ABŞ-nin yeni prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra Britaniyalı şahzadə Harrinin ABŞ-dan deportasiya olunma ehtimalı yüksəkdir.
Teleqraf.com “Daily Express”ə istinadən xəbər verir ki, bunu "Heritage Foundation" analitik mərkəzinin nümayəndəsi Niall Qardiner ehtimal edir.
Bu iddianın əsası 2023-cü ilin may ayında "Heritage Foundation" tərəfindən Şahzadə Harrinin immiqrasiya sənədlərinin açıqlanmasını tələb edən məhkəmə iddiasıdır. Mərkəz Harrinin narkotik istifadəsini etiraf etməsi fonunda onun ABŞ-də qalmasının qanuniliyini şübhə altına alır.
Qardinerin sözlərinə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məhkəmə qərarına baxmayaraq, lazımi sənədləri təqdim etməkdən imtina etməsi Trampı qəzəbləndirib. Ekspert əmindir ki, bu sənədlərin dərci və sonradan şahzadənin bəyanatında yalan məlumatların təsdiqlənməsi onun deportasiyasına səbəb olacaq. Beləki, Tramp artıq bu cür tədbirlər görmək niyyətini açıq şəkildə bəyan edib.
Qardiner qeyd edib ki, ABŞ-da narkotik istifadəsinin etirafı deportasiya üçün əsas ola bilər.