12 Sentyabr 2023 23:39
3 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Cənubi Afrika sahillərində ibtidai insanların uzun məsafələrə səyahətləri zamanı ayaqqabı geyindiklərinin ən qədim sübutu ola biləcək fosilləşmiş ayaq izlərini aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, son 15 ildə arxeoloqlar Afrika sahillərində eyni ərazilərdə atlar və insanlar da daxil olmaqla, müxtəlif onurğalı heyvanların 350-dən çox izini tapıblar. Üstəlik, tapıntılar arasında yalın ayaq izləri, barmaq izi olmayanlar da var.

Cənubi Afrikanın Nelson Mandela Universitetinin tədqiqatçısı Şarl Helmin fikrincə, yeni tapıntı ayaqqabı geyinmiş ibtidai bir insanın ayaq izi ola bilər. Elm adamları bu izləri dünyanın digər bölgələrində tapılan sonrakı izlərlə müqayisə edərək belə qənaətə gəliblər ki, orta daş dövründə bu ərazilərin sakinləri ayaqqabı tikmək qabiliyyətinə malik olublar.

Tədqiqatçılara görə, insanların əcdadları qum və ya daşlıq kimi çətin əraziləri aşmaq üçün ayaqqabıdan istifadə ediblər. Bunların həqiqətən də ayaqqabı izləri olduğunu təsdiqləmək üçün elm adamları ərazilərdə buna dair əyani sübutlar axtarırlar.

Hələ heç bir qəti dəlil tapılmasa da, elm adamları bu izlərin təxminən 70-130 min il əvvələ aid olduğunu söyləyirlər.

Helmin fikrincə, ilk insanlar paltar hazırlamaq üçün sümük alətlərindən istifadə etmək üsulunu tapıblarsa, ayaqqabılar bunun məntiqi əlavəsi ola bilərdi.

“Əldə etdiyimiz sübutlar buna işarə etsə də, hələlik bunu qəti hesab etmirik”, - arxeoloq deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər