17 Avqust 2022 10:29
2 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən “Türk-Amerika” təhlükəsizlik fondunun (TASFO) “12 ayda 12 müsahibə: Qondarma erməni soyqırımı haqqında gerçəklər” rubrikasının qonağı türkiyəli tarixçi Akgün Bilgindir.

Teleqraf.com TASFO rəhbəri Fatih Özonurun Akgün Bilginlə müsahibəsini ixtisarla təqdim edir.

- Qondarma erməni soyqırımı ilə bağlı xarici arxivlər üzrə araşdırmalarınız varmı, varsa, diqqətinizi ən çox çəkən olaylar hansılardır?

- Türkiyə və ABŞ-ın hüquq tarixində bir ilk olan “Cinayət və Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizədə ABŞ və Türkiyə arasında hüquqi yardımlaşma” adlı kitabımdakı “Türkiyə və ABŞ arasında cinayətkarların ekstradisiyası” fəslinin hazırlanması üçün üç il erməni məsələsi mövzusunda dövlət arxivlərində araşdırma aparmışam. Çünki 1830-cu ildən bəri - 192-ci illik tarixdə iki ölkə arasında ermənilər həmişə problem olub. İki ölkə arasında cinayətkarların ekstradisiyasını tədqiq edərkən, erməni məsələsini də araşdırmaq lazım idi.

Osmanlı İmperiyası altı yüz il fərqli inanclara və etnik kimliklərə sayğılı yanaşan çoxmədəniyyətli toplumdan ibarət idi. 1830-cu ildə ABŞ-la Osmanlı arasında ticarət anlaşması imzalandıqdan sonra Qərbdən Anadoluya xristian missionerləri gəlməyə başladı. Bununla yanaşı, növbəti illərdə millət-dövlətçilik anlayışını aradan qaldırmaq üçün İstanbulda mason lojaları açıldı. Qərbin məqsədi Osmanlı İmperiyasını müsəlman-türk idarəetmə sistemindən çıxararaq onlara beyət edəcək xristian qəhrəmanları yaratmaq idi. Şübhəsiz ki, bu layihə üçün ən əlverişli millət Osmanlıda yaşayan xristianlar arasında ən çox əhalisi olan ermənilərdi. Osmanlı İmperiyası və dövlətini dağıtmaq, eləcə də siyasi-iqtisadi maraqlarını təmin etməyə çalışan xristian ölkələri eyni torpaqlarda türklərlə dostluq içində yaşayan ermənilərdən istifadə etdilər. Onları öz məqsədləri istiqamətinə yönəltdilər.

Osmanlıda yaşayan ermənilər hərbi xidmət və qismən vergidən azad edilmiş, ticarət, sənətkarlıq, əkinçilik və idarəetmə sahələrində mühüm yerlərə gətirilmişdi. Osmanlı ərazisində qanuni toxunulmazlıq və imtiyazları olan ABŞ, Fransa, İngiltərə və Rusiya kimi ölkələr Osmanlı ermənilərinə vətəndaşlıq verməklə onlar üçün “müdafiə qalxan” rolunu oynamışdılar.

Beləliklə, 1850-ci ildən sonra ermənilərin 29-u Osmanlı rəhbərliyində general rütbəsi alıb, 22-si nazir, 33-ü millət vəkili (Məclisi Məbusan üzvü), 7-si səfir, 11-i isə baş konsul vəzifələrində olub. Bundan əlavə, ermənilər müxtəlif dövlət qurumları və təşkilatlarında vəzifələr tutublar, ticarətin önəmli sahələrində söz sahibləri olublar.

Osmanlı İmperiyasının yaranmasından dağılmasına qədər - əsrlər boyu ermənilər həmişə sərbəst yaşayıblar. Ancaq 1789-cu il Fransa İnqilabının millətçilik anlayışı ilə 1850-ci ildən başlayaraq cəmiyyətdə sərbəst yaşamaq, ticarətlə məşğul olmaq və toplumda yüksəlmək erməniləri qane etmədi.

Birinicisi 1780-ci ildə olmaqla ard-arda 1782, 1808, 1819, 1829, 1832, 1836, 1840, 1842, 1846, 1850 və 1853-cü illərdə üsyan qaldırdılar. 1862-ci ildə Osmanlıdakı Zeytun erməniləri dövlətin qanunlarına qarşı üsyan etdilər. 1860-cı ildən sonra isə müstəqil dövlət yaratmaq məqsədlərinə böyük dövlətlərin diqqətini cəlb etmək və Osmanlıda sabitliyi pozmaq üçün ayağa qalxdılar. Ermənilər bu qiyamlarda yüzlərlə müsəlman-türk kəndlərinə basqın etdilər və minlərlə türk kəndlini qətlə yetirdilər. Eyni zamanda, ermənilər 24 aprel 1877-ci il tarixində Osmanlı və Rus imperiyaları arasında başlayan müharibədə rusların tərəfində iştirak etdilər. Bu prosesi 1878, 1895 və 1914-cü illərdəki erməni üsyanları izlədi.

Birinci Dünya Müharibəsindən əvvəl yunanlar, bolqarlar və serblər Osmanlıdan müstəqillik əldə etdikdən sonra ermənilər də müstəqillik qazanmaq üçün İstanbuldan Vana qədər birliklər yaratmağa və silahlanmağa başladılar. 1915-ci ilin martında Rusiya Şərqi Anadoluya daxil olduqda rusların dəstəyini alan ermənilər 1915-ci il aprelin 11-də Vanda üsyan qaldırdılar. Üsyan Vandan Anadoluya yayıldıqda Osmanlı köçürmə (deportasiya) qərarı verdi. Qərar yalnız pravoslav ermənilərə şamil edilmiş, qiyamda iştirak etməyən katolik və protestant ermənilər deportasiya qərarından kənarda saxlanılmışdılar. Qiyam digər bölgələrə yayıldıqda Osmanlı 24 aprel 1915-ci il tarixində Anadoludakı bütün erməni dərnəklərinin bağlanılmasına qərar verdi və qiyama dəstək verən İstanbuldakı 200-ə yaxın erməni ziyalısını Çankırı və Ayaşa göndərdi.

24 apreldə sürgün olunanlar sonralar sağ-salamat İstanbula qayıtmışdılar. Eyni zamanda, bu qiyam və iğtişaşlarda iştirak edən, öz millətini soyan, oğurluq edən, qətllər törədən ermənilər ABŞ pasportları ilə Amerikaya qaçırıldılar. Ermənilər ABŞ-da “məzlum xalq” obrazı yaratdıqca ictimaiyyətin və dövlətin diqqətini çəkmiş, ianələr toplanmış və bunun qaymaqlarından bəhrələnmişdilər. ABŞ və Türkiyənin dövlət arxivlərində minlərlə erməni cinayətkarının ekstradisiyasına dair sənədlər var.

Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlıda yaşayan pravoslav ermənilər pravoslav Rus İmperiyası uğrunda qiyama qalxdılar. Ümumiyyətlə, ermənilər XIX əsrin ikinci yarısından başlayaraq Çar Rusiyasının Osmanlı İmperiyasını parçalamağa yönəlik siyasətinə dəstək verərək, həmişə Osmanlı İmperiyası üçün ciddi təhlükəsizlik problemi olublar. Qurbanları daha çox müsəlmanlar olan bölgələrdə bu qruplaşmaların separatçı fəaliyyətləri, terror aktları və qırğınları bu təhlükənin o dönəmdə idarəolunmaz həddə çatdığını göstərir.

Birinci Dünya Müharibəsi illərində erməni radikalları etnik cəhətdən homogen Ermənistan yaratmaq məqsədilə işğalçı rus ordusunun sıralarına qoşuldular. Bu imperialist məqsəd naminə müsəlman kəndlərinə basqın etməkdən, milyonlarla müsəlman türkü öldürməkdən heç vaxt çəkinməyiblər. Türkiyə arxivlərində türklərə qarşı törədilən bu qırğınlara dair sənədlərə rast gəlmək mümkündür.

1862-ci ildə Osmanlı İmperiyasında Zeytun üsyanları ilə başlayan və dövlət qurmaq məqsədilə türklərə qarşı törədilən soyqırımı ört-basdır etmək istəyən ermənilər törətdikləri cinayətlərdən qurtulmaq üçün saxta sənədlər hazırlamışdılar. Yaratdıqları “qurban ədəbiyyatı” və saxta sənədlərlə ictimai rəy formalaşdırmağa və bunu idarə etməyə çalışmışdılar.

Birinci Dünya Müharibəsindən əvvəl, müharibə zamanı və sonrasında konyuktur xaosunun yaratdığı travmalar nəticəsində 16 milyon insan həlak olub, 20 milyon insan isə Osmanlı, Rus və Avstriya-Macarıstan imperiyalarının süqutu ilə köç etmək məcburiyyətində qalıb. Ermənilərin 1915-ci il olayları ilə bağlı iddiaları da Birinci Dünya Müharibəsi illərinə təsadüf edir. BMT-nin 1948-ci il tarixli “Soyqırımı Cinayətlərinin qarşısının alınması və Cəzalandırılması Konvensiyası”na görə, bu iddialar soyqırımı deyil, müharibə cinayətkarları çərçivəsində qiymətləndirilməlidir.

Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının hərbi komandanlığı Almaniya Baş Qərargahına tabe idi. Müharibədə Osmanlının baş qərargah rəisi Fritz Bronsart fon Şelendorf, Üçüncü Ordu Komandanlığının qərargah rəisi Feliks Qus, general Otto fon Lossov, general Freyherr Kress fon Kressenşteyn, general Liman fon Sanders, general Freyherr Koltmar, general Hans fon Sekt, polkovnik Karl Mühlman, Almaniya hərbi attaşesi və dəniz piyada mayoru Hans Humann və digər 500 alman zabiti ermənilərin məcburi köçü zamanı Türkiyə ərazisində və qərar qəbuledici orqanlarda vəzifədə idilər.

Beləliklə, Birinci Dünya Müharibəsi illərində Osmanlının türk qoşunlarına tamamilə Almaniya Baş Qərargahının rəhbərlik etdiyini desək, mübaliğə olmaz. Avstriya-Macarıstan hərbi attaşesi general Jozef Pomyankovskinin iki hesabatında qeyd etdiyi kimi, “Türk Silahlı Qüvvələri 1915-ci ildən etibarən Almaniyanın Baş Qərargahının tabeliyinə keçdi”. Hesabatlarda bunu Osmanlının baş qərargah rəisi olan alman general Fritz Bronsart fon Şelendorf dilə gətirir.

Erməni professor Vaaqn Norayr Dadryan “Erməni soyqırımının tarixi: Balkandan Anadolu və Qafqaza qədər etnik münaqişə” adlı kitabında baş qərargah rəisi Fritz Bronsart fon Şelendorfu “ermənilərin deportasiyası planının əsl təşəbbüskarı” adlandırır. Almaniyanın “Allgemeine Missions Zeitschrift” qəzetinin müəlliflərindən biri, professor Yuli Rixterin alman zabitləri ilə apardığı söhbətlərinə görə, etibarsız ermənilərin sərhəd bölgələrindən köçürülməsi almanlar tərəfindən türklərə təklif edilib.

- İndi ermənilərin iddiası “soyqırımı”dır, yoxsa “müharibə cinayəti”? Tarixdə belə bir iddiaya konkret sübut ola biləcək hüquqi və tarixi sübutlar varmı?

- Sayks-Piko müqaviləsinin memarlarından biri Mark Sayks 1915-ci ildə Londonda nəşr olunan “Xəlifənin son irsi: Türk imperiyasının qısa tarixi” adlı kitabında erməniləri “bədbəxt olmağa məhkum xalq” adlandırır. Sayksa görə, bunun əsas səbəbi öz aralarındakı problemli münasibətlərdir. Üstəlik, Sayks kitabında ermənilərlə türklərin oxşar həyat tərzinə malik olsalar da, bundan sonra onların bir yerdə yaşamasının mümkün olmadığını iddia edir: “Vəziyyət getdikcə dözülməz olur, qarşılıqlı qorxu və şübhə artır. Sonunu tam görə bilmirəm. Tərəflərdən birinin məcburi yerdəyişməsi mənim qəbul edə biləcəyim yeganə həll yoludur”.

Bundan əlavə, İstanbulu işğal edən ingilislər 1919-cu ilin mayında Birinci Dünya Müharibəsinə qatıldıqdan sonra Malta adasına sürgün etdikləri Osmanlının 145 rəhbər şəxsi, zabitləri, görkəmli şəxsiyyətləri və ziyalılarını “erməni hadisələrinin şahidi” və “hərbi cinayətkar” kimi mühakimə etmək istədilər. Məhkəməni beynəlxalq səviyyəyə çıxarmaq istəsələr də, bunu edə bilmədilər. Məhkəmə Sevr sülh müqaviləsinin “erməni qətliamı” ilə bağlı iddiaların yer aldığı 230 və 231-ci maddələrinə əsaslanırdı.

Dəstək gözlədikləri digər dövlətlər (xüsusən də Fransa, Rusiya, Almaniya və ABŞ) konkret sübutları olmadığı üçün məhkəməyə qatılmadılar və geri çəkilərək ingilisləri tək qoydular.

Məntiqlə gələcəkdə ABŞ, Fransa, Rusiya kimi dövlətlərin rəsmi arxiv sənədlərində, yazışmalarında, sonradan üzə çıxacaq Almaniya arxivlərində mütləq “ittiham” ortaya çıxaracaq sübutlar olmalıydı. Ermənilərin ümidi oraydı. Ancaq bu ölkələrdən “soyqırımı” və ya “müharibə cinayətləri” mövzularını işıqlandırmaq üçün ciddi heç nə gəlmirdi, heç nə tapılmadı. Beləliklə, sonda ermənilərin heç bir hüquqi sübutu olmadı. Türklərin məsumluğu göz qabağındaydı.

“Malta prosesi”nin saxta ittihamlarla aparıldığının üzə çıxa, bu cür iddiaların gələcəkdə Britaniyanın ədalət ənənəsinə xələl gətirə və ingilis qanunlarını ləkələyə biləcəyi düşünüldüyü üçün məhkəmə davam etdirilmədi. İngiltərə Baş Prokurorluğu 21 iyul 1921-ci il tarixində dəlil və sübut olmadan heç bir məhkəmə prosesinin aparıla bilməyəcəyinə qərar verdiyi üçün İngiltərə məhbusları azad etməli oldu. İttihad və Tərəqqi Komitəsinin rəhbərləri ermənilərə qarşı kobud rəftar, onları kütləvi şəkildə qırmaq kimi əsassız ittihamlardan yaxa qurtardılar və bu məsələlərlə bağlı iddialardan təmizləndilər.

Britaniya baş prokuroru həmçinin “İstanbul tipli məhkəmə prosesi”nin keçirilməsinin düzgün olmadığını, məhkəmə üçün əsl dəlil və şahidlərin lazım olduğunu bildirmişdi. Bununla bağlı həbs edilmiş dövlət məmurları, hərbçilər, ziyalılar, jurnalistlər, yazıçılar, siyasətçilər, din xadimləri sərbəst buraxıldı. Nəticədə məlum oldu ki, ermənilərin soyqırımı iddiaları ilə bağlı mühakimə olunacaq cinayət yoxdur. Üstəlik, məhkəməni aparan ingilislər Henri Harkort və Hayd Klarkın 1865-ci ildə Londonda nəşr etdirdiyi “Türklərin məhv edilməsi və xristianların artmasına dair proqnozlar” adlı kitab anti-türk siyasətini legitimləşdirdi.

“Erməni soyqırımı” tezisinin aparıcı müdafiəçilərindən biri olan Vaaqn Norayr Dadryan kimi, Mustafa Kamal Atatürkün 1926-cı il avqustun 1-də “Los Angeles Herald Examiner” jurnalına verdiyi iddia edilən saxta müsahibələr hazırlayan ermənilər indi də Osmanlının varisi Türkiyəni məsul tutmaq üçün 1915-1918-ci illər hadisələrini 1923-cü ilədək “gətirməyə” çalışırlar. Bu çərçivədə də Türkiyədən torpaq qoparmaq niyyətlərini gizlətmirlər.

- Necə düşünürsünüz, bütün dünyaya qondarma erməni soyqırımının əslində Türkiyəni parçalamaq layihəsi olduğunu necə bildirməliyik?

- Bunun ən sadə və ən bariz nümunəsi PKK-dır. 1980-ci illərin əvvəllərində erməni ASALA terror təşkilatı bitdikdən sonra - 80-ci illərin ortalarında Türkiyədə PKK adlı terror təşkilatı yaradıldı. Bunun lideri və qurucusu kimdir? Atası erməni olan Abdullah Öcalandır.

Bundan başqa, indiyədək zərərsizləşdirilən minlərlə təşkilat lideri erməni olub. PKK yaranandan bəri onun erməni təşkilatları ilə əlaqələri həmişə gündəmdə olan məsələdir. Xüsusilə xaricdə türk diplomatlarını qətlə yetirmiş ASALA ilə əlaqələri ilə bağlı xəbərlər uzun müddətdir ki, mətbuatda müzakirə edilir, həm də təhlükəsizlik orqanlarımızın açıqlamalarında öz əksini tapır.

2020-ci ildə Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibədə erməni hərbçi Albert Mikaelyan Qarabağda Ermənistan tərəfində 300 PKK terrorçusunun döyüşdüyünü etiraf edib. Belə dəlillər bizə PKK-nın ermənilərlə əlaqədə olduğunu göstərir. Bundan başqa, PKK kürdlər və terrordan Türkiyədən torpaq qoparmaq üçün alət kimi istifadə edərək, 1980-ci il aprelin 21-28-ni “Qırmızı həftə”, 24 apreli isə “Erməni soyqırımı günü” elan edib.

8 aprel 1980-ci il tarixində PKK və ASALA Livanın Sidon şəhərində birgə mətbuat konfransı keçirib. Abdullah Öcalan “Böyük Ermənistan” ideologiyasına verdiyi töhfələrə görə Ermənistan Yazıçılar Birliyi tərəfindən “fəxri üzv” seçilib. 4 iyun 1993-cü il tarixində PKK-nın Beyrutdakı qərargahında Ermənistan “Xınçak” Partiyası, ASALA və PKK terror təşkilatlarının üzvləri toplantı keçirib. Bütün bunlar PKK və ASALA-nın “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə birlikdə hərəkət etdiyini göstərir.

Qondarma soyqırımı iddiaları Türkiyənin xarici siyasətini daim təzyiq altında saxlayır, bəzi dövlətlərin Türkiyəyə psixoloji təzyiq göstərməsinə imkan yaradır və Türkiyənin Avropa İttifaqına üzvlüyünə əngəl yaradır. Son illərə nəzər saldıqda görürük ki, Qərbin 1830-cu ildə başlatdığı “Türkiyəni müsəlman-türk inzibati idarəçilik sistemindən çıxararaq onlara beyət edəcək xristian qəhrəmanlar yaratmaq” layihəsi dirildilib. Qərargahı ABŞ-da yerləşən FETÖ – Fəthullahçı Terror Təşkilatının 15 iyul çevriliş cəhdi uğursuzluğa düçar olanda bu dəfə Türkiyə siyasətində kripto-xristian siyasətçiləri ön plana çıxarmağa və dəstəkləməyə çalışırlar.

- Qondarma soyqırımı iddialarını ifşa etməyin ən yaxşı yolu Türkiyə ilə eyni vaxtda arxivlərin açılması olsa da, Ermənistan bundan yayınır. Sizcə, Ermənistanın arxivlərini açmamasının səbəbi iddialarının yalan olmasından çox daha böyük bir şey ola bilərmi?

- Birincisi, diaspor erməniləri “soyqırımı” iddiaları gündəmdə qaldığı müddətcə “qurbanlıq ədəbiyyat”dan maddi və mənəvi bəhrələnir. İkincisi, ABŞ-ın o zamankı prezidenti Vudro Vilsonun 1920-ci il noyabrın 22-də Sevr müqaviləsinə uyğun olaraq ermənilərə vəd etdiyi Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərinin Ermənistana verilməsi qərarını həyata keçirmək istəyirlər. Üçüncüsü, ermənilər Rusiyanın isti dənizlərə çıxmaq planında “mühüm missiya”nı öz üzərlərinə götürdüklərinə inanırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər