Amerikalı keçmiş məhbus Otis Conson həbs ediləndən bəri rəqəmsallaşma və digər inkişaflardan xəbərsiz olub. 44 il həbsdə olan Conson 2014-cü ildə azadlığa çıxandan sonra şok yaşayıb.
Teleqraf.com xəbər verir ki, keçmiş məhbus dünyaca məşhur “Tayms” meydanında (Nyu-York) gəzintiyə çıxarkən həm yeni mənzərələr, həm də ətrafındakı insanların hər bir detalına heyrətlə baxıb.
1970-ci illərdə həbsxanaya düşmüş biri üçün mobil telefondan tutmuş geyimlərə, müasir binalardan tutmuş texnologiyalara, hətta dünyaca məşhur milyarderlərə qədər hər şey bir müəmma idi.
Rəqəmsallaşmanın təkamülünə şahidlik etməyən bu adam mobil telefonlarla danışan insanları ilk dəfə görəndə onların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentləri olub-olmamasından şübhələnib.
Təkcə bunlar deyil, o, İlon Mask, Bill Qeyts, Jeff Bezos və Stiv Cobs kimi məşhur milyarderlərdən də xəbərsiz olub.
“Əl-Cəzirə” telekanalına danışan Conson deyib:
“Həbsxana mənə çox təsir elədi, cəmiyyətə yenidən daxil olmaq əvvəlcə bir az çətin oldu, çünki hər şey dəyişmişdi”.
Texnologiya ilə dolu turistik məkanlarda ilk dəfə bu qeyri-adi mənzərələri görən keçmiş məhbus reklamlarla bağlı bunları söyləyib: “Mən əvvəllər belə bir şey görməmişdim”.
Nəhəng ekranlarda yayımlanan reklamlara təəccüblənərkən, küçədə gəzən insanların qulaqlıqlarla danışmasına da fərqli münasibət bildirib:
“Düşündüm ki, görəsən, hamı CIA agenti olub? Çünki kimsə qulağında kabellə gəzəndə ağlıma gələn tək şey bu oldu. Çünki 60-70-ci illərdə durum belə idi”.
İndi bütün inkişaflardan xəbərdar olan Conson insanların hara getdiklərinə baxmadan necə mobil telefonla danışa bilmələrinə təəccübləndiyini vurğulayıb.