Uzun müddətdir gecikən Aya eniş missiyası “Luna-25”in bu ilin sentyabrında buraxılması gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Milli Kosmos Agentliyinin rəhbəri Dmitri Roqozin məlumat verib.
“Ümid edirəm ki, bütün sınaqlar uğurla keçəcək və “Luna-25”i sentyabrın sonunda buraxacağıq”, - Roqozin jurnalistlərə deyib.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl ölkənin Ay proqramının saxlanmasının vacibliyini bildirib. Putin apreldə Amur vilayətindəki “Vostoçnıy” kosmik bazasında olarkən, Rusiyanın Ay proqramını davam etdirəcəyini söyləyib. O, bu ilin üçüncü rübündə missiyanın başlayacağını da açıqlayıb.
Rusiya lideri bildirib ki, ölkəyə qarşı sanksiyalar dalğası Moskvanın kosmosun tədqiqi səylərini pozmayacaq.
Putinin açıqlamasından qısa müddət sonra Avropa Kosmos Agentliyi Ukraynaya müdaxiləyə görə Mars və Ay ekspedisiyalarında “Roskosmos”la əməkdaşlığı dayandırdığını elan edib.
“Luna-25”in təxminən 30 kq elmi avadanlıq daşıyacağı gözlənilir. Missiya çərçivəsində Aydan nümunənin götürülməsi də planlaşdırılır.
Zondun planlaşdırılan hədəfi Ayın Boquslavski krateri yaxınlığındakı cənub qütbü bölgəsidir.
Bu, postsovet tarixində Rusiyanın ilk Ay missiyası olacaq. Dünyanın təbii peykinin kəşfi 1959-cu ildə SSRİ-nin “Luna-2” zondu ilə başlasa da, Rusiya əlli ilə yaxındır ki, oxşar missiya həyata keçirməyib.
Sonuncu zond – “Luna-24” Sovet İttifaqı tərəfindən 1976-cı ildə buraxılıb.