27 İyul 2023 10:51
3 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çindəki diametri 500 metr olan dünyanın ən böyük və ən həssas radioteleskopu (FAST) fəaliyyətə başladığı 2016-cı ildən bəri 800-dən çox yeni pulsar aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə teleskopun operatoru olan Çinin Milli Astronomiya Rəsədxanası açıqlama yayıb. Teleskopun baş mühəndisi Cian Pen deyib ki, FAST-ın sözügedən dövrdə aşkarladığı pulsarların sayı xaricdəki bütün teleskopların aşkarladığı pulsarların ümumi sayından 3 dəfə çox olub.

Pulsarların müşahidəsi qravitasiya radiasiyasının və qara dəliklərin mövcudluğunu təsdiqləmək üçün vacib bir vəzifədir.

Qeyd edək ki, Çinin cənub-qərbindəki Quycou vilayətində dağlıq ərazidə yerləşən nəhəng radioteleskopun perimetri 1,6 kilometrdir. Rəmzi olaraq “Səma gözü” adlandırılan teleskopun səthi təxminən 30 futbol meydançasının ümumi sahəsinə bərabərdir. Teleskopun inşası üçün onun yerləşdiyi ərazidən 5 kilometr radiusda yaşayan sakinlər başqa yerlərə köçürülüblər, 10 kilometr radiusda isə tikintiyə qadağa qoyulub. Dünyanın ən sürətli kompüterlərindən olan “Sky Eye 1” ilə əlaqələndirilən “Səma gözü” planetin ikinci böyük teleskopundan təxminən 2,5 dəfə daha çox həssasdır və saniyədə 38 giqabayt informasiya qəbul etmək iqtidarındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər