Çoxunuz 1936-cı il iyunun 13-də çəkilmiş bu fotonu görmüsünüz. Bəs bu “cəsur insan”ın hekayəsini kim bilir?
Teleqraf.com xəbər verir ki, “Hitlerə salam verməyən adam” adıyla məşhur olan Avqust Landmesser tərsanə işçisi olub.
Landmesser bir iş tapmaq üçün 1931-ci ildə Nasist Partiyasına üzv olsa da, iki il sonra yəhudi İrma Eklerə aşiq olur.
Nasistlər cütlüyün evliliyini bəyənmir, Landmesser buna görə partiyadan uzaqlaşır. Rəsmi nikahda olmasalar da, İrma 1935-ci ilin oktyabrında uşaq dünyaya gətirir. Yəhudi qadın iki il sonra - 1937-ci ildə yenidən hamilə qalanda cütlük Danimarkaya qaçmaq istəyərkən, sərhəddə yaxalanır.
Landmesser həbs edilir, bir il sonra azadlığa buraxılmasına baxmayaraq, İrma ilə görüş qadağan olunur. Amma bu qadağaya əməl etmədiyi üçün 1938-ci ildə yenidən həbs edilir. Üç il həbs düşərgəsində qalır. Bir də İrma və qızlarını görmür.
1941-ci ildə azadlığa çıxan Landmesserin üç il sonra müharibədə həyatını itirdiyi deyilir. İrma isə 1942-ci ildə həbs düşərgəsində ölür, salamat qalan qızları dövlətə məxsus uşaq evinə verilir.