6 Sentyabr 2016 15:07
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada iki fərqli dünyagörüş toqquşur və sonda güclü tərəf qalib gələcək”

Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru, analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

- Elçin bəy, G-20-nin Çində baş tutan sammiti, super güclər arasında aparılan müzakirələr dünyada mövcud olan münaqişələrin, problemlərin həllinə pozitiv təsir edəcəkmi?

- Mən düşünürəm ki, G-20-nin Çində keçirilən müzakirələrinə rəğmən, dediyiniz problemlərin heç biri öz həllini tapmayacaq. Sadəcə olaraq onlar Çində görüşərək söhbət ediblər, sonda isə hər bir tərəf öz mövqeyində qalıb. Ona görə də hansısa məsələnin həllində, münaqişələrin yoluna qoyulması istiqamətində irəliləyiş olacağına inanmıram. Tərəflərin öz maraqları var. Onlar görüşüblər, bu zaman bir-birinin mövqelərində dəyişiklik olub-olmadığını özləri üçün aydınlaşdırıblar. Odur ki, yenilik və müsbət dəyişikliklər haqda düşünməyə əsas görmürəm.

- Çində gözlənilən ən maraqlı məqam prezident Obama ilə prezident Putin arasında keçirilən görüş idi. Sizin görüşlə bağlı fikirləriniz necədir?

- Aydındır ki, söhbət iki super gücdən gedir. Hesab edirəm ki, qarşıdurmanın səngiməsi baxımından bu görüşün heç bir əhəmiyyəti yoxdur. ABŞ sanksiyalardan imtina etmir.

İkincisi, Obama artıq heç nəyi həll etmir. Çünki prezidentliyinin son aylarını yaşayır. Əslində burada nəyinsə dəyişməsi üçün hər iki dövlətin maraqlarının kökündən dəyişməsi lazımdır. Bu da bir görüşlə həll ediləsi məsələlər deyil. Odur ki, bu görüşlə nəyinsə dəyişəcəyini gözləməyə dəyməz. Söhbət nə Ukraynadan, nə də Suriyadan gedir. Söhbət nüfuz məsələsindən və dünyada öz dünyagörüşü modelini təsdiqləməkdən gedir. Əlbəttə, kim yaxşıdır, kim pisdir məsələsi ayrı mövzudur. Burada sadəcə olaraq dünyagörüşlərinin - Qərblə rus dünyagörüşünün toqquşması məsələsi var. Toqquşma nöqtələri də Suriya və Ukraynadır. Mən əsaslı bir dəyişiklik gözləmirəm və bu ola da bilməz.

- Bu halda Suriya və Ukrayna problemi necə həll ediləcək?

- Problemin sonunda güclü tərəf qalib gələcək. Düşünürəm ki, proqressiv tərəf hansıdırsa, o da qalib gələcək. Amma bu prosesin neçə müddət davam edəcəyi, neçə qanlı döyüşlərin olacağı, neçə 100 min insanın həyatı bahasına başa gələcəyi başqa məsələdir. Hazırda Rusiyanın proqressiv bir şeylər təklif etdiyinin şahidi deyiləm. ABŞ isə dünyada bəzi məkanlara faktiki müdaxilə etməsinə baxmayaraq proqressiv tərəfdır. Mən sözsüz ki, texnoloji proqressiyanı, dünyaya baxış bucağını deyirəm. Bu saat texnoloji yanaşmaya baxaq. Google, Whatsap, Feysbuk kimi son yeniliklər ABŞ-da icad edilib. Rusiya nə icad edib?

- Odnoklassniki.ru sosial şəbəkəsini...

- Bəli, son ixtira budur, başqa bir şey yoxdur. Sözsüz ki, mən kimisə tərifləyib, kimisə pisləmək niyyətindən uzağam. Sadəcə konkret faktlardır. Marsa uçmaq istəyən ABŞ-dır. Onlar 2050-ci ilə qədər qarşılarına plan qoyublar və bunu edəcəklər. Elm, tərəqqi, inkişaf oradadır. Ən maraqlısı odur ki, google, whatsap və digər yenilikləri ixtira edənlər SSRİ-də yaşayan şəxslər olublar. Əlbəttə, onlar yəhudilərdir, amma ailələri zamanında SSRİ-dən ABŞ-a köçüblər. Əsas məsələ budur. Orada daha münasib imkan və şərait olub ki, bu kimi ixtiralar ortaya çıxsın. Bir sözlə, iki fərqli dünyagörüş toqquşur və sonda güclü tərəf qalib olacaq.

- G-20 sammitində Türkiyə beynəlxalq oyunçu kimi ortaya çıxdı. Amma 15 iyun çevriliş cəhdindən sonra çoxları düşünürdü ki, Türkiyə hətta regional oyunçu kimi azı 10 il müddətinə sıradan çıxacaq. İndilikdə Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?

- G-20-nin toplantısında Türkiyə rəhbəri əksər beynəlxalq güclərlə görüşlər, müzakirələr apardı, bəlkə də mövqelərini bir qədər gücləndirdi. Lakin iş ondadır ki, Türkiyədə mindən çox jurnalist saxlanılıb. Bu şəxslərin cinayət törədib-törətmədiyi haqda mən bir söz deyə bilmərəm. Amma onların ailə üzvlərinin də ölkədən çıxışına yasaq qoyulub. Fikrimcə, bu ciddi məsələdir. Əlbəttə, Türkiyə bizim canımızdır, qardaşımızdır. Biz Türkiyənin qabağa gedəcəyini daima gözləyirik. Hesab edirəm ki, proqressiv hərəkətlər olmalıdır. Amma daxildə müəyyən problemlər var. Türkiyə bir dövlət kimi arenada var, bu bölgədə istinad ediləsi ölkədir. Biz istəyirik Türkiyə irəlidə olsun, biz də baxaq, fəxr edək.

- Hazırda Türkiyə ordusu Suriya ərazisində hərbi əməliyyatlar aparır, bufer zona yaradır, PKK-nın yandaşı olan PYD-ni sərhəddən təmizləyir, eləcə də İŞİD-ə qarşı sərt tədbirlər həyata keçirir. Bu prosesin sonunu necə görürsünüz?

- Əslində Türkiyə 15 il əvvəl atmalı olduğu addımı indi atır. ABŞ İraqa müdaxilə edən zaman Ankara istədiyi yolu Vaşinqtona verməli, bəlkə də İraqa daxil olan ordunun başında özü dayanmalı idi. Fikrimcə, belə addım atılsaydı, indi mövcud olan problemlərin və təhlükəsizlik təhdidlərinin çoxu aradan qalxar, Suriyanın Türkiyə ilə sərhəddində bufer zona yaratmağa ehtiyac qalmazdı. Bu zaman İraqda Kürdüstan muxtar qurumunun yaranması da mümkün olmayacaqdı. Burada söhbət Kərkük və Mosuldan gedirdi. Bütün qaz yataqları da bu ərazilərdədir. Bura isə türk torpaqlarıdır. Vaxtında buralara girmədilər. Yəni problemi beşikdə həll etmək lazım idi. İndi Türkiyə təkbaşına hərbi əməliyyatlar aparır, daxildə xain hücumlarla qarşılaşır və hər gün şəhidlər olur. Məncə, 10-15 il əvvəl bu addımlar atlılsaydı, xain başlar əziləsydi, bəlkə də bundan sonra demokratiya və barış projesinə başlamaq daha yaxşı olardı. Hər halda Türkiyənin güclənməsi, hüquq dövləti olması, dünyada öz sözünü deməsi, inkişafı bizim üçün əlavə gücdür. Bu mənada proqressiv addımlar lazımdır.

- G-20-nin sammitində iştirak etmək məqsədilə Çinə gələn prezident Obama təyyarədən ehtiyat qapıdan çıxmalı oldu, çünki təyyarənin trapına xalı sərilməmişdi, daha sonra onun müşaviri ilə çinli məmur arasında qarşıdurma yarandı və s. Sizcə, bu addımlarla Çin Vaşinqtona nə anlatmağı istəyirdi?

- Çinin böyük güc olduğuna şübhə yoxdur. Amma özünə əmin olan və gücünə inanan heç bir fərd, qurum və dövlət özünü belə aparmaz. Başqa sözlə, bizim dildə, adamlar arasında belə münasibətlər ortaya çıxanda ona tərbiyəsiz deyirlər. Yox, əgər bu diplomatik demarşdırsa, mənasız addımdır. Əgər sən güclüsənsə və özünə əminsənsə, belə xırda uşaq söhbətlərinə getməməlisən. Əksinə, gücünü iqtisadiyyatınla, texnologiyalarınla, inkişafla ortaya qoymalısan.

- Çin iqtisadi baxımdan ən sürətlə inkişaf edən ölkə deyilmi?

- Açığı, Çinin özünün ixtira etdiyi texnologiya haqda eşitməmişəm. Çində gözəl kope-peste var. Çində çox zəhmətkeş millət var, səhərdən axşama qədər işləyirlər. Əlbəttə, Çin son illər inkişaf etdi. Amma rəqəm etibarı ilə birdən-birə irəli getdikləri üçün bəzi reallıqlar ortaya çıxdı. Məsələn, Almaniya iqtisadi yüksəliş ildə 0,5 və ya 1 faiz ola bilər. Çində illər əvvəl illik iqtisadi inkişaf 12-15 faizə çatırdı. Lakin iş ondadır ki, bir var dolu qab 0,5 və ya 1 faiz artsın, bir də var boş qabın içərisini 8 faiz doldurursan. Adda bu olur ki, 8 faizlik artım oldu. Bunları ayırd etmək lazımdır. Ancaq bir daha qeyd edirəm ki, Çini saymamaq ağılsızlıq olardı. Çin böyük iqtisadi potensialdır, əhalisi işləkdir. Bir də Çində sosialist sistemi var. Çox adam deyir ki, Çin modeli var. Mən bilmirəm söhbət hansı modeldən gedir. Məncə, orada sistemsiz iqtisadiyyat var. İnsan potensialı və əhali o qədər güclüdür ki, bunun hesabına inkişaf edə bilirlər. Lakin bunun həddi var. SSRİ-də də müharibədən sonra güclü iqtisadi irəliləyiş oldu. Bunu texnologiya olmadan, insan əməyinin istismarı səbəbindən qaldırdılar. Ancaq müəyyən həddə çatandan sonra yerində sayma başladı. Əslində SSRİ hər hansı bir siyasi məqama görə deyil, sırf iqtisadiyyata görə dağıldı. Çünki iqtisadi münasibətlər düzgün deyildi.

- Son günlərin daha bir müzakirə edilən məsələsi Özbəkistanın gələcəyi, bu ölkədə prezident İslam Kərimovun vəfatından sonra baş verə biləcək hadisələrdir. Siz, bu türk məmləkətində bundan sonrakı prosesləri necə qiymətləndirirsiniz?

- Mən sonuncu dəfə Özbəkistanda 1991-ci ildə olmuşam. Özbəkistan olduqca böyük və zəngin torpaqdır. SSRİ-nin qızılının 40 faizi Özbəkistandan çıxırdı. Bunu çox adam bilmir, çünki qeyri-rəsmi informasiyadır. Özbəkistan zəngin məmləkətdir.

İkincisi, 8 il əvvəl bir özbək jurnalistlə Danimarkada görüşmüşdüm. O, eşidəndə ki, biz xaricə gedəndə deklarasiya doldurmuruq, özümüzlə istədiyimiz qədər xarici valyuta götürə bilirik, gözləri kəlləsinə çıxdı. Çünki orada pasportla 100 dollardan artıq dəyişmək olmazdı.

İndi isə fikrimcə, özbəklər çaş-baş qalıblar. Orada hakimiyyət uğrunda böyük çəkişmələr və davalar gedə bilər. Məncə, vaxtında sistem elə qurulmalı idi ki, Kərimovdan sonrakı dönəmdə çaşqınlığa yer qalmasın. Hamı deyirdi ki, İslam Kərimov var, bizim atamızdır və hər şeyi həll edəcək. Ancaq həqiqətdir ki, bu dünyaya gələn insan övladı, bir gün dünyadan köçməlidir. Bu mənada sistem düzgün qurulmalı idi ki, bir adam gedəndən sonra problemlər yaranmasın, dava və mübahisələr baş verməsin. Amma indi orada nələrin baş verəcəyini demək çətin məsələdir. Məncə, kim güclüdür, Rusiya və başqa ölkələr arxa duracaqsa, həmin şəxs iqtidarı götürə bilər. Eyni zamanda islam hərəkatının burada aparıcı gücə çevrilib-çevrilməyəcəyi məsələsi var. Bir sözlə, böyük problemlər var.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər