16 İyun 2016 12:02
4 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə böyük bir heykəl qoyulub. Mayın 28-də heykəlin təntənəli açılış mərasimi keçirilib və açılışda prezident Serj Sərkisyan başda olmaqla rəsmi şəxslər iştirak edib.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nasizmlə əməkdaşlıq etmiş bir insana heykəl qoyulmasının anlaşılmaz olduğunu bildirib.

Xanım Zaxarovanın açıqlamasına Ermənistanda kəskin tənqidi münasibət bildirilib. Parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib: “Qaregin Njdenin İrəvanda abidəsi ona görə qoyulub ki, o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır. Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”.

Hakim Respublika Partiyasından olan deputat Marqarita Yesayan isə M.Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib. O bildirib ki, Ermənistanın özünün qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistan Respublikasının öz işidir: “İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.
Bütün bunlar Q.Njdenin kimliyi, fəaliyyəti ilə bağlı məqamları gündəmə gətirib.

Bu istiqamətdə suallarımıza aydınlıq gətirməsi üçün Milli Məclisin deputatı, tarixçi-alim, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlıya müraciət etdik.

– Musa müəllim, Qaregin Njde kimdir?

– Qaregin Njde haqqında arxivlərdə çoxlu maraqlı sənədlər var. Həm çarizm, həm də sovet dövrünün məxfi arxiv sənədləri qəti şəkildə sübut edir ki, Njde peşəkar terrorçu, erməni keşişi təfəkkürü sahibi, qəddar qatil olub. O, Sofiya şəhərində daşnakların terrorçular hazırlayan məktəbini bitirib. Bu məktəb haqqında ““Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı monoqrafiyamda ən mötəbər arxiv mənbələri əsasında yazmışam.

– Njdenin fəaliyyətinin əsas istiqamətləri nə olub?

– Bu məxluqun əsas fəaliyyət istiqaməti qanlı terror əməlləri törətmək və ictimai qaydanı pozmaq olub. O, İranda, Rusiya ərazisində terror aktlarının törədilməsində iştirak edib. Çarizm orqanları onu həbs edib. Həbsxanadan buraxıldıqdan sonra 1912-ci ildə Balkan müharibələri başlayanda isə yenidən Bolqarıstana gedib və erməni silahlı dəstələrinin, terror qruplarının qurulmasında iştirak edib. Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində terrorçu, “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın başçılıq etdiyi erməni silahlı dəstələrinin birində onun müavini olub. Şərqi Anadoluda, rus Qafqaz cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda mülki əhalinin kütləvi şəkildə öldürülməsində ad çıxarıb. Azərbaycan torpaqlarında Ararat Respublikası – Daşnak Ermənistanı qurulduqdan sonra Njde azərbaycanlı əhalinin soyqırımında qanlı rol oynayıb. Vedibasarda, Zəngəzurda mülki əhalinin məhv edilməsi ilə tanınıb.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Bolqarıstana qaçıb. İkinci dünya müharibəsi başladıqda isə nasistlərlə yaxından əməkdaşlıq edib. Erməni hərbi əsirlər qarşısında çıxışlar edərək, onları rusları öldürməyə, sovet hakimiyyətini devirməyə səsləyib. Anti-hitlerçi koalisiya müharibədə qalib gəldiyi zaman Njde Bolqarıstanda olub. Sovet xüsusi xidmət orqanları onu həbs edərək SSRİ-yə gətiriblər. Məhkəmə qərarı ilə həbsxanaya atılıb. Vərəm xəstəliyindən gəbərib.

– Qaregin Njdenin rus hərbi xadimlərlə müqayisə olunması nə dərəcədə düzgündür?

– Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration hərbi xadimlər, sərkərdələrdir. Terrorçunu bu sərkərdələrlə müqayisə etmək rus xalqını təhqir etmək deməkdir. Belə bir müqayisənin aparılması Ermənistanda dövlət siyasətində hərbi xadimlər və terrorçuların arasında sərhədin olmadığını göstərir. İndiki Ermənistan rəsmiləri üçün erməni terrorçusu “erməni hərbi xadimi”, “erməni milli qəhrəmanı”, özləri isə terrorçu dövlətin başçılarıdır. Belə müqayisəni aparanlara çarizm sənədlərinin birində yazılmış bir faktı xatırlatmaq istəyirəm. Rusiya çarizm orqanları erməni terrorçularından bəhs edərkən yazırdılar: “Erməni cəmiyyəti terrorçudan başqa bir tip hazırlamamışdır”. Hesab edirəm ki, Rusiya ictimaiyyəti bu təhqirə cavab verməlidir.

– Ermənistan hakimiyyətinin nasizmlə əməkdaşlıq etmiş şəxsin adını əbədiləşdirməsini nə ilə izah etmək mümkündür?

– Fikrimcə, cavab aydındır. Bu, bir daha göstərir ki, nasizm və erməni faşizmi arasında heç bir fərq yoxdur. Erməni faşizmi bir sıra baxımdan nasizmdən də qəddardır. Belə hərəkət Ermənistanda terrorizmin dövlət siyasəti səviyyəsinə qaldırıldığını, adı dövlət olan Ermənistanın əslində terror təşkilatına çevrildiyini, Ermənistan rəhbərlərinin terror və terrorizmlə çulğalaşdığını və dövlət terrorunun mövcud olduğunu göstərir. Bu addıma başqa cür qiymət vermək mümkün deyil.

– Bu fakt Rusiya-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?

– Ermənistan rəsmilərinin sərkərdələrlə terrorçunu eyniləşdirməsi rus hərb tarixini, rus xalqını və bütün Rusiya xalqlarını təhqir etmək, alçaltmaqdır. Rusiya ictimai-siyasi xadimləri və mətbuatında əgər milli qürur varsa, etiraz etməlidirlər. Ermənistan rəhbərləri öz hərəkətlərinə haqq qazandırmaq üçün özünəməxsus hiyləgərliklə Njdenin Osmanlıya qarşı “döyüşdüyünü” deyərək, “əsaslandırmağa” çalışacaqlar. Ancaq fakt faktlığında qalır. Ermənistan rəsmiləri bu hərəkətlə və verdikləri bəyanatla rus xalqını və Rusiyanı təhqir ediblər.

– BMT Baş Assambleyasının 17 dekabr 2015-ci ildə Rusiyanın təşəbbüsü ilə qəbul etdiyi və Ermənistanın da lehinə səs verdiyi “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı A/RES/70/139 nömrəli qətnaməsini və digər sənədləri əsas tutaraq beynəlxalq ictimaiyyət işğalçı dövlətin bu əməlinə adekvat reaksiya verəcəkmi?

– Özlərini böyük adlandıran dövlətlərin etiraz edəcəklərinə inanmıram. Onlar başqa təəssübkeşliyin təsirindən xilas ola bilmirlər. Ermənistan başçıları həmin dövlətlərin rəsmiləri ilə görüşlərində dini mənsubiyyəti və uydurma əzabkeş obrazlarını qabardırlar. Fikrimcə, cavab verilməyəcək və biz ikili standartların daha bir nümunəsinin şahidi olacağıq.

– Ermənistanın özünün lehinə səs verdiyi sənədin əleyhinə hərəkət etməsi onun ikiüzlü siyasətinin ifşası sayıla bilərmi?

– Ermənistan rəhbərləri hərəkətləri ilə hər addımda özlərini ifşa edirlər. Davranışları göstərir ki, onlar üçün mənəviyyat, ədalət amilləri yoxdur. Tarix boyu bu ünsürün nümayəndələri heç bir zaman verdikləri sözün arxasında dayanmayıblar. Hansı ölkə onlara yardım edibsə, sonradan ona xəyanət ediblər. Daşnaksütyunun və digər terror-siyasi təşkilatlarının Rusiya, ABŞ və başqaları haqqında verdikləri bəyanatlar deyilənləri sübut edir. Şərqi Anadoluda işləyən Rusiya konsullarından biri yazırdı ki, əgər siz bir erməni ilə hər hansı bir iş görmək istəsəniz, o, həmin sənədi şahidlərin iştirakı ilə imzalasa belə, sabah qalxıb deyər ki, belə bir sənədi tanımır, imza onun deyil. Belə bir ünsürün qurduğu və təməli terrora dayanan qondarma dövlət qurumundan başqa bir şey gözləməyə dəyməz.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər