Avstriyada ailə qəbiristanlığında tapılan mumiyalanmış körpənin ölüm səbəbi 400 ildən sonra məlum olub.
Teleqraf.com xəbər verir ki, körpə haqqında məlumat virtual yarılma yolu ilə əldə edilib.
Yenicə yeriməyə başlayanda vəfat edən körpənin avstriyalı nüfuzlu bir qrafın ilk övladı olduğu bildirilib. Araşdırmada varlı bir ailədə doğulmasına baxmayaraq körpənin normal qidalanmadığı və pnevmoniyaya tutulduğu aşkarlanıb.
Qəbiristanlıqda adı açıqlanmayan yeganə tabutun körpəyə məxsus olduğu deyilib.
Alman elm adamı Andreas Nerliç və onun tədqiqat komandası yeni texnologiyalarla körpənin qalıqlarını virtual yarılma və radiokarbon testindən keçirib.
Nerliç tədqiqatla bağlı deyib: “Bu, sadəcə bir olaydır. O dövrdə erkən uşaq ölümləri geniş yayılmışdı. Bu tapıntılar bunun daha yüksək siniflərdə də baş verdiyini göstərir”.
Dişləri çıxmış mumiyanın uzun sümüklərinə baxan komanda körpənin öldüyü zaman bir yaşında olduğunu deyib. Körpənin oğlan olduğu, yaşına görə çəkisinin bir qədər artıq olduğu bildirilib.
Uşağın qabırğalarında şiddətli raxit və sinqa xəstəliyində müşahidə olunan “raxitik təsbeh” adlı sindrom görülüb. Kilolu olmasına baxmayaraq, onun düzgün qidalanmadığı vurğulanıb.
Araşdırma zamanı məlum olub ki, o dövrdə raxit olan uşaqlar pnevmoniyaya qarşı həssas olublar. Bundan əlavə, tədqiqatçıların fikrincə, bir çox hallarda normal qidalanmama erkən ölümlərə səbəb olub.