7 Avqust 2014 11:29
3 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kimisə günahlandırmaq mənə yaraşmaz”

1993-cü il iyulun 7-də Azərbaycan ekranında hərbi geyimdə bir oğlan göründü. Azərbaycan üçün çox ağır günlər idi. Hamı mavi ekran vasitəsilə o oğlanın verdiyi cəbhə xəbərlərini səbirsizliklə gözləyirdi. Az keçməmiş həmin oğlan “İgid əsgər, möhkəm dayan” mahnısını ifa etdi. Çətin ki, bu mahnını bəyənməyən, ondan təsirlənməyən kimsə tapılardı o vaxt. Həmin mavi ekrandan boylanan və bu mahnı ilə neçə-neçə azərbaycanlının qəlbini fəth edən oğlan Şəmistan Əlizamanlı idi.

Əslində onun incəsənətə gəlişi təsadüfi olmasa da oxumağa başlamağı çox təsadüfi olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq ixtisasını bitirib. Oxumaq bacarığını bəstəkar Nazim Qəmərlinski aşkar edib. Amma bu sevdanın arxası ilə getməyib. Ta ki, 1993-cü ilə kimi: “Müharibədə Çıldıran əməliyyatı zamanı mühasirəyə düşüb, zədə almışdım. Xəstəxanada müalicə olunurdum, amma tək yox. Yanımda yaxın dostum Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev də var idi. Yusifin böyrəklərində problem var idi. Biz bir otaqda qalırdıq. Bir gün xəstəxanın baş həkimi Şahin Musaoğlu bizə baş çəkməyə gələndə bir mahnı verdi. Ordaca oxudum, Yusif çox bəyəndi. Zarafata saldım, dedim ki, xoşuna gəlirsə, bu mahnını sənə həsr edəcəm. Bir neçə aydan sonra Yusif rəhmətə getdi və o mahnını oxumaq mənim üçün artıq bir borc idi”, - deyir Ş.Əlizamanlı

Mətbuata müsahibə verməkdən qaçır Şəmistan Əlizamanlı. Başını salıb aşağı öz yaradıcı işlərini görür. Yenə hərbi-vətənpərvərlik ruhlu mahnılar yazdırır, rəhbəri olduğu Vətənpərvərliyin Təbliğinə dəstək ictimai birliyinin xətti ilə filmlər çəkir.

- Şəmistan bəy, necəsiniz? İşləriniz necədir?
- Yaxşıyam, təşəkkür edirəm. Yaradıcı işlərlə məşğulam. Hazırda işlərimlə əlaqədar Gəncəyə yola düşürəm.

- Uzun müddətdir, yeni albomunuzun tezliklə çıxması ilə bağlı məlumatlar verirdiniz. Necə oldu albomun taleyi?
- Albom artıq çıxıb. Albomda hərbi-vətənpərvərlik mövzusunda bağlı 17 mahnı yer alıb. İçərisində köhnə mahnılar da və zaman-zaman yazılan musiqilər də var.

- Ancaq öz bəstələdiyiniz musiqilərdir? Yoxsa...
- Mahnılarımın bəzilərini özüm bəstələyirəm. Amma təbii ki, içərilərində başqa bəstəkarların mahnılarıda olur.

- Milli ruhda bu cür mahnıların yazılması, təbliğ olunması üçün sizə dəstək olanlar varmı?
- Xeyr. Mənə heç kim dəstək olmur.

- Ümumiyyətlə, hazırda yazılan, ifa olunan vətənpərvər ruhlu mahnıların keyfiyyətini, təbliğini necə qiymətləndirirsiniz?
- Bu mənim səlahiyyətimə aid olan məsələ deyil. Sadəcə müharibə vaxtı belə mahnıları ifa etmək mənim səs tembrimə uyğun gəldiyindən ifa etdim. O zaman mən hərbi diktor idim. Bilirdim ki, vətənpərvər mahnılara ordumuzun da ehtiyacı var. Müstəqil olandan sonra özümüzün hərbi marşlarımız yox idi. Məqsədimiz o idi ki, bizim də milli, vətənpərvər mahnılarımızın olsun. İmkanımız daxilində o mahnıları yazdıq və orduya dağıtdıq. Bir vətəndaş kimi mən bunu özümə borc bildim. Bu, şəxsən mənim öz işimdir. Ona görə indi bu səpkidə kimin nə oxuması mənə maraqlı deyil. Mən kimisə günahlandıra bilmərəm, bu, mənə yaraşmaz. Mən hərbi-vətənpərvərlik ruhunda ifa olunan bütün mahnıları müsbət qarşılayıram. Onları alqışlayıram. Bununla hər bir ifaçı öz vətənpərvərliyini, vətənə olan münasibətini bildirir. O mahnıların necə olmasından, keyfiyyətli, keyfiyyətsiz alınmağından asılı olmayaraq onların olması, çoxalması, təbliğ olunması özü müsbət haldır. İstəyir bu mahnılar muğam, rep, rok, estrada stilində olsun, fərqi yoxdur, məqsəd birdir- vətənpərvər ruhlu mahnıların var olması və təbliğ olunmasıdır. Bunda da məqsəd vətənə xidmətdir. Hər kəs bu xidməti gücü çatdığı qədər, başa düşdüyü biçimdə edir.

- Sizcə, bu gün həmin musiqilər necə təbliğ olunmalıdır?
- O vaxt müharibə idi, ona görə də bu mahnılar hər gün səslənirdi. İndi torpaqlarımız işğal altındadır, müharibə başa çatmayıb, yenə də əvvəlki kimi bu mahnılar tez-tez təbliğ olunmalıdır.

- Cəhbədəki son hadisələr ehtiyatda olan bir zabit və yaradıcı insan kimi sizə necə təsir edib?
- Son hadisələrin içində deyiləm. 15 ilə yaxındır ki, Müdafiə Nazirliyindən ehtiyata buraxılmışam. Ona görə də bu məsələlərə heç bir münasibət açıqlaya bilmərəm. Çünki hadisələrin detallarını bilmirəm.

Nərmin Muradova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər