10 İyul 2014 12:02
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir nəfər də savadlı insanı belə, arxadan vurmamışam”

Suallarımıza Yeni Azərbaycan Partiyasının üzvü, məşhur “91"lərdən olan professor, sabiq deputat Əli Əlirzayev cavab verib. Sabiq deputat, əsasən, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən son seçkilər, özünün bu seçkilərdə iştirakı məsələsi haqqında danışıb. Eləcə də, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Qurani Kərimi təfsir etməsi, yeni elm kəşfinə dair son açıqlamalarına münasibət bildirib. Əli Əlirzayev həm də 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyinə dair məsələyə də aydınlıq gətirib.

- Əli müəllim, AMEA-da keçirilən son akademik seçkilərinə münasibətiniz necədir?
- Bu seçkilər 3-4 il bundan əvvəl verilən elana uyğun keçirildi. Amma iqtisadiyyat elminə yer verilməmişdi. İqtisadiyyat üzrə nə akademik, nə də müxbir üzvlüyünə yer yox idi. Biz ölkədə baş verən inkişafdan, iqtisadi uğurlardan danışırıq, amma bunun elmi də inkişaf etməlidir. Tarazlığın yaranması və dinamik inkişaf üçün elm irəli getməli, kadrlar olmalıdır. Amma bildiyim qədər, min nəfərdən çox elmlər namizədi, elmlər doktoru var. Lakin bir elmlər doktoru olmadı ki, müxbir üzv və ya akademik seçilsin. Akademiklərin yaşı bu saat 80-dan aşağı deyil. İqtisadiyyat üzrə bir-iki müxbir üzvümüz var, onlarında yaşı 78-dən aşağı deyil. Bizim cəmi 2-3 akademikimiz var. Bu ölkədə çoxlu sayda elmlər doktoru, professorlar var, iqtisadiyyat da inkişaf edir. Onda belə çıxır ki, ya bu elmlər doktorları layiqli deyillər, ya da seçkilərdə onlar ortaya çıxmır. Fikrimcə, bunun özü də təzadlı haldır.

- Bəs Siz niyə namizədliyinizi irəli sürmədiniz?
- Yuxarıda qeyd etdiyim kimi, iqtisadiyyat elminə yer verilməmişdi. Əgər verilsəydi, namizədliyimi irəli sürərdim. İndiyə qədər iki dəfə namizədliyimi vermişəm. Bir dəfə az səs aldım. Çünki cavan vaxtlarım idi. Amma ikinci dəfə namizədliyimi irəli sürəndə millət vəkili idim. Hətta 17 səs toplamışdım. Amma son qərar qəbul ediləndə seçilmədim. Sonradan dedilər ki, Əli Əlirzayev deputatdır. Ancaq indi mənim həmkarım olan deputatların çoxu akademikdir. İqtisad elminin başında ağsaqqal yoxdur, iqtisadiyyat məsələlərini tənzimləyən böyük alimlər yoxdur. Mən hətta namizədliyimi İqtisadiyyat İnstitutuna direktor səviyyəsində vermişəm. Sonuncu dəfə bir neçə nəfərin qəbulunda oldum, dedim məni ora göndərin. Hətta Coğrafiya İnstitutunun direktoru dedi ki, ora sənin boyuna ölçülüb. Mən ora getməyə hazır idim. Düz 17 il bu institutda işləmişəm. Tələbəliyim orada keçib, aspirantlıqdan gəlib elmlər doktoruna qədər qalxmışam, elə oradan da vəzifəyə getmişəm, deputat olmuşam. Ömrümün 40 ilini iqtisadiyyat elminə həsr etmişəm, yüzə qədər dissertant yetirmişəm. İqtisadiyyat elmi ilə bağlı mənə qulaq asa, suallar verə və biliyimi yoxlaya bilərlər. Mən İqtisadiyyat Universitetində elmi işlər üzrə prorektor işləmişəm. 10 il iqtisadi siyasət komitəsinin sədr müavini vəzifəsində olmuşam, 20 ildən çoxdur ki, kafedra müdiriyəm, AMEA-da uzun müddət şöbə müdiri olmuşam. Demək istəyirəm ki, öz sahəmi bilən şəxsəm. Mən həm də MDB məkanında iqtisadiyyat elmi üzrə alimlərlə oturub dururam. Yeganə şəxsəm ki, həm namizədliyimi, həm də doktorluğumu Moskvada müdafiə etmişəm. Heç vaxtda dövlətçiliyə qarşı zərrə qədər də olsun danışmamışam. Düzdür, ədalətsizliyə qarşı fikrimi demişəm, amma bu xalqın və dövlətin xeyrinə olub. Bir nəfər savadlı insanı belə, arxadan vurmamışam. Hesab edirəm ki, Azərbaycanda elmin inkişafı üçün ilk olaraq kadr potensialı lazımdır. Odur ki, enerjili və bacarıqlı insanların qabağa getməsi lazımdır.

- Hazırda bizim neçə iqtisadçı akademikimiz var?
- Bir neçə nəfər var. Bu yaxınlarda Asəf Nadirov vəfat etdi. Ziya Səmədzadə iqtisad elmləri akademikidir. Əlavə üç nəfər də müxbir üzvümüz var. Azərbaycan akademiyasında cəmi 4-5 nəfərlə təmsil olunuruq. Mən özüm də 8 ilə yaxındır ki, bu seçkilərə maraq göstərirəm, akademik olmaq üçün iş aparıram. Mən 60 yaşında vəzifədən getmişəm, amma hazırda elmi fəaliyyətlə məşğulam.

- Belə fikirlər səslənir ki, 80 yaşında akademik olmaq elm üçün effektiv deyil. Çünki bu yaşda insanın potensialı, enerjisi tükənir...
- Əlbəttə, bəzi məsələlərdə bu çətinlik yarada bilər. Cavan insanlar daha çox operativ, enerjili olurlar, çox işləyə bilirlər. Amma nəzərə alın ki, yaşlı alimin də təcrübəsi var. Təcrübə ayrı şeydir. Bir var ki, fikri bir dəqiqə içində ifadə edəsən, bir də var iki günün içində. Elmdə təcrübə böyük şeydir, amma fiziki baxımdan da sağlam olmaq lazımdır. Yoxsa gedib camaatın qarşısında öskürməklə deyil, gərək işləyəsən, müzakirələrə qatılasan, istiqamət verəsən və s.

- Siz elmdə yaş məhdudiyyətinin tətbiqini doğru saymırsınız?
- Elmdə yaş məhdudiyyəti doğru deyil. Elm və təhsil elə sahədir ki, orada yaş məsələsini qaldırmaq olmaz. Amma təbii ki, tələbənin qarşısında da yuxulamaq olmaz. Həm də alim yaşlı ola bilər. Əgər onun ağlı yerindədirsə, beyin xarab olmursa, işləyə bilər. Nəzərə alın ki, fikirlər beyindən gəlir. Hətta fiziki qüsurun da buna aidiyyəti yoxdur. Alim müğənni və ya artist deyil ki, hökmən gözəl olsun. Müəllimin işi oturub dərs demək, elmi tədqiqat aparmaqdır. Həm də indi assistent ştatı da yaradılıb. Yaşlı müəllimlər assistentlə mühazirəyə gedə bilər. Amma təcrübəni heç nə əvəz edə bilməz. Fundamental və nəzəri elmdə təcrübə mütləq lazımdır.

- Bəzən mətbuatda AMEA-nın ləğv edilməsi haqda təkliflər səslənir. Buna münasibətiniz necədir?
- Akademiya böyük məktəbdir, Azərbaycan üçün yaxşı institutdur. Fikrimcə, akademiya liberal olmalı, ictimai fikir də nəzərə alınmalıdır. Yeri gəlmişkən, akademiyada olan bəzi akademiklər mənim tələbəm olublar. Akademik savada, biliyə, dövlətçiliyə, hərtərəfli biliyə malik olmalıdır. Dəqiq elmlərdə qanunauyğunluq var ki, akademik tanınmalı, ixtiraçı olmalıdır. Amma ictimai elmlərdə xidməti olan insanlara diqqət göstərilməlidir.

- Siz bəzi akademiklərin adını çəksəniz də, Nizami Süleymanovun adını çəkmədiniz. Məgər Nizami Süleymanov iqtisadçı deyilmi?
- Nizami Süleymanov iqtisadçı deyil, texnoloqdur. Həm də bildiyim qədər, SSRİ zamanı birbaşa akademik seçilib.

- Ancaq akademik olsa da, daha çox münəccimlərdən danışır, falçıları tənqid edir...
- Elm elə şeydir ki, insan müəyyən mərhələyə və potensiala çatandan sonra özündə praqmatik xəyallar meydana gəlir. Keçmişi ümumiləşdirməklə gələcəyə hipotez vermək fikri yaranır. Bəzən görürsən ki, çox savadlı, dünyagörüşlü insanlar elə fikirlər söyləyir ki, adi insanlarda belə təəssürat yaranır ki, adamın başı xarab olub. Əgər Nizami müəllim ideya verirsə, buna normal yanaşmaq lazımdır. Həyatda təcrübəyə əsaslanan və gələcəyi görən insanlar var. Onlar danışanda başqa cür qiymətləndirmə olmamalıdır. Perspektivi qiymətləndirənlər hər zaman olub.

- Həmkəndlisiniz, Sərdar Cəlaloğlu Quranı təfsir edir, deyir ki, böyük bir elm ixtira edib...
- Sərdar Cəlaloğlu bizim qonşu kənddəndir. Amma hesab edirəm ki, Sərdar Cəlaloğlu öz potensialına uyğun hərəkət etməlidir. Mən onun şəxsiyyətinə toxunmaq niyyətində deyiləm, amma insan gərək öz istiqaməti ilə getsin. Adama deyərlər ki, elmdə nə etmisiniz, hansı ixtira ortaya qoymusunuz? Belə olmaz, hər kəs öz işi ilə məşğul olmalıdır. Siyasi məsələlərlə məşğul olursansa, ol. Lakin Qurana toxunmağın mənası yoxdur. Və yaxud 100 il bundan əvvəl yaşayan bir şairi təftiş etmək, Səməd Vurğuna, Süleyman Rüstəmə sataşmaq düz deyil. Məncə, onlar səviyyəsinə qalxmaq lazımdır ki, onlar haqqında danışmaq mümkün olsun. İstənilən mütəxəssis haqda danışmaq istəyəndə ilk öncə onun səviyyəsinə qədər qalxmağı bacarmalısan. Onun səviyyəsinə qalxmadan danışmaq mənasızdır. Belə səviyyəyə qalxmadan danışmaq özünə qapanmaq, özü haqqında yüksək fikirdə olmaq deməkdir. Mənə elə gəlir ki, insan potensialına görə ayağını uzatmalıdır. Belə fikirlərlə populist olmaq da olmaz.

- Sərdar Cəlaloğlunu populist siyasətçi hesab edirsiniz?
- Məmməd Cəfər kimi akademik ilahi qüvvə idi, ayda bir dəfə ancaq danışardı. Amma durub heç nə etmirsən, bir partiya yaradaraq cəmiyyəti vurursan bir-birinə. Bu artıq başqa şeydir.

- Siz hazırda siyasətlə məşğul olursunuz?
- Mənim bütün həyatım siyasətdir. Hakim partiyanın üzvüyəm, zamanında Siyasi Şuranın üzvü olmuşam. İctimai məsələlərlə bağlı fikrimi deyirəm. Son dəfə parlament seçkilərində namizədliyimi irəli sürmüşdüm.

- Yenə də namizədliyinizi irəli sürəcəksinizmi?
- Bunu hələlik bilmirəm. İş imkanlarıma, vəziyyətimə baxacağam. 1990-cı ildən bu yana bütün parlament seçkilərində iştirak etmişəm. 1990-cı ildə öz namizədliyimdən imtina edərək yerimi Heydər Əliyevə vermişəm. Babək rayonundan namizəd idim, iki min səsi aparıb qoydum Heydər Əliyevin qarşısına və dedim ki, bunu sizə verirəm. Heydər Əliyev də əlini çiynimə qoyub dedi ki, sən nə yaxşı oğlansan. 1995-ci ildə YAP-ın siyahısında 20-ci idim, amma seçilmədim. Rəhmətlik Ziya Bünyadovun ölümündən sonra təkrar seçkidə məclisə düşdüm. 2000-ci ildə majoritar seçki yolu ilə parlamentə düşmüşəm. 2005-ci ildə namizədliyimi Xətai seçki dairəsindən irəli sürmüşdüm. 2010-cu ildə də namizədliyimi irəli vermişəm. 25 ildir ki, seçki prosesində iştirak edirəm. Amma düşünürəm ki, artıq vaxt mənim əleyhimə işləyir. Lakin istəyirəm ki, deputat olum. Hesab edirəm ki, deputat olsaydım, çox şeylər edərdim.

Nemət Hüseynli


Müəllif: