5 İyul 2022 11:55
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın sevimli tikililərindən olan Eyfel qülləsi ilə bağlı ciddi iddia irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, iddianın mənbəyi isə Fransada nəşr olunan “Marianne” jurnalıdır.

Nəşr Eyfel qülləsinin paslandığını, qəzalı durumda olduğunu yazıb. İnşası 1889-cu ildə tamamlanan Eyfel qülləsinin ciddi təmirə ehtiyacının olduğu deyilib. Nəşrin iddiasına görə, bunun əvəzinə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün sadəcə kosmetik dəyişiklik edilir.

“Marianne” müdaxilə edilməsə, Eyfel qülləsinin aşa biləcəyini bildirib.

Adı açıqlanmayan mütəxəssis jurnala baş verənlər haqda belə deyib: “Qustav Eyfel bura gəlsə, infarkt keçirərdi”.

Qustav Eyfel qülləsinin hər 7 ildən bir rənglənməli olduğunu söyləmişdi. Hündürlüyü 324 metr olan 7300 tonluq dəmir qüllə 1889-cu ildə keçirilən dünya sərgisi üçün tikilib.

Qüllənin dizaynını verən və inşasını həyata keçirən mühəndis paslanmanın tikintinin uzunömürlülüyünə ən böyük problem yaradacağını demişdi:

“Boya metal konstruksiyanı qorumaq üçün əvəzolunmazdır və bunu edərkən diqqətli olmaq onun uzunömürlülüyünün yeganə təminatıdır”.

Mütəxəssislər bildirirlər ki, Eyfeldə görülən kosmetik iş sonda yaxşı nəticə verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu