27 İyun 2014 19:56
6 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Vəfa Quluzadə Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqının assosiasiya sazişini imzalamaları ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Vəfa müəllim, assosiasiya sazişinin imzalamaları üç post-sovet ölkəsinə nə vəd edir?
- Bu, hər şeydən əvvəl həmin ölkələrin inkişaf istiqamətini qətiləşdirdi. Assosiativ saziş bu ölkələr üçün böyük iqtisadi, hüquqi və siyasi imkanlar açır. Onlar risk etdilər və qorxu hissini artıq geridə buraxdılar. Baxın, Ukrayna prezidenti necə xöşbəxt görünürdü. Demokratiya, Qərbə inteqrasiya rahatlıq, təhlükəsizlik deməkdir. Sovet imperiyası, sosializm, kommunizm quruculuğu çöküb. Post-sovet ölkələrinin avro-inteqrasiyasının qarşısını almaq mümkün deyil.

- Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib ki, Ukrayna və Moldovanın Avropa Birliyi ilə imzaladığı saziş ağır nəticələrə səbəb olacaq. Karasin ağır nəticələr dedikdə nəyi nəzərdə tutur?
- Rusiya özü bərbad vəziyyətdə olan ölkədir. İndi Kreml başqa ölkələrin Avropaya inteqrasiyasının qarşısını almaq istəyir. Rusiya imperiya dövləti olub. Biz də onun koloniyası olmuşuq. Keçmiş sovet ölkələrinin bir neçəsi çoxdan qoşulub NATO-ya, Avropa İttifaqına. İndi Gürcüstan, Ukrayna, Moldovanın növbəsidir. Ardınca Azərbacna gəlir. Sonra Belarus, Mərkəzi Asiya ölkələri gəlir. Rusiya istəmir bunu. Maneə yaratmaq istəyir, amma bacarmır. Dünya Rusiyanın istəyi ilə hərəkət etmir. Kreml nahaq yerə post-sovet ölkələrinə hədə-qorxu gəlir.

- Avropa İttifaqı Rusiyaya iyunun 30-a qədər vaxt qoyub ki, Ukrayna ilə bağlı məsələləri həll etsin. 30-na qədər məsələlər həll olunmasa Rusiyanı nə gözləyir?
- Rusiya Ukrayna ilə bağlı məsələləri həll etməsə, onu ciddi sanksiyalar gözləyir. Rusiya Ukraynada işləri ona görə qarışdırır ki, ölkə Avropa İttifaqına qoşula bilməsin. Amma qoşuldu. Abxaziya və Asetiyanı işğal edən Rusiya Gürcüstanı da Avropa İttifaqına inteqrasiyasnın qarşısını ala bilmədi. Moldovanı da hədələyirdi ki, Dnestryanı vilayətləri ayırır, Ukraynanın cənubi-şərqi ilə birləşdirir. Amma heç bir şey edə bilmədi, edə bilməyəcək də. Bütün bunların Azərbaycana da dəxli var. Çünki Rusiya Azərbaycanı da hədələyir. Torpaqlarımızın 20 faizi işğal altında saxlanılır. Rusiyanın mövqeyi zəiflədikcə bizim Qarabağı azad etmək imkanlarımız artacaq.

- Gürcüstanın sabiq prezidenti Saakaşvili bildirib ki, Azərbaycan gec-tez Avropa İttifaqına qoşulacaq. Sizcə, Saakaşvili nəyə əsaslanıb bunu deyir?
- Onun açıqlamasını oxumuşam. Düz deyir, tamamilə onunla razıyam.

Ruslan


Müəllif: