Süni intellektin (AI) “xaç atası” kimi tanınan Cefri Hinton bu sahədəki inkişafın artan təhlükələri barədə xəbərdarlıq edərək işini tərk edib.
Teleqraf.com "Azərtac"a istinadla xəbər verir ki, 75 yaşlı Cefri Hinton "New York Times" qəzetinə verdiyi açıqlamada Google-dan istefa verdiyini bildirib və gördüyü işdən peşman olduğunu söyləyib. O qeyd edib ki, AI çatbotları ilə bağlı bəzi təhlükələr "olduqca qorxuludur”. Texnologiya üzrə mütəxəssis əlavə edib: “İndi bu çatbotlar bizdən daha ağıllı deyillər, amma düşünürəm ki, tezliklə olacaqlar. Mənim 75 yaşım var, ona görə də təqaüdə çıxmaq vaxtıdır”.
Qeyd edək ki, C.Hintonun neyron şəbəkələri və dərin öyrənmə üzrə qabaqcıl tədqiqatı ChatGPT kimi hazırkı süni intellekt sistemləri üçün yol açıb. Süni intellektdə neyroşəbəkələr məlumatı öyrənmə və emal etmə üsulu ilə insan beyninə bənzəyən sistemlərdir. Onlar süni intellektlərə insan kimi təcrübədən öyrənməyə imkan verir. Buna dərin öyrənmə deyilir. Britaniya-kanadalı idrak üzrə psixoloq və kompüter alimi olan Hinton bildirib ki, çatbotlar insan beyninin saxladığı məlumat səviyyəsini tezliklə ötüb keçə bilər. O qeyd edib: "Hazırda gördüyümüz ondan ibarətdir ki, GPT-4 insanı ümumi bilikləri həcmində əvəz edir və daha çox bilik toplayır. Bu, mühakimə baxımından o qədər də yaxşı deyil, amma reallıqdır. Tərəqqi sürətini nəzərə alsaq, hər şeyin kifayət qədər sürətlə inkişafını gözləyirik. Buna görə də bu barədə narahat olmalıyıq."
“New York Times”ın məqaləsində bildirilir ki, C.Hinton bəzi destruktiv ünsürlərin süni intellektdən "pis şeylər" üçün istifadə etməyə çalışacağını deyib. "Bu, sadəcə olaraq ən pis vəziyyət ssenarisidir, bir növ kabus hekayəsidir, -deyə mütəxəssis əlavə edib. O vurğulayıb ki, dünyanı məhv etmək istəyən siyasətçilər də öz məqsədlərinə çatmaq üçün AI robotlarından istifadə edə bilərlər.
Süni intellektin inkişaf edən zəka növünün fərqli olduğunu bildirən alim deyib: “Mən belə qənaətə gəldim ki, biz bioloji sistemlərik və bunlar rəqəmsal sistemlərdir və böyük fərq ondadır ki, rəqəmsal sistemlərlə eyni çəkilər komplektinin, dünyanın eyni modelinin çoxlu versiyaları mövcuddur. Bütün bu versiyalar ayrı-ayrılıqda öyrənilə bilər, AI isə öz biliklərini dərhal paylaşa bilər. Beləliklə, sərəncamınızda sanki 10 min adamınız var idi və bir nəfər bir şey öyrənəndə hamı bunu avtomatik olaraq bilirdi. Bunun anlamı odur ki, bu çatbotlar hər hansı bir insandan daha çox şey bilə bilər."
Böyük Britaniyanın Qabaqcıl Tədqiqat və İxtira Agentliyinin sədri Mett Klifford bununla bağlı deyib ki, C.Hintonun açıqlaması "süni intellekt imkanlarının sürətindən narahatlığı ifadə edir. Onun sözlərinə görə, bu texnologiyanın böyük üstünlüyü var, lakin dünyanın süni intellekt təhlükəsizliyi və nəzarətinə böyük və təcili sərmayə qoyması vacibdir.
Google şirkətinin baş mütəxəssisi Ceff Den bu məsələlərlə bağlı verdiyi açıqlamada deyib: "Biz süni intellektə məsuliyyətli yanaşma prinsipinə sadiq qalırıq. Biz cəsarətlə yeniliklər etməklə yanaşı, daim ortaya çıxan riskləri dərk etməyi öyrənirik."
Xatırladaq ki, bundan əvvəl milyarder İlon Mask, AI-nin digər “xaç atası” Yoşua Benhio da süni intellekt sahəsində sürətli inkişafın təhlükəli olması barədə xəbərdarlıq ediblər.