23 İyul 2014 22:02
2 241

"İstənilən müzakirəyə hazırıq"

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov rəhbərlik etdiyi QHT-nin fəaliyyəti ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Mirhəsən bəy, sədr kimi fəaliyyət göstərdiyiniz 1 aya yaxın müddətdə hansı işləri həyata keçirmisiniz?

- Ötən ayın 26-sından etibarən “İRƏLİ” İctiami Birliyinin sədri kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində ilk fəaliyyətim təşkilatın ölkə qanunvericiliyinə uyğun olaraq hüquqi təhvil və təslim proseslərinin reallaşdırılması olub. Sözügedən istiqamətdə təşkilatın yeni sədrin qeydiyyatdan keçməsi və digər proseduraya uyğun fəaliyyət artıq reallaşıb.

- Birlikdə struktur dəyişikliyi baş veribmi? Baş veribsə, bunun detallarını açıqlaya bilərsinizmi? Hansısa struktur ləğv olunubmu və ya yenisi yaradılıbmı?
- Bəli, strukturda müəyyən dəyişikliklər baş verib. Dəyişikliklərə əsasən “İrəli” İctimai Birliyində sədr və katibliklər formalaşdırılıb. Bunlara Baş katiblik, İctimaiyyətlə Əlaqələr, İnformasiya Texnologiyaları, Beynəlxalq Əlaqələr, İnsan Resursları, Humanitar Sosial İşlər, İnzibatı Məsələlər, Layihə və Tədbirlər, Regionlarla üzrə katiblik, Koorporativ Sosial Məsuliyyət katibliyi aiddir. Bütün bunlarla yanaşı artıq, “İrəli” İctimai Birliyində fəaliyyət göstərən klub və mərkəzlər bundan sonra təşkilatın tərkibində müəyyən layihələr çərçivəsində fəaliyyət göstərəcək.


- Hazırda birliyin nə qədər üzvü var? Üzvlük prosesi necə tənzimlənir? Üzvlük haqqı yığılırmı?
- Bu istiqamətdə Azərbaycan gənclər sektorunda ilk dəfə baş verən bir proses reallaşdırılır. Bu, elektron üzlük bazasının hazırlanamasıdır. Belə ki, 2006-2014-cü illərdə “İrəli”nin üzvü olan hər bir gəncin elektron versiyada siyahısı qeydə alınıb. Bu istiqamətdə fəaliyyət yalnız paytaxt Bakı ilə sərhədlənmir, həmçinin bütün regionlar üzrə aparılır. Hazırda bu sahədə hələ də işlərin getdiyini nəzərə alaraq, üzvlərimizin dəqiq sayını açıqlaya bilməyəcəyəm. Biz gənclərdən heç bir üzvlük haqqı yığmırıq. Təşkilatın üzvü olmaq tamamilə ödənişsizdir. Bunun üçün sadəcə, gələcək həftədən etibarən ofisə yaxınlaşıb, üzvlük blankını doldurmaq, sayt hazırlandıqdan sonra isə elektron üzvlük blankını doldurmaq kifayətdir.

- İdarə Heyətində kimlər təmsil olunur?
- Təşkilatın idarə heyəti qanun çərçivəsində “İrəli” İB nizamnaməsinə uyğun olaraq sədr tərəfindən seçilir. Hazırda idarə heyətinin tam olaraq formalaşdırılması istiqamətində işlər davam etdirilir.

- Birliyin saytı niyə yenilənmir? İreli.az saytında hələ də keçmiş sədr Rauf Mərdiyev sədr kimi göstərilir... Sonuncu xəbər isə mayın 14-də sayta yerləşdirilib...
- Saytın strukturunda olan müəyyən boşluqlara və tamamilə yeni bir dizaynın hazırlanmasına görə ireli.az dayandırılıb. Saytın yenilənməsi ilə yanaşı, təşkilatın loqosunun dəyişdirilməsi ilə də bağlı olaraq bir sıra addımlar atılıb. Artıq sentyabr ayına kimi hər iki yeniliklər barədə ətraflı məlumatı həm üzvlərimizə, həm də ictimaiyyətə açıqlayacağıq.

- Hazırda ofisiniz harada yerləşir?
- Ofisimiz Səbail rayonu, Həsən Abdullayev 3/1A ünvanında yerləşir. Yeni ofisin təmir işləri, ofisdə yerləşmə prosesləri ötən ayın böyük hissəsini əhatə edən bir proses olduğunu xüsusilə vurğulamalıyam.

- Hansı layihələr həyata keçirməyi planlaşdırırsınız?
- “İrəli” İctimai Birliyi olaraq gənclərin inkişafı naminə artıq bir sıra layihələrin hazırlanmasına start vermişik. Bu layihələr həm iştirakçı sayına, həm əhatə dairəsinə, həm də öz funksionallığına görə bu günə kimi bu sektorda edilən layihələrdən fərqlənəcək. “İrəli”nin sədrliyinə namizədliyim zamanı vurğuladığım və təşkilatın bütün fəaliyyətini əks etdirən 7 əsas konsepsiyaya əsasən “İrəli” İB-in ilk fəaliyyəti regionlar və bütün Azərbaycanı əhatə edəcək. Məhz buna görə də, bu istiqamətdə artıq fəaliyyətə başlamışıq, avqustun yarısında bütün regionlar üzrə “İrəli”nin regional mərkəzləri açılacaq. Bu da təbii olaraq təşkilatın fəaliyyətlərinin bütün Azərbaycanı əhatə etməsinə gətirib çıxaracaq.

- Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov qurultayda bildirmişdi ki, bəzi gənclər müəyyən şəbəkələrin təsirinə düşüb, onlardan prezidentə, dövlətə qarşı istifadə edirlər. Sizi onlardan uzaq durmamağa əksinə dialoq qurmağa səsləmişdi. Bu tövsiyəyə nə dərəcədə əməl edirsiniz?
- Bəli, Əli müəllim bu istiqamətdə ölkədə olan müəyyən problemləri dilə gətirib. “İrəli” Dövlət Gənclər siyasətini dəstəkləyən və bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır. Təşkilatımız ölkədə dövlətin gənclər siyasətinə, ölkə gənclərinin sağlam inkişafına mane ola biləcək hər bir fəaliyyətdən uzaqdır və təşkilat yalnız sağlam inkişafı əlində şüar olaraq tutub. Həmçinin bildirmək istərdim ki, biz hər zaman istənilən sağlam dialoqa və öncədən xəbər verməklə istənilən müzakirəyə hazırıq.

Nərgiz


Müəllif:
loading...