Çinli arxeoloqları imperatorun məzarında nəhəng pandanın ilk bütöv skeletini aşkar etdiklərini açıqlayıblar. Bu, 2000 ildən çox əvvəl hökmranlıq etmiş imperatorların dəfn mərasimlərinə işıq salır.
Teleqraf.com xəbər verir ki, panda skeleti e.ə. 180-157-ci illərdə hakimiyyətdə olmuş Xan sülaləsinin imperatoru Venə məxsus böyük məqbərənin yanındakı təpədə heyvan qurbanları üçün çuxurlardan birində tapılıb.
Arxeoloqlar heyvan skeletləri olan 380-dən çox düzbucaqlı çuxurlar aşkar ediblər. Bunların əksəriyyətində gil qəbir qablarında məməli heyvanlara məxsus qalıqlar tapılıb. Taxta tabutlarda sürünənlərin, gil qablarda isə quşların qalıqlarına rast gəlinib.
Vəhşi təbiət qurbanlarının müxtəlifliyi Xan hökmdarlarının statuslarının simvolu kimi qəbul edilirdi. Heyvan qurbanlarına adi məzarlarda da rast gəlinir, amma bunlar ev heyvanları, o cümlədən itlər və donuzlarla məhdudlaşır.
“Hazırda əlimizdə olan qazıntı qeydlərinə əsasən, ekzotik heyvanlar və nadir quşlar yalnız imperator, imperatriçə və onların ailə üzvlərinin məqbərələrində tapılıb. Onlar status və prestij simvolu olub”, - tədqiqatçılar deyirlər.
Kəşfdə iştirak edən elm adamlarının sözlərinə görə, imperatorun dəfn olunduğu yerdə ilk dəfədir bütöv panda skeleti aşkar edilir. 1975-ci ildə imperator Venin anası imperatriçə Bonun məqbərəsində panda kəlləsi tapılmışdı.
Tədqiqatçılar məzarda Malayziya tapirinin tam skeletini də üzə çıxarıblar. Həmçinin yak və pələng qalıqlarını.
İmperatriçə Bonun məqbərəsində kərgədan və qartal qalıqları da tapılıb.