Bu yaxınlarda podkastda iştirak edən məşhur rejissor Rayan Merfi illər sonra dünya şöhrətli müğənni Madonna ilə bağlı maraqlı etiraflar edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Rayan Merfi Madonnaya yalan danışdığını deyib.
"Mən Nyu Yorka uçdum və Madonna ilə ilk dəfə görüşəcəkdim. Tom Rozenberqlə birgə liftlə yuxarı qalxırıq, birdən o mənə sarı dönüb, soruşdu: Ad günün nə vaxtdı?. Sualı tam anlamadım, Tom yenə təkrar etdi. "Ad günün nə vaxtdır?" Mən "9 noyabr" dedim. O soruşdu: "Əqrəbsən?" Dedim, bəli. Dedi, Madonnaya bunu demə, çünki səni işə götürməz. Bunun nə demək olduğunu ondan soruşdum. Dedi, ona əqrəb bürcü olduğunu qəti demə, de ki, başqa bürcdənsən. Sonra Madonna ilə görüşdüm. O məndən soruşdu: "Nə vaxt doğulmusan?". Tomun məsləhətinə əməl etdim, və Madonnaya anamın ad günü tarixini - sentyabrın 3-nü söylədim. O da “Oh, sən Qız bürcüsən" dedi. Biz foyeyə enəndə işə götürüldüyüm xəbəri gəldi. Əqrəb məsələsini heç başa düşmədim, bəlkə də aralarında zarafat idi, amma çox gülməli vəziyyət yaranmışdı"- deyə rejissor bildirib.