Teleqraf.com Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun keçmiş icraçı direktoru, şərqşünas alim Fərda Əsədovla müsahibəni təqdim edir.
- Fərda müəllim, hazırda Yaxın Şərqdə baş verən prosesləri necə qiymətləndirirsiniz?
- İndiki vəziyyəti yeni və tarixi bir mərhələdə Yaxın Şərq siyasəti səhnəsinin qurulması kimi qəbul etmək olar. Bir mərhələ vardı, SSRİ və onun müttəfiqləri ilə Qərb ölkələri arasında "soyuq müharibə" gedirdi. Sonrakı mərhələdə bu qarşıdurma başqa forma aldı. İndi bu siyasəti yenidən qurmaq, yeni təsir və güc mərkəzlərini yaradaraq qüvvə nisbətlərinin əsasını qoymaq haqda düşünürlər.
Nəticədə uduzan tərəf şübhəsiz ki, ərəb coğrafiyası, ərəb ölkələridir. Bu təəssüf ki, onların öz daxili tarixinin başqa acınacaqlı mərhələsi ilə üst-üstə düşdü. Həmin acınacaqlı mərhələ dünyəvi ərəb dövlətlərinin böhranı, iflic vəziyyətə gəlməsidir.
- Hazırda Suriyada İslam Dövləti adlı şəbəkəyə qarşı ciddi əməliyyatlar keçirilir. Bu prosesdə ABŞ, Avropa, Rusiya və hətta Türkiyə də aktiv iştirak edir. Əslində neçə ildir ki, bu əməliyyatlar aparılırdı. İndi kəskin fazaya daxil olan əməliyyatların real nəticəsi olacaqmı?
- İŞİD səhnəyə gəldikdə mən düşünürdüm ki, ona qarşı keçirilən əməliyyatlar, İŞİD-lə mübarizə əsnasında siyasi qüvvələr mövqelərini möhkəmlədəcək və əsas istiqaməti bu terror şəbəkəsinə yönəltməklə tarixi-siyasi şərait quracaqlar. Mən o vaxt ehtimal edirdim ki, İŞİD qısa zaman ərzində siyasi səhnədən getməli olacaq. Amma İŞİD heç şübhəsiz ki, böyük siyasi maraqların toqquşması konteksində fəaliyyətini xeyli müddət davam etdirdi. Gözlənilirdi ki, İŞİD məhz bu qüvvələrin siyasəti hesabına gedəcək, əvəzində tarixi-siyasi şərait yaranacaq. İndi əminəm ki, İŞİD bu mərhələdə xeyli zəifləyəcək və siyasət səhnəsindən gedəcək.
Məsələ ondadır ki, Qərbdə, eləcə də bir çox mərkəzlərdə düşünülür ki, islam amilinin İŞİD-lə üst-üstə düşməsinə imkan verməmək lazımdır. Yəni söhbət ərəb dünyasında baş verən ədalətsizliyin ortadan qaldırılmasından gedirsə, islam düşüncəli insanlar təcrid olunmamalıdır. Mən düşündüyüm qədər ABŞ müəyyən islamçı qüvvələrin saxlanmasını nəinki öz maraqlarını qorumaq məqsədilə edəcək, bunu həm də strateji düşüncə aləti kimi də öz siyasətində nəzərə alacaq. Rusiyanın siyasəti bu mənada o qədər də strateji düşüncəli deyil.
- Sirr deyil ki, İslam Dövləti terrorçu şəbəkəsinə qədər ABŞ və digər ölkələr "Əl-Qaidə"yə, "Hizbullah" və digər terrorçu quruplara qarşı mübarizə aparırdı. "Əl-Qaidə" zəiflədi, Bin Laden öldürüldü, alternativ olaraq İŞİD ortaya çıxdı. Bəs İŞİD məhv edildikdən sonra yarana biləcək boşluğu hansı terror təşkilatı dolduracaq, İŞİD-i növbəti mərhələdə hansı terror şəbəkəsi əvəz edəcək?
- Mən optimist insanam və hesab edirəm ki, məsələni bu şəkildə qoymaqda haqlısınız. Şübhəsiz ki, problemlər öz həllini tapmayacaqsa hər zaman radikal, ekstremist qüvvələrin baş qaldırması mümkün olacaq. Çünki insanların aciz formada qalması, problemlərin həll olmaması hər zaman ifratçı qüvvələrin fəaliyyətinə şərait yaradır. Odur ki, bu olacaq. Məncə, artıq məqamı çatıb və Yaxın Şərq böhranının kompleks sağlamlaşdırılması gündəmə gəlməlidir. İndi diqqət edin, Yaxın Şərq və Orta Şərqdən danışarkən, ancaq və ancaq İŞİD, İraq, Suriyadan danışılır. Fələstin məsələsi həll edilməsə də, bu proseslərin kölgəsində qalır, İsrailin digər ərəb ölkələri ilə qarşıdurması sanki siyasətçiləri düşündürmür. Mən diqqəti ona çəkmək istəyirəm - bu dəfə ortaq olsa da, sülh şəraitinə nail olmaq mümkün olacaqsa, Orta Şərqin sağlamlaşdırılması strategiyası ortaya qoyulmalıdır. O cümlədən Ərəb-İsrail, Fələstin-İsrail problemləri və s.
- İndi həm də Mosulda İŞİD-ə qarşı ciddi əməliyyatlar gedir. Söhbət türkmənlərin tarixən yaşadığı ərazilərdən gedir. Görünən odur ki, bura sahib çıxmaq istəyən mərkəzi Bağdad, Şimali İraq Kürd Muxtariyyəti, digər aşirətlər və hətta İran da var. Türkiyə isə kənardan bu prosesləri izləyir, ancaq bəyanatlar verir. Siz yaranan durumu, türkmənlərin gələcək perspektivini necə görürsünüz?
- Bu hadisələrin nə ilə nəticələnəcəyi haqda təsəvvür yarada bilmərəm. Başqa mütəxəssislərin də bu haqda konkret fikir deyə biləcəyini zənn etmirəm. Onu deyə bilərəm ki, Mosul türk və türkmənlərin yaşadığı tarixi ərazidir. Üstəlik türkmənlər xaricdə yaşayan və qeyri-azərbaycanlı hesab olunan, fəqət bizə çox yaxın olan xalqdır. Türkmənlərin taleyi məhz Türkiyənin həmin regiondakı siyasəti və nüfuzu ilə bağlıdır. Eyni zamanda kürd millətçi qüvvələrinin hansı siyasət aparacağı və onların daxilində olan münasibətlərdən asılıdır.
İndi gündəmə sülh şəraiti yaradıb, birgə əmin-amanlıq və dövlət quruculuğu fəaliyyəti aparmaq ortaya qoyulursa, burada Türkiyə xeyli təsir göstərici və iştirakçı qüvvə kimi çıxış edə bilər. Eyni zamanda kürdlərin də bir qismi öz maraqlarını Türkiyə amili ilə bağlayır. Bilirsiniz ki, İraqdakı kürdlər heç də yekdil mövqedən çıxış etmirlər. Türkiyənin bu siyasətdə bir oyunçu olması müəyyən qədər türkmənlərin haqlarının bərpa olunması kömək edəə bilər. Əlbəttə ki, Mosulu türkmənlərin şəhərinə çevirmək çətin olacaq. Bir zamanlar orada türkmənlər çox idi, son illər isə azalma baş verib. Kürdlərin bir qismi Mosulu və Kərkükü öz əraziləri sayır, Kürdüstan hesab edir. Amma qeyd etdiyim kimi, burada məqsəd sülh və dövlət quruculuğu olacaqsa, düşündüyüm qədər Türkiyə bir amil kimi türkmənlərin haqlarının tam məyusluq həddə çatmasına imkan verməyəcək.
NEMƏT