14 İyun 2022 17:00
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmperator Çin Si Xuan ölümündən sonra onu qorumaq üçün minlərlə əsgərdən ibarət bir ordu qurmuşdu. Si Xuanın məzarını qoruduğu güman edilən 8000-dən çox heykəlin hər biri fərqli və əsl əsgər portretləridir.

Teleqraf.com xəbər verir ki, əsl adı Çao Çen olan Çin Si Xuan e.ə. 259-cu ildə anadan olub.

Xuan 13 yaşında Qin sülaləsinin başçısı olub. Qin xanı bir çox döyüşlərdə qalib gəlib. Beləliklə, Çində siyasi birliyə nail olub. Nəticədə Çin Si Xuan Çinin ilk imperatoru olub.

Bununla belə, Çinin ilk imperatorunun kifayət qədər maraqlı xüsusiyyətləri var idi. Məsələn, Çin Si Xuan amansız və paranoyak hökmdar idi. İmperator güclü paranoyası səbəbindən ölümündən sonra onu qorumaq üçün ordu qurmağı əmr etmişdi. Beləliklə, Terrakotta ordusu Çin Si Xuanın paranoyası sayəsində meydana çıxdı.

Ölkənin ilk imperatoru Çində ən böyük məzarda dəfn edilib. Məzar kompleksinin tikintisində 700 000 nəfər işləmişdi. Əslində, 76 metr dərinlikdə olan məzar kompleksi paytaxt Syanyandan nümunə götürülmüş bir şəhərə bənzəyirdi. Si Xuan məhz bu nəhəng məzarda dəfn edilib. Xəzinələri və cariyələri də onunla birlikdə basdırılıb.

Həmçinin, talançıları məzardan uzaq tutmaq üçün çoxlu tələlər hazırlanıb. Çin Si Xuan öldükdən sonra onu qorumaq üçün bir çox mexaniki tələlər qurulmuş, “civə çayı” da çəkilmişdi. Üstəlik, məzarın sirlərini qorumaq üçün mexaniki tələləri hazırlayan bütün işçilər türbədə diri-diri basdırılıb. Çin Si Xuanın bu ilginc məzarındakı son qoruma tədbiri Terrakotta ordusu idi.

Çinin ilk və ən mühüm imperatorlarından biri olan Çin Si Xuan torpaqdan da olsa, adına layiq ordu qurmuşdu. İmperatorun yeraltı ordusunun sıralarında 8000 əsgər vardı. Bundan əlavə, 130 döyüş arabası, 520 at və 150 ​​süvari atı quru ordusunun ən mühüm hissələri arasında yer almışdı. Terrakotta ordusu imperatoru qorumaqla yanaşı, onun qüdrətini də nümayiş etdirirdi.

Terrakotta əsl ordu kimi qurulmuşdu. Əsl ordudakı iyerarxiya imperatorun torpaqdan hazırlanmış ordusuna da şamil edilmişdi. Generallar, zabitlər, süvarilər, piyadalar, oxatanlar, arabaçılar...

Bir sözlə, Terrakotta əsl ordunun bütün elementlərinə malik idi. Digər tərəfdən, ordunun onu çox maraqlı edən başqa bir xüsusiyyəti, bütün əsgərlərin demək olar ki, real ölçülərdə olması idi. Bundan əlavə, minlərlə əsgərin hər birinin rütbəsinə görə fərqli və düzülmüş üzləri var.

Araşdırmaya görə, əsgərlərin bütün hissələri ayrı-ayrılıqda hazırlanıb və məzara qoyulmazdan əvvəl birləşdirilmişdi. Belə real əsgər fiqurları yaratmaq yalnız istedadlı rəssamların və sənətkarların bacara biləcəyi bir iş idi. Digər tərəfdən, ordudakı əsgərlər əsl qılınc, yay və oxlarla təchiz edilmişdi.

Həmin məzar kompleksi hər il milyonlarla turist tərəfindən ziyarət edilir. Bundan əlavə, dünyanın ən önəmli muzeylərində zaman-zaman bu fiqurlar sərgilənir.


Müəllif: Mənsur Rəğbətoğlu