20 İyun 15:56
16 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Luvr Müzeyində bürünc bir medal sərgilənir. Üzərində latın dilində "Atilla, Flagelum Dei", yəni "Atilla, Tanrının qılıncı" yazılır. Atilla Hun imperiyasını təkcə qələbədən qələbəyə aparan sərkərdə deyildi. O, Tanrının seçdiyi bir missiya daşıyan tarixi şəxsiyyət idi.

Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

“Döyüşə "Gök Tanrı yardımçımız olsun" sözləri ilə başlayan Atillaya bütün qələbələri Tanrı bəxş etmişdi. Qazi Osman Paşaya məxsus arxivdə paylaşdığım bu rəsm əsəri uzun illər xristian dünyasının gizlətməyə çalışdığı bir tarixi faktdır. Bu Macarıstanda ucqar kəndin kilsəsində saxlanan, Atillanın önündə diz çöküb əlinin öpən Papanın yalvarma səhnəsini əks etdirən qədim rəsm əsərdir. Bəs Papa I Leo Atillanın əlini öpüb nə xahiş etdi ki, Tanrının qılıncı Romaya hücum etmədən geri qayıdır. Bu suala cavab axtarmağa çalışaq. Atilla 452-ci ildə yüz minlik (bəzi qaynaqlar 200 min yazır) ordusu ilə İtaliyaya hücum etdi. Roma imperatoru Atillanın Romaya hücumunun qarşısını almaq üçün Papa I Leonu Atilla ilə danışıqlar aparmaq üçün göndərir. Papa ilə yanaşı Roma konsulu Avin və şəhərin prefekti (başçısı) Triqesiy də Atillanı qarşılama mərasimində iştirak edirdilər. 100-dən çox keşiş ağ kəfən geyinərək, ayaqyalın onların ardınca gəlirdi.

Görüş Ambuley çölündə, indiki Mincio İtaliyanın şimalındakı Lombardiya bölgəsində çay yanında baş tutur. Qeyd edim ki, çay Qarda gölünün əsas çıxışıdır. Sarca çayı və Qarda gölünü də əhatə edən Sarca-Mincio çay sisteminin bir hissəsidir.

Papa I Leo: "Ey yoxsulların himayəsində duran və zalımlara qarşı vuruşan! Ey böyük Atilla! Mən bütün xristianların nümayəndəsi Papa Leo qarşınızda diz çökərək yalvarıram. Romaya girməyin. Dünya xristianlarının adından səslənirəm, bizə rəhminiz gəlsin".
Atilla diz çöküb imperator tacını iki əli ilə başı üzərinə qaldıran Papaya baxıb dedi: "Ey qoca, axır ki, səni bu gün gördüm. Sən bu gün qabağımda diz çöküb yalvaracaqsan. Bu gün sənin dünya hökmranlığına son qoyub, ölkələri sənin məkrindən azad edəcəyəm. Bu, mənim tarixə sonuncu hədiyyəm olacaq".

Atillanın Papaya qulaq asaraq geri çəkilməsini Avropalılar bir neçə variantda yazırlar. Guya Atilla külli miqdarda qızıl alıb, şəhərdə vəba xəstəliyi olduğunu bilib, ona göndərilən xüsusi bir bahalı hədiyyəyə görə geri çəkilib və s. Bu günə qədər də Avropa xristian mənbələri Papanın Atillanın əlini öpməsini, diz çökməsini və yalvarmasının əsl səbəbini açıqlamaq istəmirlər. Gizli saxlanılan bu məsələdə onlar Atillanı qızıl və var dövlət hesabına Papa ilə razılaşmasını iddia edirlər.

Tarix üzrə ciddi müəlliflərdən hesab edilən Otto J. Maenchen-Helfen "Hunların dünyası" adlı 1973-cü ildə nəşr etdiyi kitabın 53-cü səhifəsində yazır:
"Atilla savaşlardan xoşlanan, amma insan olaraq çox ağıllı, güvəndiyi insanlara qarşı son dərəcədə əli açıq bir sərkərdə idi. Attila “dünyaya dəhşət saçmağa, xalqların ürəyini qorxu ilə doldurmağa gəlmişdi”.

Ancaq Attila həyatda sadə hun kimi yaşayırdı, hun böyükləri yeməkdə qızıl və gümüş qaşıq və boşqablar işlətdiyi halda Attila taxta qaşıq və boşqabdan istifadə edərdi. Qılıncı, paltarı, ayaqqabıları da digərlərindən fərqli olaraq bəzəkli deyil, sadə idi. Amma o, təmiz geyinməsi ilə diqqət çəkirdi. Çox ciddi idi, sifəti gülməzdi. O, şamanlara çox inanırdı. Attila ona boyun əyən və sadiq qalan xalqlara öz krallarını seçmək imkanı verir, lakin sadiqliyi qorumağı və verilən sözün üstündə durmağı tələb edirdi. Ona yaxınları bu mərhəmətin səbəbini soruşanda deyirdi ki, öz kölələrimin mənə qarşı savaşmasına göz yumacağımımı düşünürsünüz?”

Bu fakt sübut edir ki, Atillanın Papanı əfv etməsinin səbəbi nə var dövlət, nə də digər səbəb idi. Sadəcə Papa və onun təmsil etdiyi Roma imperatoru Atillanın qulu və köləsi olmasını qəbul etmişdi. Eyni zamanda Papa ilə gələnlərin əllərindəki xaç, böyük inanc sahibi olan Atillanın ürəyinə mərhəmət gətirdi. Çünki Atilla xaçı Tenqrinin simvolu, onun iradəsi olaraq bilirdi. Qədim türklər Tanrıya dua edəndə barmaqlarını xaç şəkilində tutduqları üçün Atilla onların gətirdiyi xaçın onun inandığı Tanrıya yalvarış kimi qəbul etdi. O, Günəşin işıqlarının xaç üzərinə düşməsini görüb bunu Tanrının bir ismarışı olduğuna inandı.

Nə qədər bunu təkzib etsələr də, çayın kənarında Roma papası I Leo Attilanın qarşısında əyilib onun başına tac qoydu və Atillanı Avropanın imperatoru elan elədi. Məhz bundan sonra Atilla onların kölə olmasını qəbul edib şəhərə hücum etmək fikrindən çəkindi.

Atilla Papaya müraciət edərək deyir:

"Romanı və sizi bağışlayıram. Barış və qardaşlıq içərisində yaşadığınız müddətdə məndən sizə zərər gəlməyəcək. İmperatorunuz Romanı ədalətlə idarə etdiyi müddətdə mən uzaqlarda olacağam. Əks halda isə çox yaxınızda olacam".

Atilla qoşunu geri çəkir. Planında Sasanilərin üzərinə hücuma keçmək olur. Papa və Bizans imperatoru ilə Sasanilər arasında danışıqlarda onlar Atilanın varisi olacaq oğlu İleki öz tərəflərinə çəkə bilməsələrdə bir-birlərinə nifrət edən iki digər oğlu Dengizek və İrnəki öz tərəflərinə çəkirlər. Nəticədə Atillaya qarşı sui-qəsdi oğlanları Dengizek və İrnəkin xəbəri olaraq həyata keçirə bildilər. Atillaya toy gecəsi göndərilən içkinin tərkibinə zəhər qatıldı. Toy gecəsi o öldürüldü. Onu yoxlayan Şaman isə sonradan Dengizek tərəfindən qətl edildi. Bu sui-qəsd Vatikana çatanda Roma papası I Leo bütün xristian dünyasına xəbər göndərdi ki, Avropa xilas edildi. Bu sui-qəsdə əlbir olduqları Sasani sarayında üç gün bayram keçirdilər.

Bir-birilərinə düşmən olan Atillanın oğulları isə daxili müharibələrdən sonra tamam zəiflədilər. Avropanın içərilərinə doğru yayılmış hun-türk boyları Qara dənizin quzeyinə qədər geri çəkildilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər