20 İyul 18:29
2 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı mətbəxi imperiyanın geniş coğrafiyasından və müxtəlif mədəniyyətlərdən təsirlənib. Sultanların yemək seçimləri çox vaxt onların şəxsi zövqlərinə və dövrün kulinariya tendensiyalarına görə dəyişirdi. Bununla belə, bəzi xörəklər padişahların sevimli yeməkləri kimi seçilirdi. Osmanlı sultanları hakimiyyətləri, döyüş siyasətləri ilə yanaşı yemək vərdişləri də maraq doğurur.

Teleqraf.com xəbər verir ki, tarixçi Talha Uğurluəl Osmanlı mətbəxinin Fateh Sultan Mehmet dönəmindən başlayaraq “matbah-ı amire” adlandırıldığını deyir.

“Osmanlı torpaqlarında yemək mədəniyyəti xüsusilə 15-ci əsrdən sonra formalaşmağa başladı. Türklər Orta Asiyadan Anadoluya gələrkən təbii olaraq yemək vərdişlərini gətirmiş, eyni zamanda Anadoludakı bəzi yemək vərdişlərini də mənimsəmişlər.

Yeməyin süfrəyə təqdim edilməsi onun hazırlanması qədər mühüm element idi. Osmanlı mətbəxinin menyuları bir imperiyaya yetəcək qədər zəngin olsa da, Osmanlıların yemək vərdişlərində böyük bir fərqlilik hökm sürürdü.

Osmanlı yemək mədəniyyətində qaşıq böyük əhəmiyyətə malikdir. Qaşıq tutacaqlarına xüsusi formalar verilir və qiymətli daşlarla bəzədilirdi. Xidmətçilər yeməkləri süfrəyə üstüörtülü tavalarda bir-bir gətirir və nimçəyə qoyurdular. Süfrəyə qablar gələn kimi dərhal qapaqlarını açır və tez yeməyə başlayırdılar. Səs-küylü Avropa ziyafətlərinə yaxşı bələd olan bütün qərb səyyahları Osmanlı süfrələrinin səliqə-sahmanından, sakitliyindən danışırdılar”, - tarixçi qeyd edir.

Zəngin saray mətbəxində sahib olan Osmanlı sultanlarının hansı yeməkləri sevdikləri də maraqlıdır.

Osmanlı İmperiyasının 7-ci sultanı Fateh Sultan Mehmet dəniz məhsullarına olan marağı ilə tanınır. Fateh Sultan Mehmet istiridyə, karides, quru balıq və ilanbalığı kimi məhsullara üstünlük verirdi. Xüsusilə kəklikotulu ilanbalığı onun süfrəsində tez-tez yer alırdı.

Bunlardan başqa, o, şabalıdlı bulqur plovu, təndir kababı kimi müxtəlif yeməkləri xoşlayırdı. Mantı da Fateh Sultan Mehmetin süfrəsində sevilən yeməklərdəndi. Kabuniye və mutancana kimi qədim yeməklər tez-tez hazırlanırdı.

Qanuni Sultan Süleymanın ən çox sevdiyi yemək qızardılmış hamsi balığı idi. Trabzonda doğulan və şahzadəlik dövründə orada idarəçi vəzifəsini icra edən Qanuni Sultan Süleymanın sevimli balığı hamsi idi. Hətta onun qılınclarından birinin sapına hamsi motivi həkk olunmuşdu. Sultan Süleymanın padşahlığına aid kulinariya qeydləri tədqiq edildikdə müxtəliflik diqqəti çəkir. Ən çox qeydə alınan növlər maral və balıq əti, sonra toyuq, quzu və sərçə əti olub.

Sultan Əbdülhəmid sadə yeməklərə üstünlük verirdi. Əbdülhəmidin sevimli yeməyi bol soğanlı yumurta idi. Asan görünsə də onun hazırlanması uzun zaman tələb edirdi. Sultan bu yeməyi ən ləzzətli hazırlayana mükafat da verirmiş.

Sultan Əbdüləzizin ən çox sevdiyi yemək Osmanlı mətbəxinin əsas ləzzətlərindən sayılan “Hünkar bəyəndi” idi. İmperatriça Yevgeniya Sarayda Sultan Əbdüləzizin şərəfinə ziyafət verir. Fransız aşpazları beşamel sousuna qovrulmuş badımcan əlavə edir və üzərinə qovrulmuş quzu əti ilə servis edilir.

Osmanlı imperatoru Sultan Əbdüləziz bu yeməyi çox bəyəndiyini söyləyir. Yeməyin adı "Hünkar bəyəndi" olaraq qalır.

31 il hakimiyyətdə olan Sultan II Mahmudun ən sevdiyi yemək “Ballı Mahmudiyə” idi. Bu xörək toyuq əti, quru üzüm, ərik, badam və baldan hazırlanırdı.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər