15 Sentyabr 2016 15:38
2 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı ilə müsahibəni təqdim edir.

- Nüşabə xanım, Milli Şuranın növbəti mitinq təyin etməsinə və bu zaman Müsavatın keçirmək istədiyi tədbiri nəzərə almamasına münasibətiniz necədir?
- Çox təəssüf edirəm. Həm də ona görə ki, biz Milli Şuranın 11 sentyabr mitinqini dəstəklədik, Müsavat rəhbərliyi olaraq bu tədbirdə iştirak etdik. Bununla mesaj verdik ki, Müsavat Partiyası müxalifətin birliyində maraqlıdır, aksiyaların birgə olmasına etiraz etmir. Bir sözlə, biz Müsavat olaraq, bir daha öz böyüklüyümüzü göstərdik. Ancaq çox təəssüflər olsun ki, bütün bunlardan sonra Milli Şura Müsavatın mitinq təyin etdiyini bilə-bilə bir gün əvvələ tədbirini elan etdi. Bu çox təəssüf doğuran bir hərəkət idi.

- Sizcə, nədən Milli Şura aksiyasını bir gün əvvələ saldı?
- Açığı, mən bunun səbəbini bilmirəm. Hesab edirəm ki, bunun səbəbini AXCP və Milli Şura açıqlamalıdır. Sizlər bu sualı əslində onlara ünvalamalısınız.

- Amma siz illərin siyasətçisiniz və bunun səbəbini bilməmiş olmarsınız...
- Bilirsinizmi, proqnozlar əsasında danışanda yanlışlığa yol vermək olar. İkincisi, mən istəməzdim ki, partiyalar arasında narazılıq, etimadsızlıq, ittihamlar olsun. Amma ən azından biz göstərdik ki, xalqın yanındayıq, birlikdə maraqlıyıq.

- AXCP sədrinin müavini Gözəl Bayramlı isə bəyan edib ki, Müsavat funksionerləri Milli Şuranın tədbirini müzakirə etməkdənsə, gedib öz mitinqlərinə hazırlaşsınlar...
- Narahatlığa əsas yoxdur. Biz onsuz da öz işimizlə məşğuluq. Ümid edirəm ki, xalqımız bizə dəstək ifadə edəcək.

- Gəlin açıq danışaq, bütün bunlar əslində müxalifətdə birincilik uğrunda yarışa start verildiyini göstərmirmi?
- Əslində ən yanlış addım budur ki, sən xalqın problemlərini bir kənara qoyaraq mənəm-mənəmliklə məşğul olasan. Məncə, siyasətdə ən yanlış qərar və hərəkət budur. İnanıram ki, xalqımız gec və ya tez bunu görəcək, anlayacaq və öz münasibətini bildirəcək.

- Hazırda müxalifətdə “birinci mənəm”prosesi gedirmi?
- Müsavat Partiyası bu prosesdə iştirak etmir.

- Müsavat başqanın müavini Yadigar Sadıqlı bəyan edib ki, AXCP-nin apardığı siyasətin mahiyyətində “gerçək müxalifət bizik, Müsavat isə satqındır” durur...
- Təbii. Biz dəfələrlə qeyd etmişik ki, mübarizəni müxalifət daxilində aparmamaq lazımdır. Çox təəssüflər olsun ki, bəzi siyasi partiyalar mübarizəni müxalifətin daxilinə daşıyırlar, bunun üçün işləyir, mübarizəni Müsavatla aparırlar.

- Yəni AXCP və ya Milli Şura mübarizəsini Müsavatla aparır?
- Bəli, Müsavatla. Müxalifət deyəndə ölkədə bir ana müxalifət var və o da Müsavatdır.

- Niyə Müsavatla aparırlar, düşünürlər ki, Müsavatdan zəifdirlər?
- Yəqin ki, səbəb siz deyəndir. İctimai rəydə Müsavat tamamilə fərqli siyasi partiyadır. Ən azından rayon və bölgələrdə Müsavatın yerli təşkilatları var, üzvlərinin sayı çoxdur. Üstəlik Müsavat elitar mübarizə aparır. Bütün bunlar Müsavatı digər partiyalardan seçir. Həmçinin Müsavatın “mən, mən” demədən xalqın mənafeyini əsas tutması bizi digərlərindən fərləndirir.

- Milli Şuranın tədbirini bir gün əvvələ salması faktiki olaraq Müsavatın keçirmək istədiyi mitinqin baş tutmamasına hesablanmayıbmı?
- Təbii ki, mən də belə hesab edirəm. İş ondadır ki, biz 11 sentyabr tədbirindən çıxanda mən bəzilərinə dedim ki, filan tarixdə tədbir olacaq. Onlar isə mənə cavab olaraq bildirdilər ki, növbəti tədbir Müsavatın mitinqindən bir gün qabaq olacaq və bununla bağlı meydanda danışıldı. Yəni insanları aldatmaq, çaşdırmaq, yanlış rəy formalaşdırmağa yönələn siyasət yürüdürlər.


Cavid


Müəllif: