16 Oktyabr 2022 09:34
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin may ayında III Çarlzın tacqoyma mərasimində Kamilla Parker-Boulz çətin ki, kraliça ananın tacını - 105 karatlıq əfsanəvi “Kohinoor” almazı ilə geyə bilsin.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb isə eyni anda bir neçə ölkənin iddia etdiyi almazla bağlı qalmaqaldır.

Almaz hələ 13-cü əsrdə Hindistanda tapılıb və bu müddət ərzində onun sahibi bir neçə dəfə dəyişib: daş oğurlanıb, satılıb, əldən-ələ keçib. Bunu Hindistan, Pakistan, İran və Əfqanıstan hökumətləri iddia edir.

1850-ci ildə daş İngiltərəyə gətirilib və şəxsən kraliça Viktoriyaya məxsus olub, lakin Hindistanda daşın mülkiyyəti barədə mübahisələr səngimək bilmir. Daşın 10 yaşlı imperator Duleep Sinkx tərəfindən kraliçaya hədiyyə olunduğu güman edilsə də, bəzilərinin fikrincə, bu hadisə imperatorun anasının əsir götürülməsindən sonra baş verib.

1937-ci ildə almaz Kral VI Georgenin həyat yoldaşı, Elizabetin tacını bəzəyib. O, həmçinin 2800 başqa almazla bəzədilib. Elizabet bu tacı bir neçə dəfə, o cümlədən 1953-cü ildə qızı II Elizabetin tacqoyma mərasimində taxıb.

Son illərdə "Kohinoor" Böyük Britaniya tərəfindən bir növ müstəmləkəçiliyin simvoluna çevrildi: keçmiş koloniyaların sakinləri bunu Böyük Britaniyanın onlardan əldə etdikləri ilə müqayisə edirlər.

Xatırladaq ki, müstəmləkəçiliklə bağlı siyasi qalmaqallar son illərdə daha da artıb: Şahzadə Uilyam və Keyt Middlton Karib dənizinə səfərləri zamanı tez-tez belə ittihamlarla üzləşiblər.

III Çarlz köhnəlmiş rituallardan imtina edir

Qeyd edək ki, III Çarlzın tacqoyma mərasimi ənənəvi ayinlər daxil olmaqla, daha müasir formada həyata keçəcək. Mütəxəssislər iddia edirlər ki, mərasim 1953-cü ildə II Elizabetin tacqoyma mərasimindən qat-qat təvazökar olacaq. Belə ki, III Çarlz mərasimin müddətini, qonaqların siyahısını azaltmaq və bəzi köhnəlmiş rituallardan imtina etmək niyyətindədir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər