28 Sentyabr 2016 13:10
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Gürcüstan parlamentinin deputatı Azər Süleymanovla müsahibəni təqdim edir.

- Azər müəllim, Gürcüstanda parlament seçkilərinə çox az vaxt qalıb. Hazırda seçkilərlə bağlı ab-hava necədir?
- Seçkilərə 10 gün qalır. İndi seçkinin ən qızğın mərhələsidir. Hakimiyyətdə olan “Gürcü Arzusu” əlindən gələni edir ki, rəqiblərini zəiflətsin, seçkidə saxtakarlıq etsin. Müxalifət partiyasından olan insanlara təzyiq göstərilir, şantajlar edilirlər. Hakimiyyətdəkilərin uduzmaq qorxusu var. Odur ki, təzyiqlərə keçiblər. Amma Gürcüstan demokratik dövlətdir. Hər bir seçkidə iştirak etməyə, səslərimizi qorumağa hazırıq. Hazırda öz işimizi davam edirik. Belə davam edərsə, yəqin ki, “Gürcü Arzusu” Gürcüstan tarixində arzu olaraq qalacaq.

- Milli Hərəkat Partiyasının sədri, sizin lider hesab etdiyiniz Saakaşvili bəyan edib ki, seçkilərin nəticəsi açıqlanan kimi Gürcüstana qayıdacaq. Gürcüstan prezidenti isə bunun mümkün olmadığını, Saakaşviligələcəyi təqdirdə vəziyyətin gərginləşəcəyini bildirdi. Daxili işlər naziri isə elan etdi ki, Saakaşvili Gürcüstana gələn kimi tutulacaq. Partiyanız bu məsələləri necə qiymətləndirir?
- Saakaşvili Odessa vilayətinin qubernatorudur, Ukrayna vətəndaşıdır. Onun Gürcüstana qayıtması əngəli var. Ona Çin restoranında sup yediyinə və Gürcüstan dövlətini qurduğuna görə cinayət işi açılıb. Buna görə, onun ölkəyə girişinə qadağa mövcuddur. Amma onun ölkəyə gəlişi bir şərtlə mümkündür. Milli Hərəkat Partiyası seçkilərdə qalib gəlməlidir. Partiya qalib gələcəksə, bu zaman Saakaşvilinin ölkəyə qayıtmasında problem olmayacaq, heç kim onun qarşısını kəsə bilməyəcək. Hazırda Milli Hərəkat Partiyası ölkədə böyük nüfuza malikdir. Hətta “Gürcü Arzusu”nu da geridə qoyur. Bu partiya 9 il ərzində Gürcüstanda demokratik dövlət qurub. Son 4 ildə isə İvanaşvili bu prosesi ancaq dağıdır.

- Gürcü ictimai rəyinə əsaslansaq, seçkilərdə hansı partiya daha çox səs ala biləcək?
- Bilirsinizmi, seçki prosesi elədir ki, nəticələri seçkidən bir gün sonra dəqiq bilmək olar. Amma qeyri- hökumət təşkilatlarının apardığı rəy sorğularına görə, Milli Hərəkat Partiyası 30-35 faiz səs ala bilər. Eyni zamanda təxminən 50-55 dairədə ikinci tur seçkiləri gözlənilir. Odur ki, heç kəs dəqiq proqnoz verə bilməz. Əgər bu gün hakimiyyətdə olan partiya özünün qələbəsinə dair proqnoz verə bilmirsə, deməli müxalifətin nüfuzu yüksəkdir. Bizim partiyanın namizədlərinin dediyinə görə, bölgələrdə seçicilərlə görüşləri zaman minlərlə insan toplaşıb onlara qulaq asırlar. Ancaq hakimiyyət partiyasının namizədləri belə çoxsaylı görüşlər keçirə bilmirlər.

- Gürcüstanda namizədliyini verən azərbaycanlıların sayı nə qədərdir?
- Baxırsan ki, biri seçkidə namizədliyini irəli sürür, digəri geri götürür. Amma deyim ki, azərbaycanlıların kompakt yaşadığı regionlarda namizədlərimiz var. Məsələn, mənim seçkiyə getdiyim Marneulidə 4 azərbaycanlı rəqibim var. Başqa bölgələrdə də vəziyyət belədir. Haradasa 15-ə yaxın azərbaycanlı namizəd var. İqtidar partiyasında da azərbaycanlı namizədlər var. Bildiyim qədər iki namizəddir. Digər partiyalardan da azərbaycanlı namizədlər var. Haradasa 15 nəfərə yaxındır. Normal seçki rəqabəti gedir. Əlbəttə, ola bilər ki, onların içərisində təsadüfi adamlar, kimlərinsə əlində alət olanları da ola bilər. Amma namizədlər içərisində layiqli namizədlərimiz də çoxdur. Mən kiminsə haqqında mənfi söz demək istəməzdim. Bu siyasi mübarizədir və hər kəs də sivil formada mübarizəsini aparmalıdır. İçərimizdə olan tərbiyəsiz namizədlər də var və biz onlara fikir vermirik.

- Azərbaycanlı seçicilərin seçkiyə gələcəyi ehtimalı güclüdür, yoxsa evində oturub prosesi televiziyalar vasitəsilə izləməyi?
- Məndə olan məlumata görə, azərbaycanlıların yaşadığı kompakt ərazilərdə seçki fəallığı yüksək olacaq. Əhalimiz son 4 ildə həm də ümidlərini itirib. Bizim ehtimalımıza görə, azərbaycanlıların 70-80 faizi Milli Hərəkat Partiyasına dəstəkləyəcək. Müşahidələr deyir ki, azərbaycanlıların seçki fəallığı yüksək olacaq.

- Seçkidə əsas mübarizə “Gürcü Arzusu” ilə Milli Hərəkat Partiyası arasında olacaq. Hər iki partiya azərbaycanlıların kompakt yaşadığı ərazilərdən azərbaycanlı namizədləri irəli sürüb. Bəs azərbaycanlı namizədlər arasında münasibətlər necədir?
- Burada dediyiniz kimi, əsas rəqabət iki təşkilat arasında gedir. Başqa partiyalardan verilən namizədlər prosesə formal olaraq qatılmış görünür. Biz normal və sivil formada seçki mübarizəsi aparırıq. Kiminsə ünvanına yalandan qara fikirlər demək, artıq ifadələr işlətmək niyyətindən uzağıq. Normal dövlətdə seçkilər gedir, biz XXI əsrdə yaşayırıq. Gürcüstan Avropa Birliyinə üz tutursa, biz XVIII əsrə uyğun seçki keçirmıli deyilik, namizədlər bir-biri haqqında yalan fikirlər deyəcək səviyyədə olmamaldıır. Məsələn, “Gürcü Arzusu” Marneulidən mənə rəqib kimi Ruslan Hacıyevin namizədliyini irəli sürüb. Biz sivil formada seçki kampaniyası aparırıq, bir-birimizə qarşı etik sərhədləri keçmirik. Hesab edirəm ki, bu cür də olmalıdır. Seçki bir yarışdır və qalib bir nəfər olur.

NEMƏT


Müəllif: