10 Sentyabr 2014 14:24
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin Trend.az-a müsahibəsini təqdim edir

- Siz Qəbələ və Şəkiyə səfərdən yenicə qayıtmısınız. Təəssüratlarınız necədir?
- Qəbələyə və Şəkiyə ilk səfərdir və bu, ölkəni gəzmək və Azərbaycanda mümkün qədər çox yeri görmək planının bir hissəsidir. Mən bu şəhərlərdə iki gün oldum, ictimaiyyətin, medianın, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm və sadəcə, bu yerlərlə tanış olmağa çalışdım.
Şəkinin gözəlliyi, onun tarixi və mədəni zənginliyi, eləcə də Qəbələnin dinamizmi, bu şəhərə qoyulan investisiyaların həcmi məndə güclü təəssürat yaratdı. Və mən xüsusilə "Qəbələ" futbol klubunun məşqlərində iştirak etdiyimə görə çox şad oldum, çünki mən böyük futbol azarkeşiyəm. Odur ki, bu, çox əla səfər oldu.

- Britaniya şirkətlərinin Azərbaycana cəlb edilməsi ilə bağlı planlar barədə nə deyə bilərsiniz?
- Britaniya Azərbaycanın iri əcnəbi investorudur. Amma investisiyalarımızın əksəriyyəti BP və bir sıra başqa Britaniya şirkətlərinin iştirakına görə enerji sektoruna gedir. Mən həqiqətən Böyük Britaniyanın Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha dinamik olması ideyasını dəstəkləməsində maraqlıyam. Ona görə də Britaniya şirkətlərinin Azərbaycanın inkişafını dəstəkləyə biləcəkləri yeni sahələri müəyyən etmək üçün həmin şirkətlər və onların azərbaycanlı həmkarları ilə çalışıram. Və bunun uğurlu layihə olacağına inanıram.

- Azərbaycan və Britaniya arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, münasibətlərimiz fantastikdir. Dediyim kimi, biz iri investisiyaların qoyulması sayəsində Azərbaycanın ən iri iqtisadi tərəfdaşlarından biriyik. Biz Azərbaycanın inkişafını dəstəkləyirik, xarici siyasətimizə görə baxışlarımızda, Əfqanıstan probleminə yanaşmamızda çox böyük uyğunluq var, biz terrorizmlə və dini ekstremizmlə, eləcə də Ukraynaya görə mübarizədə, Rusiya çağırışında və Yaxın Şərqdə də fəal əməkdaşlıq edirik. Odur ki, bu səmərəli münasibətlərdən mən çox məmnunam və onların gələcəkdə inkişaf edəcəyinə ümid edirəm.

- Birləşmiş Krallığın səfiri postunda nəyi əsas vəzifə hesab edirsiniz?
- Mən münasibətlərimizin yeni səviyyəyə çıxması barədə düşünürəm, çünki biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. İndi bir çox hadisələr baş verir. Ona görə də əməkdaşlıq üçün yeni sahələr axtarmaq problem ola bilər. Habelə qarşıda bizim insan haqlarına dair məsələlər üzrə apardığımız dialoqun uğurla irəli aparmaq iqtidarında olduğumuz digər sahərlərdə əməkdaşlığa mane olmaması tapşırığı durur.

- Dağlıq Qarabağ problemi haqqında nə düşünürsünüz?
- Mən çox ümid edirəm ki, Dağlıq Qarabağa dair istənilən fikirayrılığını dinc yolla həll etmək imkanı olacaq. Heyf ki, bu qədər insanın ölümünə gətirib çıxaran münaqişə baş verdi. Ötən həftə mən Qəbələdə məcburi köçkünlərin məskunlaşdığı yerə baş çəkdim və orada yaşayan 300 ailənin nümayəndəsi ilə danışdım. Mən onların yaşadıqları ağrı və əzablar, ata-babalarının qəbirlərini ziyarət edə bilməmələri barədə ürək parçalayan söhbətlərini dinlədim. Mən bunun doğurduğu ağrı və əzabı həqiqətən anlayıram.
Böyük Britaniyanın mövqeyi başda Minsk qrupu olmaqla, beynəlxalq birliyin mümkün qədər tez ədalətli və sülh yolu ilə nizamlamaya yönəlmiş səylərini dəstəkləməkdən ibarətdir. Biz ürəkdən inanırıq ki, bu qərar işğal olunmuş ərazilərin qaytarılması, Dağlıq Qarabağın Azərbaycana qaytarılması deməkdir və Dağlıq Qarabağın statusu haqqında sərbəst iradə azadlığı olmalıdır.

Çox təəssüf ki, biz son illər bu məsələdə irəliləyiş görmürük. Hesab edirəm ki, hər iki tərəfin hamının anladığı kimi asan əldə olunmayacaq kompromis üçün siyasi iradəsi olmalıdır, münaqişənin həll olunması üçün bu, edilməlidir.

Beynəlxalq birlik tərəfindən bu və ya digər tərəflə bağlı qərar çıxarılmayacaq. Bu çoxdankı və ağrılı münaqişəyə son qoymağa çalışmaq üçün kompromisə gəlmək lazımdır.

- Siz necə düşünürsünüz, bu, yaxın gələcəkdə baş verəcəkmi?
- Ümid edirəm ki, bəli. Etiraf etməliyəm ki, hər iki tərəfdən eşitdiyimiz ritorika ümidverici deyil, bu, mövqeləri yalnız dərinləşdirir və qütbləşdirir. Bu, bir-birinə nifrəti artırır. Bizə isə bir-birini anlamaq lazımdır və bütün ötən tarix bunun vacib olduğunu təsdiqləyir.

- "İslam Dövləti" təşkilatı haqqında nə düşünürsünüz? Böyük Britaniyanın Baş naziri bu yaxınlarda onu ölkəniz üçün real təhlükə hesab etdiyini bəyan etmişdi.
- Əlbəttə, biz bunda region, dünya və Böyük Britaniya üçün real təhlükə görürük. Təəssüf ki, bizdə Böyük Britaniyadan və dünyanın başqa hissələrindən həqiqətən yalnız ədavət və xaos yayan bu zorakı kampaniyada iştirak etmək üçün Suriyaya və İraqa yola düşən insanların bu fenomeni mövcuddur.
Biz hesab edirik ki, bu, çox narahatedici haldır. Beynəlxalq ictimaiyyət bu məsələnin öhdəsindən gəlmək üsulunu tapmaq üçün səyləri birləşdirməlidir. Biz Suriya və İraq hökumətlərinin də çox əhəmiyyətli rol oynadığını hesab edirik. Qeyd etməyə dəyər ki, "İslam Dövləti"nin Suriyada və İraqda olması təsadüfi deyil. Bu təzahür Suriya və İraqda bu ölkələrin hökumətlərinin işində yaranmış nasazlıqlar nəticəsində baş qaldırdı. Xüsusilə Suriyada Bəşər Əsəd rejimi müəyyən mənada düşmən obrazını yaratmaq üçün bu təşkilatın yaranmasını tamamilə açıq-aydın və qəsdən yüngülləşdirdi ki, Qərb onları Əsəddən daha pis hesab etsin.
Britaniyanın xarici işlər naziri Filip Xammondun dəqiq ifadə etdiyi kimi, bu, bizim etməli olduğumuz deyil. "İslam Dövləti"nin böyük təhdid olması o demək deyil ki, biz Suriya rejiminin təkcə 200 min insanın həyatını məhv etməkdə deyil, həm də bu qrup üçün məkan yaratmaqda və onu təşviq etməkdə oynadığı rolu nəzərə almamalıyıq.

Qeyd etmək lazımdır ki, 2003-cü və 2004-cü illərdə İraqda "Əl-Qaidə" əcnəbi yaraqlıların axınına kömək etmək üçün Suriya hökuməti tərəfindən dəstəklənirdi.

- Regionda sabitliyin təmin olunmasında Azərbaycanın rolu nədən ibarətdir?
- Düşünürəm ki, Azərbaycan müsbət rol oynayır. Onun nümayiş etdirməyə qadir olduğu model, yəni dünyəvi, çoxmədəniyyətli, tolerant dövlət modeli, bu ölkədə şiələrin əksəriyyət təşkil etdiyini nəzərə alsaq, artıq öz-özlüyündə güclü mesajdır.

Ümid edirik ki, bu, başqalarının da ardınca gedəcəyi nümunə olacaq və göstərəcək ki, bizim dünyada sülhün və sabitliyin yaradılması üçün təşviq etməli olduğumuz təcrid, fikirayrılığı və nifrət deyil, məhz qoşulma, hörmət və müxtəliflikdir.

Məni regiondakı təriqətçilik ədavətinin başqa ölkələrdə də yaranması təhlükəsi narahat edir və biz çoxlu sayda azərbaycanlının barrikadaların bu və ya digər tərəfində döyüşmək üçün Suriyaya getdiyini bilirik. Düşünürəm ki, ölkə hökuməti bunun qarşısını almaq üçün yaxşı iş aparır.

- Siz Azərbaycan haqqında daha nə demək istərdiniz?
- Bu, fantastik, dinamik və cəlbedici ölkədir. Mən səbirsizliklə gələn ili - ilk Avropa Oyunlarını və "Formula-1" yarışının Qran-pri mərhələsini gözləyirəm. Ümid edirəm ki, Azərbaycan özünü dünyaya uğurlu və pozitiv cəhətdən göstərə biləcək. Ümid edirəm ki, hökumət dünyanın bu hissəsində uğurun və inkişafın modeli kimi ölkəyə kömək edən ümumi məqsədləri dəstəkləyəcək siyasət yürüdəcək.


Müəllif:

Oxşar xəbərlər