7 Sentyabr 2016 18:43
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyevin Trend-ə müsahibəsini təqdim edir.

- Konstitusiyaya dəyişikliklər hansı zərurətdən yaranıb?
- Bildiyimiz kimi, müstəqil Azərbaycanın bölgədə və dünyada iqtisadi və siyasi cəhətdən layiqli yer tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Bu gün cəmiyyətin mütləq çoxluğu etiraf edir ki, müstəqil Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır.

Bu gün bu siyasi və iqtisadi uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu iqtisadi və siyasi uğurlar, meydana gələn yeni ictimai münasibətlər və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi zərurəti zaman-zaman Konstitusiyaya dəyişikliklərin həyata keçirilməsinə rəvac verib.

Belə ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra mühüm dəyişikliklər edilib. Bunlar, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan, Konstitusiyanın, qanunların və bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət edib və Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsinə səbəb olub. Bu müddəaların bir qismi Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı olub.

Qeyd edək ki, 24 avqust 2002-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya dəyişikliklərinə qədər Konstitusiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məsələlərin dairəsi, habelə Məhkəməyə müraciət etmək səlahiyyətinə malik subyektlərin məhdud siyahısı ölkəmizdə konstitusiya nəzarətinin daha səmərəli səviyyədə həyata keçirilməsinə imkan vermirdi. Bu zərurətdən irəli gələrək göstərilən referendum aktına uyğun olaraq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bütün məhkəmələr və hər kəs bilavasitə Konstitusiya Məhkəməsinə müraciət hüququ əldə edib. Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutunun yaradılması vətəndaşların öz hüquqlarını konstitusiya ədalət mühakiməsi səviyyəsində müdafiə etmələri üçün əlavə imkanın yaradılması zərurətindən irəli gəlib.

Qeyd etdiyim kimi, Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib. Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər 3 istiqamət üzrədir: birincisi, insan hüquq və azadlıqlarının genişləndirilməsi, ikincisi, dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, üçüncüsü də, hüquq terminologiyasının dəqiqləşdirilməsidir. Bunların hər üçü dövlətçiliyimizin inkişafındakı yeniliklərin tələbidir.

Qeyd etmək istərdim ki, Konstitusiyaya dəyişikliklər Azərbaycan Respublikasında vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli qorunması, dövlət strukturlarının zamanın tələblərinə uyğun formada təkmilləşdirilməsi, vətəndaşların öz hüquqlarının müdafiəsi məqsədilə məhkəmələrə müraciətlərinin tam şəkildə təmin edilməsi, o cümlədən, seçkili orqanlarda iştirak və burada olan yaş məhdudiyyətlərinin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir. Bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir.

- Konstitusiyaya yeni əlavə dəyişikliklər dövlətin idarə edilməsi sistemində hansı təkmilləşdirilmələrin aparılmasına imkan verəcək? Vitse-prezidentlik institutun yaradılması ölkədə hansı dəyişikliklərin yaranmasına gətirib çıxaracaq?
- Əsas qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, yeni çevik və effektiv idarəetmə mexanizmini inkişaf etdirməkdir. Vitse-prezidentlik institutu ölkəmiz üçün yeni olsa da, dünyada geniş tətbiq olunur. Qeyd edim ki, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ayrı-ayrı sahələrin vitse-prezident səviyyəsində nəzarətə götürülməsi, idarəetmə mexanizminin daha yaxşı və çevik idarə olunması baxımından vacibdir. Beləliklə, vitse-prezidentlik institutu dövlətin idarəedilməsi sistemində müasir operativ və effektiv mərhələnin başlanmasına imkan yaradacaq.

- Konstitusiyaya edilən yeni dəyişikliklərdə prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan vətəndaşları üçün hansı yeni imkanlar yaradacaq?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz artıq neft kapitalını insan kapitalına çevirməli və ondan səmərəli istifadə etməliyik. Bu istiqamətdə çox böyük işlər həyata keçirilir. Yaş məhdudiyyətinin aradan qaldırılması və endirilməsi ölkəmizdə bilik və təcrübəsi ilə cəmiyyətdə tanınan gənclərin idarəetməyə cəlb edilmə imkanının yaranması zərurətindən irəli gəlir. Onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması dövrün aktual tələblərindən biridir. Təklif edilən dəyişikliklər gənclərin dövlət idarəetmə sistemində fəal iştirakına şəraitin yaradılmasını nəzərdə tutur. Yəni seçkilərdə iştirak hüququ olan bir şəxs, xüsusən də 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şansını sınaya biləcək, yaxud da istedadlı, bacarıqlı gənclər müxtəlif yüksək vəzifələrə təyin olunacaqlar.

Əmin olduğumu bildirmək istərdim ki, bizim gənclər dövlət sistemində çalışan müdrik, yüksək və peşəkar keyfiyyətlərə malik olan və uzun müddət dövlət qulluğunda çalışan mütəxəssislərin zəngin təcrübəsindən yararlanaraq, müasir dövlətçiliyimizin qorunması və inkişafında öz səylərini əsirgəməyəcəklər.

- Konstitusiyadakı dəyişikliklərin böyük bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. İnsanların hüquq və azadlıqlarının daha təkmil formada müdafiəsi üçün Konstitusiyada hansı dəyişikliklər edilir və bunlar adi vətəndaş üçün hansı əhəmiyyət kəsb edəcək?
- Əvvəldə də qeyd etdiyim kimi, Konstitusiyaya 2002-ci və 2009-cu illərdə edilən dəyişikliklərin böyük hissəsi məhz insan hüquq və azadlıqlarının genişləndirilməsi və onların müdafiə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, bu gün Konstitusiyaya Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən təklif edilən 29 yeni dəyişiklikdən 15-i məhz insan hüquqları bölməsinə aiddir. Bu dəyişikliklər Azərbaycanda insan hüquqlarını daha səmərəli təmin etmək və qorumaq, həmçinin bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı dəyişikliklər hüquqi cəmiyyətin inkişafına töhfə verəcək. Referendum Aktının layihəsində qeyd edilib ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək maddələrdən biridir və bu cür yanaşma son illər ölkəmizin məhkəmə-hüquq sistemində həyata keçirilən və Avropanın ən qabaqcıl təcrübəsinə əsaslanan çox mütərəqqi, müasir və effektiv islahatlara xidmət edəcəkdir.


Müəllif:

Oxşar xəbərlər