Teleqraf.com politoloq Zərdüşt Əlizadənin prezident İslam Kərimovdan sonrakı Özbəkistan, ölkənin durumu, yeni hakimiyyət və s. mövzularla bağlı müsahibəsini təqdim edir.
- Zərdüşt bəy, Özbəkistan prezidenti İslam Kərimovun vəfat etməsi haqda xəbərlər artıq dünya mediasında yayılıb. Bundan sonrakı vəziyyət, Özbəkistanın siyasi seçimi hansı ssenarilər üzrə gedə bilər?
- Hesab edirəm ki, indiki mərhələdə sabitlik möhkəmdir. Əgər Allah İslam Kərimovu dərgahına çağırıbsa, baş nazir Şövkət Mirziyayev var və o, Kərimovun vəzifəsini icra edəcək. Quruluş həmin quruluşdur, məmurlar həmin məmurlardır və xalq da həmin xalqdır.
- Ancaq Rusiya mediasında bəzən Kərimovdan sonrakı mərhələdə ciddi çalxalanmaların olacağı haqda mülahizələr irəli sürülür...
- Bəli, mediada bəzən yazılır ki, Kərimovdan sonra Orta Asiya çalxalanacaq, qarşıdurmalar güclənəcək, təlatümlər müşahidə ediləcək və s. Lakin mən buna inanmıram. Əsas odur ki, sistem var. İslam Kərimov sistem qurub. Eynən sovet sistemidir. Əgər hakim elitada kimsə nəyəsə iddia etməsə, problem olmayacaq. Nəzərə alın ki, bütün pis ssenarilər ancaq hakim zümrədəki dəyişikliklər naminə edilir. Lakin sistemin mahiyyəti qalır. Odur ki, Özbəkistanda, Tacikistanda və ya Qazaxıstanda belə vəziyyətlərdə ciddi təlatümlər gözləmirəm.
- Prezident Nazarbayevin Çin səfərini yarımçıq saxlayıb dərhal Özbəkistana getməsi nə ilə bağlı ola bilər?
- Nazarbayevin Daşkəndə uçması normaldır. Yəqin düşünür ki, əgər İslam Kərimov sağdırsa, ona baş çəksin. Yox, əgər vəfat edibsə, yenə Allahın işidir. Hər halda Özbəkistanı çox təlatümlü bir dövrdə İslam Kərimov az-çox itkisiz keçirə bildi. Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova müəyyən problemlər yaşadı, ərazilərini itirdi və s. Özbəkistan isə çox itirmədi, iqtisadiyyatını saxlaya bildi. Elə Nursultan Nazarbayev də potensialı saxlaya bildi və s.
- Özbəkistanda birinciliyə əsasən, üç iddialının olduğu ifadə edilir. Sizcə, bu halda vəziyyət necə olacaq?
- Mən düşünürəm ki, onlar öz aralarında bu məsələni yoluna qoya biləcək. Çünki sistem elə qurulub ki, kim birincinin rolunu ifa etməyə başlasa, digərləri canlarını qorumaq xətrinə ona itaət edəcək və qiyam qaldırmayacaq. Gözlənilən bundan ibarətdir.
- Ancaq o da aydındır ki, Özbəkistanın özünün daxili problemləri də kifayət qədərdir...
- Ölkənin böyük problemləri var. Özbəkistan əhalisinin sayı 31 milyondan az deyil. Ölkədə kasıblıq, işsizlik problemləri var. Xeyli özbək iş arxasınca Rusiyaya üz tutub. Eləcə də şirin su problemi var, ictimai ədalətlə bağlı nöqsanlar mövcuddur. Ancaq həm də xalq və cəmiyyət dincdir. Əlbəttə, indiyə qədər xaricdən çoxlu təsirlər olub ki, ortaya nifaq salsınlar, vəziyyətdən öz xeyirləri üçün istifadə etsinlər və s. Ancaq bütün bunlar alınmayıb. Sovetdən qalma nomenklatura hakimiyyəti mütəşəkkil şəkildə saxlayıb və bu kimi halların qarşısını alır, mənfəətini götürür.
- Kərimov böyük bir sistem qurmuşdu. Onun vəfat etdiyi bu mərhələdə Özbəkistanda nifaq salmaq üçün xarici təsirlər aktivləşə bilərmi?
- Kərimovun yerinə gələn adam onun qurduğu sistemdən istifadə edərək hər şeyi yatıracaq. Bu dəqiqdir.
- Kərimovdan sonrakı Özbəkistanın Azərbaycan, Rusiya və digər Orta Asiya ölkələri ilə münasibətlərində dəyişiklik ola bilərmi?
- Mən heç bir dəyişiklik gözləmirəm. Münasibət əvvəlki kimi qalacaq. Postsovet məkanında ölkələr arasında münasibətlər bəllidir. Bəzi ölkələri çıxmaq şərti ilə digərləri bir-birinə yaxındır və yaxşı dil tapa bilirlər.
- Ancaq İslam Kərimovun qızları Gülnarə Kərimova və Lola Kərimovanın da birinci olmaq iddiaları var idi. Kərimovun vəfatından sonra ailəsinin taleyi necə olacaq?
- Bəli, iddialı idilər. Lakin sonradan İslam Kərimovun özü elə etdi ki, bu xanımlar iddialarını kənara qoymalı oldular. İndi təbii ki, heç kəs onlara toxunmayacaq və Kərimovlar ailəsi sakit şəkildə özləri üçün yaşamaqda davam edəcək. Ancaq düşünmürəm ki, bundan sonra onlar çörək qazanmaq üçün gedib tarlada pambıq yığacaq. Cəmiyyətdən onlara kifayət qədər qayğı olub və bundan sonra da olacaq.
NEMƏT