23 Sentyabr 2016 14:56
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müshibəni təqdim edir.

- Sülhəddin bəy, Suriyada vəziyyətin kəskinliyi göz önündədir. ABŞ-a bağlı qüvvələr son günlər Əsəd ordusunu bombardman etdi, Rusiya humanitar yardım karvanını vurdu, Türkiyə ərazidə hərbi əməliyyatlara start verib. Bölgədə vəziyyəti necə analiz etmək olar?
- Suriya məsələsi yeni dünya düzəni quruculuğu və dünyada bununla bağlı qarşıdurma ilə əlaqəlidir, mürəkkəb bir prosesdir. Yeni dünya düzəni quruculuğu postsovet məkanına daxil olduqdan sonra Rusiya Suriya həmləsi etməklə bu oyunu öz meydanından uzaqlaşdırmağa cəhd edib. Bunun nəticəsində də Suriyada vəziyyət bir qədər də mürəkkəb hala gəlib. Suriyada geopolitik maraqlar toqquşur. Burada bir tərəfdən ABŞ-Avropa Birliyi, digər tərəfdən Rusiya, üçüncü tərəfdən regional dövlətlər olan Türkiyə və İranın maraqları toqquşur. Suriayda bir tərəfdən Rusiya-İran-Əsəd regimi, digər tərəfdən ABŞ və onun müttəfiqləri-Türkiyə, sünii ərəb dövlətləri qarşı qarşıyadır. Bəzən burada müttəfiqlər daxilində də maraqlar toqquşur. Məsələn, Türkiyə ilə ABŞ-ın maraqları kürd zolağı və PYD-yə münasibət məsələsində üst-üstə düşmür. Türkiyə Rusiyanın Suriya siyasətində qarşı tərəf olmasına rəğmən, bəzi məsələlərdə Moskva ilə anlaşa bilir. Məhz bunun nəticəsidir ki, hazırda Ankara Suriyada əməliyyatlara başlaya bilib. Göründüyü kimi, bəzən bir cəbhə daxilində maraqlar toqquşur, qarşı tərəflə isə operativ-taktiki maraqlar üst-üstə düşür. Burada geopolitik, operativ, taktiki maraqların mürəkkəb yumağı yaranıb. Bu məsələnin həlli üçün ABŞ-ın liderliyinə ehtiyac var. Amma Barak Obama dönəmində ABŞ bu liderliyini itirdiyinə, lazımı səviyyədə həyata keçirə bilmədiyinə, habelə "ərəb baharı" prosesində ABŞ-ın “gözləntiləri” özünü doğrultmadığına görə geri çəkilib. ABŞ-ın geri çəkilməsi fonunda Rusiya yaranan durumdan məharətlə istifadə edib. İndi Suriyada maraqlar savaşı gedir və hər kəs çalışır ki, öz nəzarətində olan ərazini böyütsün. Bunun üçün də vəkalət savaşı gedir, heç kim öz əsgərini orada itirmək istəmir. Bu səbəbdən də yerli qüvvələrdən istifadə edirlər. Nəticədə yuxarılarda böyük güclər, aşağıda isə yerli güclər toqquşur. Bir daha qeyd edirəm ki, Suriya məsələsi indi ən kritik və mürəkkəb məsələdir. Əsəd rejimi məsələsi var, terrorizmlə mübarizə və geopolitik çərçivədə Rusiya-Amerika toqquşması var. Eyni zamanda sünni-şiə, regional dövlətlərin maraqları. Bu da son anda ağır durum yaradıb. ABŞ liderlik funksiyasını yerinə yetirməyənə qədər Suriyada vəziyyət mürəkkəb olaraq qalacaq.

- Türkiyə ona yaxın Suriya ərazisində təhlükəsizlik bölgə yaradacağını elan edib, hazırda hərbi əməliyyatlar keçirir. Sizcə, Türkiyənin kürd zolağının qarşısını almaq məqsədilə atdığı addımlar effektivdirmi?
- Bu məsələdə ABŞ və Türkiyənin maraqları toqquşur. Ankara PYD-ni və onun silahlı qolu olan YPG-ni terror təşkilatı və PKK-nın davamı olaraq tanıyır. Lakin ABŞ YPG-dən İŞİD-ə qarşı mübarizədə qara qüvvə kimi istifadə edir. Eyni zamanda ABŞ burada Türkiyənin "terror dəhlizi" adlandırdığı PKK kalidorunun yaranmasında maraqlıdır. Əslində burada kürd zolağının yaradılmasında ABŞ maraqlıdır, çünki bu həm də enerji dəhlizidir. Necə ki, İraqın şimalında muxtar kürd bölgəsi yaradılıb, indi ABŞ, İsrail və müttəfiqləri Suriyanın şimalında muxtar kürd bölgəsi qurmaq istəyir. Eyni zamanda bölgənin enerji resurslarını da bu dəhliz vasitəsilə Aralıq dənizinə çıxarmaq istəyirlər. Yəni Türkiyədən yan keçən bir enerji dəhlizi qurmaq istəyirlər. Təbii ki, bu, Türkiyənin strateji maraqlarına ziddir. Odur ki, Ankara Moskva ilə operativ-taktiki anlaşmaya getdi və Firat Qalxanı əməliyyatına start verdi. Adından göründüyü kimi, bu əməliyyat əsasən, sözügedən dəhlizin baş tutmamasına hesablanıb. Odur ki, Türkiyə 98 kilometr uzunluğu, 45 kilometr eni olan təhlükəsizlik bölgəsi qurmaq istəyir.

- ABŞ-da bunu sadəcə seyr edir?
- Vəziyyət bir qədər fərqlidir. 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən sonra Vaşinqton Türkiyənin Rusiya ilə anlaşmasını görərək faktiki durumla barışmalı olub. ABŞ buna məcbur olub. Lakin bu Amerikanın strateji qərarı deyil. Yenə də, taktiki qərardır. Çünki indiki halda Vaşinqtonun Ankaranın gedişlərinə qarşı çıxması Amerikanın maraqlarına zidd olardı. Nəzərə almaq lazımdır ki. ABŞ əslində bu plandan imtina etməyib, uzunmüddətli planda bu məqsədləri durur.

- Türkiyənin son addımları bu prosesi dayandıra bilib?
- Hələlik dayandıra bilib. Amma sabah nəyin necə olacağını demək mümkün deyil. Yəni bunun qarantiyası və təminatı yoxdur.

- Türkiyə Suriya ilə sərhəddə 40 min ordu cəmləşdirib və hər an Suriya ərazisinə müdaxilə edə bilər. Bu baş verərsə, hansı situasiya yarana bilər?
- Hazırda Türkiyənin Suriyada aviasiya qüvvələri, xüsusi təyinatlıları və artilleriyası geniş istifadə olunur. Türkiyə ərazidə quru qoşunları yerinə Özgür Suriya Ordusundan istifadə edir. Onu da nəzərə almaq lazımdır ki, Özgür Suriya Ordusu müxtəlif qüvvələrdən təşkil edilib və burada hər hansı nizami ordudan söhbət getmir. Əraziyə və rəqibə baxdıqda Özgür Suriya Ordusunun qüvvələri məhduddur. Türkiyə nəzərə alır ki, gələcəkdə quru qoşunlarına ehtiyac yarana bilər. Yəni Özgür Suriya Ordusu qarşısına qoyduğu məqsədləri yerinə yetirə bilməzsə, daxilində parçalanma yaranarsa və ya bir hissəsi qarşı tərəfə keçərsə, bu zaman Türkiyənin öz ordusundan istifadəyə ehtiyacı yaranacaq. İkincisi, lojistiq dəstək üçün belə qüvvələrin sərhəddə toplanmasına ehtiyac var. Üçüncüsü, hər hansı ərazini tutmaq əsas deyil, əsas tutulan ərazini əldə saxlamaqdır. Özgür Suriya Ordusunun isə belə ərazini saxlamaq üçün yetərli gücü yoxdur.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər