26 İyul 2016 16:10
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov iyulun 15-dən Türkiyədə cərəyan edən hadisələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Əvəz bəy, Sizcə, ABŞ Fəthullah Güləni Türkiyəyə təhvil verəcəkmi?

– Əvvəla, Gülən Amerika üçün kifayət qədər zəif bir fiqurdur. Yəni, Gülənin Amerika üçün nəsə vacib strateji və məqsədyönlü fəaliyyət həyata keçirdiyini demək çətindir. Təbii ki, Gülənin Amerikada, dünyanın hər yerində, xüsusən, müsəlman və Afrika ölkələrində çox güclü təhsil və missioner şəbəkəsi mövcuddur. O daha çox təhsil və missioner şəbəkəsinin hesabına öz nüfuzunu artıra bilib. Amerika da bunu nəzərə alır. Başa düşür ki, Gülən kifayət qədər təsirə malik ola biləcək bir mexanizmə malikdir. Ancaq Türkiyə ilə rəqabət, yaxud Türkiyə ilə konfliktə getmək Amerikanın indi marağında deyil. Onlar yaxşı başa düşürlər ki, Ərdoğan bu proseslərdən öz marağı üçün kifayət qədər istifadə etdi. Yəni, Ərdoğan Türkiyədə çox vacib olan bir institutu – hərbini demək olar ki, siyasətdən uzaqlaşdıra biləcək. Hərbi çevrilişlər yolu ilə Türkiyədə radikal hakimiyyətin formalaşması Amerikaya sərf etmir. Çünki hərbi yolla hakimiyyətə gələcək hər kəsin radikal türk mövqeyini bütün dünyada qəbul etdirməyə cəhd etməyəcəyinə dair təminat yoxdur. Ərdoğan son illərdə islam dininə üstünlük verməsinə baxmayaraq, Qərb üçün açıq bir siyasətçidir. Cəmiyyətin radikallaşması və milli hissləri açıq şəkildə qabardacaq istənilən siyasi qüvvə istənilən tərəfdaş üçün təhlükəlidir.

Ona görə də hesab edirəm ki, Ərdoğan Güləni tələb etsə, arqumentləri ortaya qoysa, şərt olsa ki, ölkəyə qayıdışı onun edamı, uzunmüdətli həbsi deyil, sadəcə ev dustaqlığıdır və bu addım Gülənin tərəfdarlarını susdurmaq üçün atılır, məncə onun ekstradisiyasına razılaşarlar. Yəni Gülən Amerikada olanda onun tərəfdarları daha aqressiv və mobil olurlar. Türkiyə Qərb üçün Güləndən daha vacib bir fiqur olan Öcalanı ala bilibsə, demək, Güləni almaq onun üçün o qədər də ciddi problem deyil. Əgər Ərdoğan tələb etsə, Amerika Güləni verə bilər. Amma bu, nəzəri baxımdan belədir. Bunun siyasi maraqlar üzərindən izahı hələ çox çətindir. Digər tərəfdən Hillari Klinton qalib gələcyi təqdirdə Amerika üçün Türkiyə ilə münasibətləri genişləndirmək vacib olacaq. Çünki Hillari Klintonun Rusiya ilə manasibətləri bundan yuxarı inkişaf etdirmək konsepsiyası yoxdur. Yəni, maksimum Donald Trampın belə bir konsepsiyası var. Ona görə də onlara bu regionda balansı saxlamaq üçün Türkiyə vacibdir. Bu bölgədə yeganə ölkə Türkiyə olaraq qalır. İnanmıram ki, Amerika bir şəxsə görə Türkiyəni ayağa versin.

– Gülənin Tükiyəyə təhvil verilməsi onun tərəfdarlarının iğtişaşı ilə qarşılanmayacaqmı?

– Gülənin tərəfdarları başqa millətdən deyillər. Bunlar türklərdir. Türklər isə bütün ideyaları bir kənara qoyub millət üçün birləşməyi yaxşı bacarırlar. Yəni, Ərdoğan doğrudan da, Gülənlə mübarizənin Türkiyənin birliyi üçün vacibliyini sübut edə bilsə, məncə biz Gülənin tərəfdarlarının da ümumtürk mənafeləri, Vətən naminə öz mövqelərindən geri çəkilə bilərlər. Yəni, hesab etmirəm ki, Gülənin kök salmış, güclü ideoloji tərəfdarları var. Onun da son bəyanatları, xütbələri göstərdi ki, ideoloji fərq yoxdur. Sadəcə yaxşı şəbəkəsi var idi, çox güclü iqtisadi və xüsusən, təhsil, KİV sahəsində. İndi bəlli olur ki, hərbidə də çox güclü şəbəkəsi var. O şəbəkəni saxlamaq şərtləri də çox asandır. Yəni, sən şəbəkə üzvlərinə yaxşı şərait yaradırsan və onlar sənin şəbəkən olur. O, ideoloji şəbəkədən çox təşkil olunmuş şəbəkədir. Biz baxsaq ki, Gülən vaxtilə Ərdoğanla da eyni siyasi yol gəlib, məncə onları türklərin dili ilə desək, geri qaytarmaq Ərdoğan üçün o qədər də çətin iş olmayacaq.

– Sizcə, Türkiyədə proseslər hansı istiqamətdə cərəyan edəcək?

– Təbii ki, Ərdoğan öz mövqeyini möhkəmləndirmək üçün üç aylıq fövqəladə vəziyyətdən maksimum yararlanacaq. Eyni zamanda Ərdoğan çoxdandır onun haqqında olan tənqidi fikirləri – onun daha çox islamçılara yer verməsi və daha çox onların mənafeyini müdafiə etməsi, Türkiyəni dünyəvilikdən kənar tutması ideyaları üç ay ərzində korrektə olunacaq. Ərdoğan Türkiyənin maraqları üçün öz siyasətini qurmağı bacaracaq. Çünki bu, Ərdoğanın yeganə çıxış yoludur. Ərdoğan təbii ki, öz hakimiyyətini möhkəmləndirəcək, boşalan bütün vacib yerlərə öz tərəfdarlarını yerləşdirəcək. Kifayət qədər güclü bir sistem qurmağa cəhd edəcək. Məncə, buna da nail olacaq. Türkiyənin özündə də Ərdoğana sanki kart-blanş verdilər. Türklər demək olar ki, Ərdoğandan daha çox Türkiyənin gələcəyini müdafiə üçün küçələrə axışmışdılar.

Onlar başa düşürdülər ki, hərbi çevrilişlər bu sivil Avropa ölkəsi üçün bəlalar gətirə bilər. Xüsusən, Misirin təcrübəsi Türkiyə üçün çox acı nümunədir. Onlar başa düşürdülər ki, hərbçilər özlərini nə qədər Atatürkün və demokratiyanın davamçıları elan etsələr də, onlar hər hansı hərbi diktaturanın üzərində öz hakimiyyətlərini möhkəmlədə biləcəklər. Yəni, Türkiyədə də güclü siyasi lider problem var. Baxmayaraq ki, bu ölkədə siyasi partiyalar, qəzetlər çox inkişaf edib. Ancaq orda da xarizmatik, güclü siyasi lider problem var. Onların arasında, bəlkə də, ən güclüləri Davudoğlu ilə Ərdoğan idi. İstər MHP, istərsə də CHP kölgədə gedir, hələ tam olaraq müstəqil siyasət qura bilmir.

– Baş tutmayan hərbi qiyam Rusiya-Türkiyə münasibətlərinə necə təsir edəcək?

– Təbii ki, Putin üçün Ərdoğanın güclü olması lazımdır. Çox qəribədir, Putin ölkəni bir “xozeyin”li görmək istəyir. Yəni, Putin özü partnyorluq etdiyi ölkələrdə yalnız bir nəfərin səsini eşitmək istəyir. Ona görə də Ərdoğanın indiki vəziyyəti onun üçün çox ürəkaçıcıdır. Putin çalışacaq ki, Ərdoğanın mövqeyi möhkəmlənsin və bunun üçün əlindən gələni edəcək. İlk növbədə gördüyünüz kimi turizm sahəsində münasibətlər, təyyarələrin uçuşu bərpa olunur. Hətta, belə bir söhbət var ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına məşvərətçi səs hüquqlu üzv kimi iştirak etsin. Yəni, Putin hər bir vəchlə göstərəcək ki, Ərdoğan onun üçün yad deyil. Putin də başa düşür ki, artıq Ərdoğan Qərbdə əvvəlki imicini itirib və onu müdafiə etmək lazımdır. Çünki Putinin özü məhz “qırmızı xətt”in keçmiş siyasətçilər klubunu yaradır və başa düşür ki, bununla Avropanın, Amerikanın dərsini verə bilər. Bu baxımdan Putinin Ərdoğana kifayət qədər xarici dəstək göstərməsi mümkündür.

Eyni zmanda inanıram ki, bundan hər iki dövlətdə biznes mühiti də qazanacaq. Eyni zamanda Çin, Suriya, İran məsələlərində Rusiya ilə Türkiyə arasına müəyyən siyasi yanaşmalar da uyğunlaşacaq. Türkiyə bu oyunlardan maksimum dərəcədə itkilərsiz çıxmaq istəyir. Ona görə də Ərdoğanın siyasi çoxqütblüdür. Bu da alqışlanasıdır. Türkiyə istənilən prosesdən minimal məğlubiyyətlə və maksimal uduşla çıxmaq istəyir. İstənilən normal ölkədə bu yanaşma əsas götürülməlidir. İndi Ərdoğan üçün yaxşı bir şans yarandı, Putinə nümayiş etdirsin ki, hərbi təyyarənin vurulması onun işi olmayıb. Ərdoğan artıq Putinə sübut etməyə çalışır ki, bunu Gülənçilər edirdi və Putini də Gülənin dəstəsinə qarşı cəmləşdirmək üçün o bu imkandan istifadə edəcək. Yəni, Rusiyada da Gülənin tərəfdarları var. Xüsusən, keçmiş SSRİ ölkələrində Gülənçilər var. Ona görə Ərdoğan çalışacaq ki, Gülənin vurulmasında məhz Rusiyanın kəşfiyyat materiallarından istifadə etsin. Yəni, Ərdoğanla Putini birləşdirə biləcək kifayət qədər addımlar var və məncə, Putin artıq Ərdoğan üçün bu məsələlərdə açıq olacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər