusən də Cənubi Afrika dövlətləri su istehlakını azaltmaq üçün tədbirləri sürətlə artırmalıdır.

Kiçik zərrəciklərin atmosferin yuxarı təbəqələrinə göndərilməsi Günəş işığını daha çox əks etdirə və planetin səthinin daha az isinməsinə səbəb ola bilər. Tədqiqatçıların fikrincə, bu, iqlim dəyişikliyinin təsirlərini potensial olaraq gecikdirə, Cənubi Afrikanın Keyptaun kimi bölgələrində quraqlığı azalda bilər. İddiaya görə, Bill Qeyts və Jeff Bezos kimi milyarderlər qlobal istiləşmənin təsirini azaltmaq və ya gecikdirmək üçün Günəşi tutqunlaşdırmaqda və layihəyə pul köçürməkdə maraqlıdırlar.

“Stratosferik Nəzarətedilən Təhlükə Təcrübəsi” (SCoPEx) adlanan layihə çərçivəsində Günəş işığını kosmosa əks etdirmək üçün səmaya xüsusi kalsium tozunun səpilməsi araşdırılır. Amma bildirilib ki, iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq və Yer kürəsində temperaturu aşağı salmaq üçün irəli sürülən bu radikal ideya bəzi bölgələrdə malyariya epidemiyalarını artıra və bir milyarddan çox insanı yoluxucu xəstəliklərə məruz qoya bilər.

ABŞ-ın Corctaun Universitetinin Tibb Mərkəzinin tədqiqatçılarının apardıqları araşdırmaya görə, bəzi ərazilərin sürətli soyuması malyariyanın geniş ərazilərə yayılması üçün əlverişli temperatur şəraiti yaradacaq. Bu o deməkdir ki, sürətlə soyuyan bölgələrdə bir neçə milyard insan malyariyadan əziyyət çəkəcək. Əslində, tədqiqatçıların Günəş işığını azaltmaq istəməkdə məqsədləri qlobal istiləşmənin tam qarşısını almaq deyil, ən azından sabitləşdirməkdir.

Qlobal iqlim dəyişikliyi nəticəsində çoxsaylı tropik qasırğalar və meşə yanğınları baş verib. Elm adamları bu səbəbdən təhlükənin miqyasının getdikcə böyüdüyünü deyirlər. Bu baxımdan, elm adamlarının Günəş işığını azaltması ideyası hələlik qəribə görünsə də, bunun yaxşı bir fikir olub-olmadığını zaman göstərəcək.


Müəllif: Mənsur Rəğbətoğlu