Teleqraf.com ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı politoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir.
- Dünyada, eləcə də ABŞ-da Hillari Klintonun qalib gələcəyi proqnozları irəli sürülsə də, Donald Tramp artıq prezident seçilib. Sizcə, niyə proqnozların 90 %-i səhv çıxdı?
- Məncə, siz səhv ifadə edirsiniz. Belə ifadə etmək lazımdır: dünyada, eləcə də ABŞ-da çoxları xanım Klintonun prezident seçilməsini hazırlayır və arzulayırdı. Məsələ ondadır ki, ABŞ-da ən böyük televiziya kanalları, “Vaşinqton Post”, “New York Times” kimi nəşrlər, öndə gedən qurumlar birmənalı olaraq və ABŞ demokratiyasına uyğun gəlməyən formada Donald Trampa qarşı hücum kampaniyası, qara piar aparır, birtərəfli olaraq Klintonun tərəfini tuturdu. Mən kənardan baxan demokrat olaraq, bunu ədalətsizlik sayır və ABŞ-dan örnək götürən ölkələr üçün nümunə kimi görmürdüm. Açıq-aşkar birtərəfli olaraq şəxsiyyəti alçaltmaq işi aparılırdı. Aparılan sorğuların çoxu da ictimaiyyəti Trampa qarşı kökləmək məqsədi güdür, bu zaman xanım Klintonun xeyrinə nəticələr elan olunurdu. Baxmayaraq ki, Klinton talantlı xadimdir, bəlkə də o prezident ola bilərdi. Lakin onun seçilməməsi siyasi elitaya məxsus olmasından doğurdu. Məsələ ondadır ki, Trampa qarşı kampaniya birtərəfli idi, amma Amerika xalqı dəyişim istəyirdi. Xalq Klintonun şəxsində Obama siyasətinin davamını görür, yeni dəyişim görmürdü. Trampı isə dəyişikliklərin ifadəçisi hesab edirdi. Bu xalqı nə xarici siyasət, nə də həmin qəzetlərin önə çıxardığı məsələlər maraqlandırır. Əhalinin 5 %-i xarici siyasətlə maraqlanmır. Dəyişiklik istəyən xalq seçkilərə daha çox qatılmaqla Trampa səs verdi və ona qarşı aparılan kampaniyanın dağıdılmasına səbəb oldu.
- Trampın seçki platformasında daha çox daxili problemlər qabardılırdı. Deyə bilərik ki, Tramp Ağ-Evə köçdükdən sonra prezident kimi daha çox daxili siyasətlə məşğul olacaq, daxili problemlərin həllinə çalışacaq?
- Belə suallar daha çox ABŞ-dan kənar ölkələr üçün maraqlıdır. Çünki çoxları hesab edir ki, bu saat ABŞ-da prezident və onun aparatı iş-gücünü bir kənara ataraq düşünür ki, filan ölkələrlə hansı siyasəti izləyim, bu ölkədə necə çevriliş edim, insan haqlarını necə təmin edim və s. Əsla! ABŞ xalqının 5 %-ni də bu məsələlər maraqlandırmır. Bu xalq coğrafiya və tarix üzrə kasıbdır, çoxları bilmir ki, ABŞ-ın 50 ştatı hansı ardıcıllıqla yerləşir. Çünki hər kəs öz işi ilə məşğuldur, daha çox daxili problemləri haqda düşünürlər. Odur ki, Trampın ilk fəaliyyəti daxili siyasətlə bağlı olacaq. Eyni zamanda ABŞ böyük ölkə olduğundan bir çoxları problemlərin ABŞ tərəfindən həll ediləcəyini düşünür. Amma bu yanlış düşüncədir. Donald Trampın xarici siyasətində islahatlar aparacağını gözləmək olar. Tramp dəyişiklik adamı olduğu üçün səs alıb. Odur ki, yeni prezident ancaq daxili siyasət deyil, xarici siyasətdə də uzun illər oturuşmuş olan yanaşmaları dəyişdirməyi planlaşdırır. Daxil siyasətdə ABŞ iqtisadiyyatını genişləndirmək, daha çox iş yeri açmaq xətti əsas götürüləcək, xarici siyasətdə isə ABŞ-ın milli maraqlarını nəzərə alaraq addım atmaq yanaşmasına üstünlük verəcək. Çünki seçkilər zamanı Tramp bunu vəd edirdi.
- Tramp həm də bəyan etmişdi ki, NATO-nu zəiflədəcək. Bu gözlənilirmi?
- Bu, Trampın irəli sürdüyü yanaşma deyil. Neçə illərdir ki, ABŞ Konqresində və Senatda bu haqda müzakirələr, debatlar gedir. Çünki NATO-nun özündə də qərar qəbul edilib ki, hər bir ölkə büdcəsinin 2 %-ni müdafiə xərclərinə yönəltsin. Ancaq heç kəs bunu etmir. Bu səbəbdən də bütün güc ABŞ-ın üzərinə düşür. Bu şikayətləri ABŞ-ın ən intellektual siyasətçisi, sabiq müdafiə naziri Robert Qeyts istefaya getməzdən 1 ay əvvəl bildirmişdi. O, deyirdi ki, bu cür davam edərsə, Konqres ABŞ-ın NATO ilə münasibətlərinə yenidən baxa bilər. Tramp da deyir ki, biz nəyə görə pullarımızı onların təhlükəsizliyinə xərcləməliyik? Yeni prezident bu işə həm də ABŞ iqtisadiyyatının məsələsi kimi baxır. Bəyanatı da ona görə verir ki, NATO-nun Avropa müttəfiqləri ümumi paya pul qoysunlar.
- Yeni prezident ABŞ-ın NATO ilə münasibətlərinə yenidən baxacaqsa, bu Avropada Rusiya təhlükəsini gücləndirməyəcək ki?
- Bu vədlər verilib. Ancaq Tramp hakimiyyəti aldıqdan sonra bu məsələlər NATO-da olan müttəfiqlərlə bağlı qapılar arxasında müzakirə ediləcək. Tramp ciddi şəkildə çalışacaq ki, Şərqi Avropa ölkələri öz təhlükəsizliyinə maliyyə ayırsın. Mən düşünmürəm ki, bu, NATO-nun parçalanması, ABŞ-ın alyansdan çıxmasına aparan yol olacaq.
- Çoxları iddia edir ki, Trampın seçkini udmasından sonra Rusiya revanş götürəcək. Siz, bu haqda nə düşünürsünüz?
- Rusiya indi ABŞ və Qərb ölkələri tərəfindən tamamilə izolyasiyadadır. Prezident Putin də Trampın verdiyi optimist bəyanatlardan ruhlanıb. Putin Krımı ilhaq etdikdən sonra Qərb ölkələri ilə normal siyasət aparırdı. Lakin ABŞ və Avropa bunu rədd edirdi. İndisə Kreml Trampdan bu istiqamətdə fərqli çağırışlar eşitdiyi üçün çalışır ki, münasibətləri əməkdaşlıq, qarşılıqlı anlaşma istiqamətində bərpa etsin. Trampın Ukrayna ilə bağlı bəyanatları Moskvanın maraqlarına tam cavab verirdi. Amma Tramp hakimiyyətə gələndən sonra bu istiqamətdə gedib-getməyəcəyi suallar doğurur.
- Yeni ABŞ prezidentinin Rusiya ilə bağlı siyasəti necə olacaq?
- Tramp Rusiya ilə münasibətləri qurmaq əzmindədir. Bu da Rusiyanın maraqlarına tam uyğundur. ABŞ Krımın ilhaqını tanımasa da, Putin ABŞ-la münasibətləri yüksək səviyyədə qurmağa hazırdır.
- Trampın yeni Yaxın Şərq siyasəti nədən ibarət olacaq?
- Yaxın Şərq mürəkkəb məsələdir. Tramp ilk növbədə İsraillə münasibətləri dərinləşdirəcək. Çünki onun ətrafı İsrailyönlü qüvvələrdən ibarətdir. Özü də İsrailə böyük vədlər verib. Odur ki, bu İsrailə modern silahlar vermək, müdafiə etmək baxımından ciddi dəstək olacaq.
- Bəs, Suriya və İraq siyasəti...
- Əgər Tramp dediyi kimi Rusiya ilə isti münasibətlər quracaqsa, Suriya və İraqda Moskva Vaşinqtonla tam əməkdaşlığa gedəcək. Yəni bu məsələ də yoluna qoyulacaq.
- ABŞ-Azərbaycan münasibətlərində yeni hansı məqamlar ola bilər?
- Mən hesab edirəm ki, ciddi dəyişiklik baş verməyəcək. Münasibətlər olduğu kimi davam edəcək.
- Çoxları deyir ki, prezident kimi Tramp qəti addımlar atacaq. Ancaq belə fikirlər də var ki, ABŞ-da prezident adətən ona təqdim edilən müxtəlif məsələlərlə bağlı araşdırmalar mərkəzlərinin proqramlarını icra edir. Üstəlik prezidentin bir çox məsələlərlə bağlı təkbaşına addımlar atmaq, qərarlar vermək imkanı olmur, çünki Konqres və digər qurumlarla da hesablaşmaq lazım gəlir...
- Bizdə olduğu kimi orada da müxtəlif mərkəzlər var. Vaşinqtonda gündə 10 konfrans keçirilir. Əlbəttə, Ağ-Evdən, Pentaqondan, Dövlət Departamentindən gəlib bu tədbirlərdə iştirak edirlər. Ancaq “belə mərkəzlərin proqramları əsasında prezidentin hərəkət etdiyi” iddiası əsassızdır. Çünki bunun üçün Dövlət Departamentində siyasəti planlaşdırma idarəsi var. Milli Təhlükəsizlik Şurası var. Bəs bunlar kimdir və nəyə lazımdır? Ancaq əlbəttə ki, dəyərli fikirlərdən istifadə edilir. Sonda isə formalaşacaq siyasət prezidentə təqdim olunur, burada müzakirələr aparılır və təbii ki, son sözü də prezident deyir. Bütün siqnallar və məlumatlar prezidentə gəlir və ən çox informasiya da prezidentdə olur.
- Bəs Konqres?..
- Konqres daxili və xarici məsələlərlə bağlı müzakirələr aparır, mövqeyini ortaya qoyur. Bəzən hansısa məsələ Konqresdən keçməlidirsə və Konqres buna razı deyilsə, əlbəttə, bunun qarşısını ala bilir. Ancaq xarici siyasəti aparan prezidentdir. İkincisi, ABŞ demokratik ölkədir. Prezident görəndə ki, Konqres hansısa addımın əleyhinədir, narazıdır, bu məqamı nəzərə alır. Hər şey konsensus əsasında olur. Məsələn, hökumət hansısa ölkəyə silah verirsə, Konqres bunun əleyhinə çıxa və məsələni durdura bilər. Konqres tormozlayıcı addımlar ata, ictimai rəyi dəyişə bilər. Məsələn, prezident Obama İsraillə münasibətlərdə qəti mövqe tutmağa çalışırdı. Amma Konqres onun əleyhinə gedərək vəziyyəti dəyişə bildi. Konqresin rolunu kiçiltmək olmaz, amma xarici siyasəti prezident aparır. Üstəlik indi həm Konqres, həm də Senat respublikaçıların əlinə keçdiyi üçün prezident Trampın işi müəyyən qədər yüngül olacaq.
NEMƏT