25 İyul 2022 17:53
1 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən şahmat turniri zamanı robot yeddi yaşlı rəqibinin barmağını sındırıb.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə dörd nəfərin uşağı xilas etməyə çalışdığı görünür.

Moskva Şahmat Federasiyasının rəhbəri Sergey Lazarev bildirib ki, robot yarış üçün xüsusi olaraq icarəyə götürülüb:

“Bizim icarəyə götürdüyümüz robot uzun müddətdir ki, bir çox yerdə mütəxəssislərlə birgə nümayiş etdirilir. Uşaq hərəkət etdi və bundan sonra robotun cavab verməsi üçün vaxt verməli idik. Amma uşaq tələsdi və robot onun barmağını sındırdı. Bu, əlbəttə ki, pisdir, amma bizim robotla heç bir işimiz yoxdur”.

Lazarev ailənin prokurorluqla əlaqə saxlamaq istədiyini qeyd edib: “Biz ailə ilə danışıb bu problemi həll etməyə çalışacağıq və bacardığımız qədər ailəyə kömək edəcəyik. Robot operatorları yəqin ki, bunun bir daha baş verməməsi üçün lazımi tədbirləri görəcəklər".

Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smaqin isə açıqlamasında belə bir hadisənin ilk dəfə baş verdiyini deyib:

“Ciddi heç nə baş verməyib. Uşaq sonradan mükafatlandırma mərasimində də iştirak edib. Uşaqla bağlı hər şey qaydasındadır. Bəzi təhlükəsizlik qaydaları var və görünür, uşaq onları pozub. Hərəkət edəndə gözləməli olduğunu başa düşmədi”.

Robotun təxminən 15 ildir şahmat oynadığını deyən Smagin faktı nadir bir hadisə kimi qiymətləndirib.


Müəllif: Yeganə Oqtayqızı