Kolumbiya mətbuatı Daşkəsənin icra başçısı Əhəd Abıyevdən yazıb. Colombia.com saytı Əhəd Abıyevin rənglənmiş şiferi sındırdığı anı özündə əks etdirən fotonu manşet xəbəri kimi dərc edib. Məqalədə Əhəd Abıyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub. Sayt bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayır.
Sözügedən məsələyə münasibət bildirməsi üçün Teleqraf.com Əhəd Abıyevlə əlaqə saxlayıb. Onunla müsahibəni təqdim edirik:
- Kolumbiya mediasında Daşkəsəndə keçirilən tədbirdə Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığınız yazılıb və hesab edilir ki, bu, cinayətdir. Artıq Kolumbiya mediası silsilə şəkildə sizə məqalələr həsr edir. Xəbəriniz varmı bu haqda?
- Kimdir Kolumbiyanı Daşkəsəndə keçirdiyimiz o möhtəşəm tədbirə qatan, o ermənipərəst kimdir? Oğru erməni vaxtilə Kolumbiya Respublikasının bayrağını oğurlayıb. 1861-ci ildə Kolumbiya bayrağı yaranıb, ermənilər isə 1990-cı il avqustun 24-də Kolumbiya bayrağını oğurlayıb bayraq yaratdıqlarını elan ediblər. Özü də Kolumbiya bayrağının zolaqları bir az uzun və enlidir. Hərbçilər köhnə şifer üzərində bayraq rəsmini çəkiblər. Onlar rəssam deyillər, simvolik erməni bayrağı çəkiblər. Səhnəyə gətirib nümayiş etdirəndə ürəyim dözmədi, özüm səhnədən aşağı düşüb yumruqladım. Məndə erməniləri müdafiə edənlərə şübhə yaranıb. Çox maraqlıdır, kimdir bu ermənipərəstlər? Düzdür, Azərbaycanda erməni çoxdur, Daşkəsənin özündə də erməni var. Amma onlar burada arvadlıq edirlər, həmişə xidmətimizdə, qulluğumuzdadırlar. Bakıda monitor arxasında oturub erməni bayrağının müdafiəsinə qalxan jurnalistlərin kimliyini araşdırmaq lazımdır. Kolumbiyanı niyə bu məsələyə qatırlar? Ay şərəfsiz, heç erməni bunu edər? Özüm Qarabağ veteranıyam. Xocalı soyqırımı abidəsini ziyarət etməklə iş bitir? Kişisənsə, kişiliyini göstər, ermənilərin iç üzünü göstər! Xocalıda yaşanan o qəddarlıq kino lenti kimi mənim gözümün önündən getmir. Özüm də müharibə iştirakçısı olmuşam, erməni vəhşiliklərinin canlı şahidi olmuşam. Əsgərlərimiz bir-birinin üstünə çıxıb Azərbaycan bayrağını yüksəklərə qaldırdı. Niyə bizim saytlar o səhnəni yazmır, o video görüntüləri yayımlamır, amma erməninin müdafiəsinə qalxır?
- Faktiki olaraq müzakirələr nəticəsində tədbirdən görüntü və məlumatlar Kolumbiya mediasına yol tapıb...
- Şakari adlı müğənni vardı, o vaxt Moskvada konsert verəndə ermənilər əl çalıb demişdilər ki, sağ ol, bayrağımızı qaldırdınız. O da qayıtmışdı ki, oturun yerinizdə, bu, bizim Kolumbiya bayrağıdır. Bunu konsert zalında demişdi. Yadınızdadır o hadisə?
- Neçənci illərdən söhbət gedir?
- Müğənni var ha, Şakari...
- Kolumbiyalı Şakiranı nəzərdə tutursunuz?
- Bəli, bəli Şakira. O erməniləri yerində oturmuşdu ki, bu, bizim Kolumbiyanın bayrağıdır. Burada da ermənisifətlər var. Mən daxili aləmimim paklığından irəli gələrək bu addımı atmışam. Soyqırım yadıma düşdü, dözmədim, səhnədən aşağı düşüb yumruq vurdum.
- Deyəsən, barmaqlarınız zədələnib...
- 4 barmağım əzilib, zərbə düşən yer çox əzilib, rentgendən keçdim, heç bir problem yoxdur, düzələcək. Sadəcə, zərbə vuranda əlimdən qan getdi, sarıdılar, düzəldi.
- Deyirsiniz ki, ermənilər Kolumbiyanın bayrağını oğurlayıb...
- Kolumbiya bayrağı ilə Ermənistan bayrağı arasında fərq var. Kolumbiya bayrağında sarı rəng daha böyükdür. Erməni bayrağında isə üç rəngin hamısı eyni boydadır. Əsgər robot deyil ki, kompüterdə rəngin çalarını dəqiq tutub çəkə. O vaxt dədə-baba ayaqyolunun üstünə şifer qoyurdular ha, əsgərlər elə bir şiferin birini tapıb simvolik olaraq Ermənistan bayrağını çəkiblər. Düzdür, özbək şiferlərindən idi, qalın idi, çox çətinliklə də olsa, yumruqla sındırdım.
Kolumbiyanın məsələyə heç bir aidiyyatı yoxdur. Kolumbiya Azərbaycanın iqtisadi əlaqələr saxladığı, müəyyən beynəlxalq görüş və tədbirlərdə mehribanlıq qurduğumuz dövlətdir. Azərbaycan şükür Allaha, elə inkişaf edib ki, iqtisadi göstəricilər yüksək səviyyədədir, bizdə iqtisadi böhran yoxdur. Kolumbiya ilə Azərbaycan arasında heç vaxt münaqişə ola bilməz, iki ölkənin parlamentlərarası münasibətləri də yüksək səviyyədədir. Erməni-müsəlman davasında da Kolumbiya dövləti Azərbaycana kömək edib. Çünki onlar həmişə ermənini oğru adlandırıb. Deyiblər ki, erməni bayrağımızı oğurlayıb. Kolumbiya bayrağının təhqir olunmasından söhbət belə gedə bilməz. Biz Kolumbiya ilə dost ölkələrik.
- Hərdən sosial şəbəkələrdə Ermənistan prezidenti Serj Sarkisyanın başının hansısa heyvana calaşdırılması, bayrağın yandırılması hallarına rast gəlirik. Sizcə, düşmənlə mübarizədə bu üsuldan istifadə nə dərəcədə düzgün və effektivdir?
- Hər bir insan daxilən erməniyə nifrət etməlidir. Desək ki, ermənilərlə dostluq edəcəyik, o bizə dost olacaq, bu, inandırıcı deyil. Biz işğal altında olan torpaqlarımızı azad etməliyik. Allah qoysa, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğalçılardan təmizləyəcəyik. Daşkəsənin özündən düz Kəlbəcərə kimi yol da çəkmişik, körpü də salmışıq. Aramızda bircə Hinaldağ var, bu dağadək yol çəkmişik. Sovetlər dövründə körpü salmağa çalışıblar, amma düzəldə bilməyiblər. Allah prezidentimizə can sağlığı versin, onun tapşırığı, rayonumuza ayırdığı maliyyə vəsaiti hesabına Kəlbəcərə gedən yolun üstünü düzəltmişik. Kəlbəcərə getmək üçün hazırlıq işlərini tam şəkildə görmüşük. Biz Kolumbiya ilə vuruşmağa hazırlaşmırıq, davamız Ermənistanladır. Bizim güclü milli ordumuz var, silah-sursat hazırlayan Müdafiə Sənayesi Nazirliyimiz var. Qürur hissi ilə demək istəyirəm ki, bu gün müasir texnikamız var, Ali Baş Komandan başda olmaqla qələbə bizimlə olacaq! Erməni əsilli adamlar məsələni Kolumbiyaya yönəltməyə çalışırlar, amma bu cəhd əbəsdir.
- Bu hadisədən sonra sizə hansısa irad oldumu?
- O tədbirdən sonra daşkəsənlilər məni qucaqlayıb öpüb. Çoxu qaçqın-köçkündür, Kəlbəcərdən gələnlərdir. Bir başçı kimi yox, adi vətəndaş kimi təqdir etdilər. Dövlət media orqanlarına baxın, bizim tədbir yüksək səviyyədə işıqlandırıldı.
Kəmalə