Arxeoloqlar İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Alyaskanın ucqar Aleut adalarını işğal etməsində iştirak etmiş üç döyüş gəmisinin qalıqlarını tapıblar. Bu, tarixçilərin “unudulmuş döyüş” adlandırdıqları, əsasən diqqətdən kənarda qalan münaqişədir.
Teleqraf.com xəbər verir ki, iki Yaponiya yük gəmisi və müharibə zamanı sualtı kabellərin çəkilişi ilə məşğul olan ABŞ-nin “SS Dellwood” gəmisinin qalıqları Aleut adalarının ən qərb ucunda yerləşən Atta adasına ekspedisiya zamanı aşkar edilib.
Yapon gəmiləri 1942-ci ilin iyununda “Pearl Harbor”a hücumdan təxminən altı ay sonra Yaponiya qüvvələri adanı işğal etdikdən sonra Amerika təyyarələrinin bombaları ilə batırılıb. Amerika gəmisi də adaların müdafiəsinin gücləndirilməsi zamanı vurulub.
“Yaponların ideyası Attanı Amerika hədəflərinə hücum üçün “batmaz gəmi”yə çevirmək idi. Amma Sakit okeanda vəziyyət dəyişməyə başlayanda komandanlıq onları tərk etdi və faktiki olaraq onlara bacardıqları qədər dayanmağı, əslində, şərəflə ölməyi əmr etdi”, - arxeoloq və layihənin həmsədri Dominik Buş deyib.
Atta və yaxınlıqdakı Aleut adası Kiska Şimali Amerikanın İkinci Dünya Müharibəsi zamanı xarici düşmən tərəfindən ələ keçirilən və işğal edilmiş yeganə hissələri idi, baxmayaraq ki, yapon döyüş təyyarələri digər Aleut adalarını da bombalamışdı. Buna cavab olaraq Birləşmiş Ştatlar təxminən bir il orada yaponların mövqelərini bombaladı və 35 000-lik qüvvə ilə yaponları geri çəkilməyə məcbur etdi.
1943-cü ildə baş vermiş Atta döyüşü 2351 yapon, 549 müttəfiq hərbçisinin ölümü ilə nəticələnmişdi.
Buş və həmkarları, o cümlədən layihənin həmmüəllifi və arxeoloq Ceyson Rap Aleut adalarında batan gəmiləri tədqiq etməyə illər sərf ediblər və iyulda ikihəftəlik ekspedisiya zamanı hər üç gəminin yerini müəyyən edə biliblər.
“Bura qədər heç kim bu gəmi qəzalarını sənədləşdirməyib. Beləliklə, biz yola çıxdıq və təxminən dörd illik araşdırmadan sonra onları tapdıq”, - Rap vurğulayıb.
“Dellwood” və Yaponiya yük gəmilərindən biri olan “Kotohira Maru”nun qalıqları açıq dənizdə təxminən 90 metr dərinlikdə, digər yük gəmisi “Cheribon Maru” isə dayaz suda tapılıb.
Buş qeyd edib ki, iki yapon yük gəmisində təsbit edilən zərər onların ABŞ döyüş təyyarələrinin bombaları ilə batması ilə bağlı məlumatı təsdiqləyir. Pnun sözlərinə görə, batmış ABŞ gəmisi işğaldan sonra orada tikilmiş yeni hava bazası üçün kabellər çəkərkən vurulub.