Günəş sisteminin ən böyük planeti olan Yupiter sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.
Bu barədə Teleqraf.com-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.
Bakıdan Yupiter sentyabrın 26-da saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olacaq. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.
Səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə “Yupiterin böyük qarşıdurması” adlanır. Yupiter periheli nöqtəsində 2023-cü il yanvarın 19-da olacaq.
“Böyük qarşıdurma”nın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu hadisə zamanı Yupiter Yerə minimum məsafədə yaxınlaşır, bu məsafə 3.95 astronomik vahid və ya 591 295 396 kilometr, Yupiterin bucaq ölçüsü 49.87, parlaqlığı isə demək olar ki, -2,94 ulduz ölçüsü təşkil edir. Yupiter gecə səmasında Ay və Veneradan sonra üçüncü ən parlaq obyekt olacaq.