23 İyul 2014 11:53
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov: “Azərbaycanda bir uşağa qarşı zorakılıq olsaydı, Dövlət Departamentinin yeddi bəyanatı çap olunmuşdu”

Suallarımıza Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat, hakim partiyanın seçki məsələlərini kurasiya edən Siyavuş Novruzov cavab verib. Hakim partiyanın funksioneri, əsasən, Ukrayna üzərində vurulan mülki təyyarədən, 298 nəfərin ölümündən, İsrail-Fələstin qarşıdurması və burada yaşanan tükürpədici olaydan danışıb, Avropa və Amerikanın bu məsələdə susduğunu bildirib, ABŞ-ın ərəb coğrafiyasında həyata keçirdiyi proseslərin nəticəsini şərh edib.

- Siyavuş müəllim, iyulun 17-də Donetsk səmasında Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması dünyanın əsas müzakirə etdiyi mövzudur. Bu haqda bir hüquqşünas olaraq Siz nə düşünürsünüz?
- Bildiyim qədər, həmin təyyarədə səksən nəfərə qədər azyaşlı uşaq olub. AİDS-lə bağlı, eləcə də, bu və ya digər sahədə çalışan mütəxəssislər olub. Əlbəttə, bunu ümumi götürsək, biz insan fəlakətindən danışa bilərik. Bu faciədir. Bu insanlar heç bir hərbi münaqişədə iştirakçı olmayıb, dinc sakinlərdir. Onlar sadəcə olaraq öz adi həyatlarını yaşamaq, gündəlik planlarını həyata keçirmək üçün bir şəhərdən digər şəhərə uçurdular. Amma bu insanlar bilərəkdən və ya bilməyərəkdən kimlərinsə hərəkəti səbəbindən dünyalarını dəyişiblər. Bu məsələni araşdırmaq üçün böyük bir təhqiqat işi lazımdır. Həm sputnikdən baxmaqla bunu müəyyən etmək, həm də radarlar arası məsafənin ölçüsünü götürməklə nəyin necə baş verdiyini ortaya qoymaq olar. Nəzərə almalıyıq ki, 298 nəfər sərnişini olan təyyarənin uçduğu məkan beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq və təhlükəsiz xətt olub. Həm də beynəlxalq hava dəhlizi xəttinə qoşulan hər bir ölkə hava məcəlləsinə uyğun olaraq öz ərazisində hava dəhlizinin təhlükəsizliyini təmin etməlidir. Burada hava dəhlizinin təhlükəsizliyini təmin etməyən tərəflər də məsuliyyət daşıyır. Hazırda təyyarənin vurulmasını biri digərinin üzərinə atır. Əgər kimsə bu hüququ təmin edə bilməyəcəksə, həmin ərazidə uçuşlar qadağan edilməlidir. Bu da nəzarətsiz hava məkanı kimi qəbul edilməlidir. Məsələn, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, amma həm də nəzarətsiz ərazidir. Çünki işğal altında olan yerdir. Burada baş verən hər bir hadisəyə görə məsuliyyət məsələsi var. Bu baxımdan, həmin ərazidə uçuşlar həyata keçirilmir. İndiki halda Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması məsələsi ciddi şəkildə araşdırılmalıdır. Bilərəkdən və ya bilməyərəkdən bu hadisəni törədən insanlar da beynəlxalq hüquq daxilində ciddi şəkildə cəzalandırılmalıdır.

- Siyavuş müəllim, indiyə qədər münaqişəli zonalarda çoxlu təyyarələr vurulsa da, onun kim tərəfindən vurulduğu müəyyən edilə bilməyib və günahkar da cəzalandırılmayıb. Sizcə, Donetsk hava məkanında vurulan bu təyyarənin günahkarları tapıla bilərmi?
- Bu təyyarəni vuran şəxslərin tapılması birmənalı olaraq iki vur ikidir. İlk olaraq təyyarənin qara qutusu var. Bundan başqa, radarların çəkilişi var. Bu radarların gücü elədir ki, bir yerdən çıxan obyekt dərhal qeydiyyata düşür. Həm də nəzərə almaq lazımdır ki, sputnik vasitəsilə bunu müəyyən etmək təxminən bir adamın yolla gedərkən oxuduğu qəzetə bənzəyir. Odur ki, bu məsələdə ciddi problem yoxdur.

- Adətən, siyasi aktlar zamanı ən böyük faciə törədənlər belə cəzadan qurtula bilir. Sizcə, bu hadisənin günahkarları cəzalarını alacaqlarmı?
- Cəza mütləq olmalıdır. Başqa cür ola da bilməz. Cəzasızlıq mühiti yeni-yeni cinayətlərin törədilməsinə gətirib çıxara bilir. Odur ki, bu məsələdə cəza mütləq olmalıdır. Ortada heç bir səbəbdən faciəvi şəkildə dünyasını dəyişən yüzlərlə mülki insan, uşaq və mütəxəssislər var.

- Artıq bir çox hava yolları Ukrayna üzərindən uçuşlara qadağa tətbiq edir. Azərbaycan tərəfinin isə bu hava dəhlizindən istifadə etdiyi haqda fikirlər səslənir. Sizcə, bu, bizim vətəndaşlarımız üçün təhlükəli deyilmi?
- Bildiyim qədər, Azərbaycan tərəfi də bu xətlə uçuşu dayandırıb. Elə Ukrayna dövlətinin özü də dayandırıb. Çünki gün ərzində bu xətlə 200-dən çox təyyarə uçurdu. Amma indi həmin yer nəzarətsiz əraziyə çevrilib. Əgər burada təhlükəsizliyi tərəflər bir-birinin üzərinə atırsa, zənnimcə, bu xətt üzrə uçuş həyata keçirib vətəndaşların həyatını təhlükə qarşısında qoymaq olmaz.

- Artıq neçə müddətdir ki, İsrail Qəzzanı bombalayır. Bu məsələyə bir deputat olaraq münasibətiniz necədir?
- Biz obyektiv olaraq öz fikirlərimizi söyləməliyik. Təbii ki, orada vəziyyət qarşılıqlıdır. Yəni hər iki tərəf bir-birlərinə qarşı raket zərbələrini həyata keçirirlər. Amma burada vəziyyətin ən pis tərəfi ondan ibarətdir ki, arada dinc sakinlər həlak olur. Başqa sözlə, hər hansı bir terrorçunu axtarıb ələ keçirmək üçün əməliyyat aparmaq əvəzinə, istənilən obyektləri və yaşayış məntəqələrini atəşə tutmaq beynəlxalq hüquqa ziddir. Başqa sözlə, saçın kəpəyini təmizləmək üçün birbaşa başı kəsirlər. Bu da doğru deyil. Bu formada da problemi həll etmək mümkün deyil. Burada da son günlər baş verən münaqişənin nəticəsi olaraq yetmişə qədər azyaşlı uşaq həlak olub. Səbəb isə raket zərbələridir. Ancaq qəribədir ki, Amerika və Avropada insan hüquqlarını müdafiə edən təşkilatlar bu məsələyə ciddi münasibət bildirməli olduğu təqdirdə reaksiyalar çox aşağıdır. Leyla Yunusun ayaqyoluna buraxılmadığı səbəbindən az qala Fransa prezidenti bəyanat verirdi. Amma Qəzzada yetmişə qədər uşaq vəfat edib, insanlar qırılır, Avropa isə buna ancaq susur. Elə Amerikanın özü də baş verənləri müşahidə edir. Amma Azərbaycanda bir uşağa qarşı hər hansı bir zorakılıq olsaydı, Dövlət Departamentinin yeddi bəyanatı çap olunmuşdu. Baxın, yüzlərlə dinc sakin öldürülüb. Onların içərisində cəmi iyirmi nəfəri terroristdir. Amma çoxluğun terror aktlarında heç bir fəaliyyəti yoxdur. Bu dinc sakinlər niyə qırılır? Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı bu məsələyə reaksiya verməli, təcili toplantı çağırmalı, məsələni qaldırmalıdır. Bəs bunu niyə etmirlər, onlar nədən və kimdən qorxurlar? Başqa yerə gələndə dərhal qərar qəbul edirlər, amma burada səslərini çıxarmırlar.

- Niyə Azərbaycanla bağlı səslərini dərhal çıxarırlar, amma biz müzakirə etdiyimiz mövzu ilə bağlı sadəcə susurlar, baxmayaraq ki, orada dinc sakinlər hər gün öldürülür?
- Bunu həmin dövlətlərdən soruşmaq lazımdır. Məsələlərə ikili standartla yanaşırlar.

- Dünya siyasətində ikili standartlar həmişə olub, yoxsa bu hansısa ölkələrə münasibətdə tətbiq edilir?
- İkili standart olsaydı, dərd yarı idi. İndi beşdir, altdır, yeddidir.

- İraqda da buna oxşar proseslər gedir, Suriyada qırğın davam edir, Ukraynada başlayan hadisələr bitməyib. Necə düşünürsünüz, bütün bunlar bir mərkəzdən idarə olunur, yoxsa hadisələrə ayrı-ayrı hallar kimi baxılmalıdır?
- Dünyada gözə görünməyən, amma məntiq etibarı ilə üçüncü dünya müharibəsi gedir. Təsəvvür edin ki, bu gün Qəzzada gedən proseslərdə yüzlərlə insan ölüb, mindən çoxu yaralanıb. Ukraynada vəziyyət bundan ciddi fərqlənmir. İraqda həlak olanlar mini keçib və özü də insanlar qəddarcasına öldürülür. Bu İraq Şam İslam Dövləti indiyə qədər harada idi ki, birdən göbələk kimi çıxdı və ya göydən zənbillə düşdü? Bu qədər texnika, sursat, canlı qüvvə. Məntiq belə deyir ki, bunlar sistemli şəkildə olan, hazırlaşdırılan məsələdir. Bu da ondan ibarətdir ki, İraq parçalansın, onun yerində üç dövlət yaradılsın, İraqın neft və milli sərvətləri ələ keçirilsin, havayı əldə olunsun. Baxın, Suriya normal idarə olunan dövlət idi. Birdən-birə orada qarışıqlıq yaradıldı, terroristlər bu ölkəyə cəmləşdirildi. Niyə? Götürək elə Liviyanın özünü. Bu ölkədə normal idarə olunurdu, insanlar yaxşı yaşayırdı, ümumdaxili məhsulun həcmi yüksək idi, əmək haqları Amerika səviyyəsində idi. Ciddi narazılıq yox idi. Amma indi bu ölkə darmadağın edilib, iqtisadiyyatı məhv olundu. Biz diqqətlə baxanda digər ölkələrin timsalında da bunun şahidi oluruq. Və həm də görürük ki, burada nə demokratiya, nə insan hüquqları, nə də azadlıq məsələsi yoxdur. Əksinə, burada yalnız milli sərvətlərin mənimsənilməsi, dünyanın yenidən bölüşdürülməsi məsələsi var. Birinci və İkinci dünya müharibəsi əslində dünyanın yenidən bölüşdürülməsi uğrunda gedib. İndi bunun formasında bir qədər dəyişikliklər edilsə də, məzmun baxımından dünyanın yenidən bölüşdürülməsi prosesi davam edir. Ən maraqlısı budur ki, Misirin özündə Hüsnü Mübarəkdən sonra demokratik seçki keçirildi, Nursi hakimiyyətə gəldi. Amerika bağırdı ki, Misirdə demokratik seçki baş tutdu. Seçkidən sonra demokratik yolla hakimiyyətə gələn prezident başladı xalqın siyasətini həyata keçirməyə. Nəticədə də dövlət çevrilişi baş verdi, prezidenti tutub həbsxanaya atdılar və üstəlik, 500 nəfərə də ölüm hökmü kəsdilər. Bu necə oldu ABŞ deyirdi demokratik seçki keçirilib? Amma həmin seçkini udan Nursi Amerikanın dediyini həyata keçirmədiyi üçün indi həbsdədir. Bunların demokratiyası, insan azadlığı bundan ibarətdir. Biz bunu görür və şahidi oluruq. Hər bir yerdə müharibə ocağı yaratmaq işə yarayır. Bu zaman həm silah satışı, həm yeni silahları təcrübədən keçirmək, həm də köhnə silahları sıradan çıxarmaq mümkün olur. Çünki müharibəyə sövq edilən dövlətlərdə müəyyən xərclər çəkməli, silah almalıdır. Suriyada atılan bombaların 3 mini partlamadı. Bunu zərərsizləşdirmək üçün kifayət qədər maliyyə tələb olunur. Dünyada baş verən hadisə bundan ibarətdir. Bizdə bunu görürük və deyirik.

Nemət Hüseynli


Müəllif: