5 İyul 2022 18:37
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aerokosmik Agentliyinin (NASA) rəhbəri Bill Nelsonun Çinin Ayı hərbi proqram çərçivəsində ələ keçirə biləcəyini söyləməsindən sonra Amerika-Çin münasibətləri yenidən gərginləşib.

Teleqraf.com xəbər verir ki, Nelson “Bild”ə müsahibəsində Çini Ayı işğal etməkdə ittiham edib.

“Çinin Aya enib “İndi bura bizimdir, siz uzaq durun” deyəcəyindən çox narahatıq”, - NASA rəhbəri bildirib.

Onun sözlərinə görə, Çinin kosmik proqramı hərbi xarakter daşıyır və Pekin başqalarından ideya və texnologiya oğurlayır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian Nelsonun ittihamına sərt reaksiya verib:

“ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi rəhbərinin faktlara məhəl qoymaması və Çin haqqında məsuliyyətsiz danışması ilk dəfə deyil. ABŞ Çinin normal və məqbul kosmik fəaliyyətlərinə qarşı davamlı qarayaxma kampaniyası aparır. Çin bu cür məsuliyyətsiz bəyanatlara qəti şəkildə qarşı çıxır”.

Lijian qeyd edib ki, Çin həmişə kosmosda bəşəriyyət üçün birgə gələcəyin qurulmasını dəstəkləyib və kosmosda istənilən silahlanma yarışına qarşı çıxıb. O, Ayı işğal etmək niyyətlərinin olmadığını bildirib.

NASA “Artemida” proqramı çərçivəsində 2024-cü ildə Ayın orbitinə ekipajlı kosmik gəmi göndərməyi, 2025-ci ilə qədər Yeri təbii peykinin cənub qütbünə ekipajlı eniş etməyi planlaşdırır.

Çin son on ildə kosmos yarışında sürətini artırıb və diqqətini Ayın tədqiqinə yönəldib. Çin ilk dəfə 2013-cü ildə Aya ekipajsız eniş edib. Təxminən on il sonra Aya insanlı uçuş həyata keçirməyi hədəfləyir. Çin həmçinin Ayın cənub qütbünə ekipajsız uçuşlar planlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu