12 İyul 12:33
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 5000 il əvvəl Şimali Avropada yaşayan əhali və Daş dövrünə aid kənd təsərrüfatı icmaları məhv oldu. Neolit ​​dövrünün tənəzzülü adlanan bu fəlakətin səbəbi hələ də mübahisə mövzusudur.

Teleqraf.com xəbər verir ki, Skandinaviyada qədim məzarlardan çıxarılan insan sümükləri və dişlərindən əldə edilən DNT-yə əsaslanan yeni araşdırma Neolit dövrünün tənəzzülünə xəstəliklər, xüsusən də vəbanın səbəb ola biləcəyini göstərir.

Danimarka və İsveçdə aparılan araşdırmada 108 nəfərin qalıqları tədqiq edilib - 62 kişi, 45 qadın və 1 naməlum şəxs. Onlardan 18-i vəbadan ölüb. Genomik tapıntılar göstərir ki, bu insanların icmaları vəbanın erkən formasının üç fərqli dalğasını yaşayıb.

“Araşdırma zamanı bizə məlum oldu ki, Neolit ​​vəbası bütün sonrakı vəba formalarının əcdadıdır”, - tədqiqatın aparıcı müəllifi, Kopenhagen Universitetindən Frederik Sersxolm deyib.

Eyni patogenin sonrakı formasının VI əsrdə Yustinian taunu, XIV əsrdə Avropa, Şimali Afrika və Yaxın Şərqi viran qoyan Qara ölümə səbəb olduğu deyilir. Neolit ​zamanı dövr edən viruslar erkən versiyalar olduğundan, vəba sonrakı minilliklərdə müşahidə olunan epidemiyalar zamanı fərqli simptomlara səbəb ola bilərdi.

Vəba tədqiq olunan ərazidə geniş yayılıb. Yoluxucu xəstəliyin geniş yayılması bölgədə Neolit ​​dövrünün tənəzzülündə mühüm rol oynayıb.

Epidemiya o zaman Skandinaviya və Şimal-Qərbi Avropa əhalisini tamamilə məhv edib, onların yerini Şərqi Avropadan köçən insanlar alıb. Onlar müasir şimali avropalıların əcdadlarıdır.

İndiyədək Neolit ​​dövrünün tənəzzülü ilə bağlı çoxsaylı ssenarilər irəli sürülüb: müharibə, yaşamaq uğrunda rəqabət, genişmiqyaslı aclığa səbəb olan kənd təsərrüfatı böhranı, müxtəlif xəstəliklər, o cümlədən vəba.

O vaxta qədər yalnız bir vəba geni müəyyən edilmişdi və xəstəliyin insanlar arasında yayılıb-yayılmaması məlum deyildi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər