Teleqraf.com-un suallarını gənc fəal Bəxtiyar Hacıyev cavablandırır:
- Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumunu nə cür qiymətləndirirsiniz?
- ABŞ administrasiyası hər zaman Azərbaycanı, Azərbaycan hakimiyyəti isə ABŞ-ı strateji tərəfdaş adlandırır. Münasibətlər müəyyən dövrlərdə aşağı və yuxarı, daha səmimi və nisbətən soyuq olsa da, ABŞ-Azərbaycan diplomatik münasibətləri son 20-25 ildə müsbət olub. ABŞ Azərbaycanın müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, inkişafını, rifahını dəstəkləyib. Eyni zamanda Azərbaycanda insan hüquq və azadlıqlarının da arzu olunan səviyyədə olması üçün fəaliyyət göstərib və müəyyən çağırışlar edib. Bu isə hakimiyyətdə müəyyən çevrələri qıcıqlandırıb və bilərəkdən ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün müəyyən addımlar atılıb. Son 2-3 ildə bu münasibətlərə ciddi zərbələr vurulmuşdu, ciddi soyuqluq müşahidə edilirdi. Lakin Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona son səfərindən, ABŞ rəsmilərinin Azərbaycana gəlmələrindən sonra yaxınlaşma hiss edilir.
- Əlaqələri daha da irəliyə aparmaq üçün hansı addımların atılmasını zəruri sayırsınız?
- İlk növbədə ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı rəsmi səfərlərin sayı artırılmalı, strateji tərəfdaşların məsələləri üçüncü tərəflər - media, lobbiçilər üzərindən yox, üz-üzə, qarşılıqlı müzakirə etmələri vacibdir. Çünki bir çox halda həm Bakıda, həm Vaşinqtonda müşahidə edirik ki, ABŞ, yaxud Azərbaycan tərəfinin atdığı hər hansı bir addım, etdiyi hər hansı bir jest tamamilə səhv interpretasiya edilir, səhv anlaşılır. Çünki mesajları oxumaq bir çox halda birbaşa və açıq müzakirələr əvəzinə, bəzən mediada çıxan məqalələr, onların zamanlaması, hansısa qeyri-hökümət təşkilatlarının bəyanatlarına əsaslanır.
- Hazırda ABŞ-da seçki kampaniyası davam edir. Kampaniyanın gedişini necə qiymətləndirirsiniz?
- Hazırda iki namizəd seçki kampaniyasına davam edir və hər iki namizəd qələbə qazanmaq üçün öz səylərini davam etdirirlər. Orlandoda son terror hadisəsindən sonra bir çox seçici müsəlmanlara olan skeptik yanaşmalarını, özünü müdafiə üçün silah satışına daha asan icazə verilməsi istəklərini alovlandıran Trampa olan dəstəklərini artırdılarsa, başqa bir qrup insan isə “silah satışı tamamilə qadağan edilməsə, müsəlmanlara nifrət çağırışları edilsə, belə hadisələr daha çox ola bilər” yanaşması ilə Klintona olan dəstəklərini möhkəmləndirdilər. Klinton qərargahına hazırki prezident Barak Obama, keçmiş prezident Bill Klinton da dəstək verir. ABŞ-da öz seçki kampaniyası ilə böyük bir tərəfdaş kütləsi qazanmış Berni Sanders də Trampa qarşı çıxışlar edir, iyulda qurultaydan sonra Klintona dəstək çağırışları edəcəyi gözlənilir. Əgər qeyri-adi başqa hadisələr baş verməsə, hazırda Klintonun ABŞ seçkilərində qələbə qazanmaq şansı daha yüksək görünür və son keçirilmiş sorğularda da bu fərq hiss olunur.
- Sizcə, gələn ilin 4 iyulunda bayram münasibətilə Amerika xalqını kim təbrik edəcək? Hillari Klinton, yoxsa Donald Tramp?
- Buna ABŞ seçiciləri noyabr ayında qərar verəcəklər. Ancaq həm indiki sorğuların nəticələrinə görə, həm də proseslərin gedişatına görə Klintonun qələbə qazanmaq ehtimalı yüksəkdir. Şəxsi arzuma gəldikdə, ABŞ-ın Tramp kimi prezidentinin olmasını arzulamazdım. İrqçi, müsəlmanlara, immiqrantlara, qadınlara qarşı təhqirlər yağdırmış bir namizədin seçiləcəyi halda ABŞ-ın geriyə böyük bir addım atacağını düşünürəm.
- ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü siyasətində hansı redaktələrə ehtiyac var?
- ABŞ-ın Azərbaycanla bağlı siyasətində Dağlıq Qarabağ münaqişəsinə daha az diqqət yetirməsi böyük bir yanlışlıqdır. ABŞ nəinki Azərbaycandakı ərazi münaqişəsi, hətta keçmiş SSRİ ölkələrindəki bütün münaqişələrlə bağlı daha aktiv olmalı, təşəbbüsü ələ almalıdır. Uzun müddətdir bu edilmirdi, ona görə ki, ABŞ Rusiyanın qonşuluğunda olan ölkələrdəki münaqişələrin həllində aktiv olub Rusiyanı qıcıqlandırmaq, münasibətləri korlamaq istəmirdi. Ancaq indi artıq Rusiya-ABŞ münasibətləri kifayət qədər soyuqdur, sanksiyalar tətbiq edilib və bu məqamda ABŞ həm Dağlıq Qarabağ münaqişəsinin, həm də digər münaqişələrin həllində daha aktiv rol oynamalıdır.
- Amerika təhsiliniz artıq yekunlaşıbmı? Yoxsa, elmi dərəcənizi artırmaq üçün yenidən Amerikada təhsil almaq barədə düşünürsünüz.
- Yaxın illərdə ABŞ-a yenidən təhsil almaq üçün gedə bilərəm. Bu barədə zaman-zaman düşünürəm və planlaşdırıram.
- Birləşmiş Ştatlara səfir təyin olunmaq təklifi gəlsəydi, qəbul edərdinizmi?
- Birincisi, bunun mənə təklif olunması real deyil, ikincisi, hətta təklif olunsa da, insan gərək özünü peşəkar saydığı sahədə çalışsın. Mən ixtisasca diplomat deyiləm və ixtisasca diplomat olmayanların, təcrübəsiz kadrların Azərbaycanda və Azərbaycandan kənarda ölkəyə vurduqları ziyanları görürəm və eyni səhvləri təkrarlamaq istəməzdim. Hansısa qurumun təmsilçisi olaraq ölkəmizlə ABŞ arasındakı hər hansı məsələdə, münasibətlərdə töhfəm olarsa, bunu məmnuniyyətlə edirəm və gələcəkdə də edərəm. Ancaq ixtisasca peşəkar diplomat olmadığıma görə, özümü sualınızda qeyd etdiyiniz yerdə görmürəm.
Səxavət HƏMİD