Fikrət Sadıxov: “Təkcə hava zərbələri ilə İŞİD məhv olmayacaq”
Sentyabrın 29-da Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti keçirilib. Sammitdə 5 Xəzəryanı ölkənin hamısı dövlət başçısı səviyyəsində təmsil olunub. Toplantıda Xəzəryanı ölkələrin prezidentləri 19 bənddən ibarət birgə bəyanat qəbul ediblər. Həmçinin, prezidentlər hökumətlərarası 3 beştərəfli saziş imzalayıblar.Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının birinci sammiti 2002-ci ildə Aşqabadda, ikincisi 2007-ci ildə Tehranda, üçüncüsü isə 2010-cu ildə Bakıda keçirilib. Liderlər növbəti sammitin Qazaxıstanda keçirilməsini razılaşdırıblar.
Bəs, sammitin yekunları nə cür qiymətləndirilir? Xəzərin yekun statusu üzrə beştərəfli razılaşma növbəti sammitdə imzalana bilərmi? Bu istiqamətdə suallarımızı cavablandırması üçün Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxova müraciət etdik.
- Fikrət bəy, sammitin yekunlarını nə cür qiymətləndirirsiniz?
- İlk növbədə mən prezidentlərin imzaladığı birgə bəyanatı yüksək qiymətləndirirəm. Bu, sammitin əsas siyasi nəticəsi idi. Təbii ki, imzalanmış digər sazişlər də əhəmiyyət kəsb edir. Düzdür, bunlar önəmli məsələlərdir. Amma ən önəmli məsələ Xəzərin hüquqi cəhətdən bölünməsi, onun statusunun müəyyənləşdirilməsidir. Mənə elə gəlir ki, bu məsələdə müəyyən addımlar atılıb. Zünki dövlət başçıları belə bir razılığa gəldilər ki, Qazaxıstanda keçiriləcək növbəti sammitdə bir sıra məqamları nəzərə alaraq artıq bu konvensiyaya imza atılsın. Bu, böyük və mürəkkəb bir məsələdir və bu məsələdə razılığa gəlmək olduqca vacibdir. Mənə elə gəlir ki, artıq tərəflər bir sıra addımlar atıb və bir çox məsələlərdə razılığa gəliblər. Digər bir müsbət məqam da ondan ibarətdir ki, digər ölkələrə məxsus hərbi gəmilər, donanmalar Xəzər regionuna daxil ola bilməzlər. Bu da o deməkdir ki, artıq Azərbaycan üçün kimsə təhlükə yarada bilməz. Düşünürəm ki, sammitin keçirilməsi və əldə olunan razılaşmalar əsas razılaşmanın, yəni hüquqi statusun müəyyənləşdirilməsi yolunda yeni impuls, yeni təkandır.
- Həştərxanda olarkən Rusiya və Azərbaycanın iqtisadiyyat nazirləri iki ölkə prezidentlərinin iştirakı ilə “Rusiya hökuməti və Azərbaycan hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə Saziş” imzaladılar. Bundan öncə də Rusiya bankı VTB-nin rəhbəri Andrey Kostin bildirmişdi ki, ölkəsinin bankları Azərbaycandan maliyyə resursları cəlb edə bilər. Son dövrlərdə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda şimal qonşumuzun Azərbaycanla münasibətləri istiləşdirmək siyasətinə və rusiyalı rəsmilərin ölkəmizə intensivləşən səfərlərinə münasibətiniz nə cürdür?
- Biz nəzərə almalıyıq ki, Rusiya hal-hazırda sanksiyalar şəraitində yaşayır. Bu, reallıqdır. Təbii ki, Rusiyanın hazırda MDB məkanındakı bir sıra ölkələrə ehtiyacı var. Bizim regionda Rusiyanın bir nömrəli tərəfdaşı Azərbaycandır. Zünki Azərbaycan zəngin bir dövlətdir. Bir tərəfdən neft və qazla, digər tərəfdən başqa resurslar zəngindir. Bunu nəzərə almamaq Rusiya üçün böyük siyasi səhv ola bilərdi. Amma eyni zamanda, bizim Rusiya ilə tərəfdaşlıq əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir. Ticarət dövriyyəmiz kifayət qədər normal vəziyyətdədir. İki ölkəni birləşdirən müxtəlif sazişlər, müqavilələr var. Təsadüfi deyil ki, Roqozin, Sobyanin kimi dövlət məmurları, Jirinovski kimi siyasətçilər artıq Azərbaycanı ziyarət edir, müəyyən təkliflərlə, xahişlərlə çıxış edirlər. Eyni zamanda, digər həqiqət də ondan ibarətdir ki, böyük ehtimalla Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyirlər. Amma təbii ki, biz o ittifaqa daxil olmağa tələsməməliyik və mənə elə gəlir ki, tələsmirik. Bu tələsməməyin də səbəbləri aydındır, bəllidir. Zünki orda Ermənistan amili, Dağlıq Qarabağ məsələsi problemi var.
- Yola saldığımız həftə BMT Baş Assambleyasının ümumi müzakirələri ilə yadda qaldı. Ali kürsüdən çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan yenə də bəşəriyyətin gözünə kül üfürməklə məşğul oldu. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə toxunan Ermənistan prezidenti həmin sənədlərdə Ermənistanı münaqişə tərəfi kimi tanıyan heç bir müddəanın olmadığını iddia etdi. Peşəkar diplomat kimi bu məsələni şərh edin; BMT qətnamələri özündə nəyi ehtiva edir?
- Sərkisyan vaxtaşırı müxtəlif bəyanatlarla çıxış edir və bu bəyanatlar gülüşdən başqa heç bir emosiya doğurmur. Zünki Ermənistan dövlətinin başçısı özünü çox primitiv, əyalət adamı psixologiyasının səviyyəsində aparır. Biz bunu BMT Baş Assambleyasında da müşahidə etdik. BMT 1993-cü ildə 4 qətnamə qəbul edib. Həmin qətnamələr nəyə həsr olunub? Qətnamələrin əsas funksiyası, vəzifəsi nədən ibarətdir? Yəni, orada nəyə çağırış var? Əgər o, savadlı adamdırsa, oxuya bilirsə, məsələlərə bir qədər ciddi yanaşsın. Qətnamələrdə açıq, konkret şəkildə 7 rayonumuzla bağlı maddələr var ki, erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidirlər. Həmin qətnamələr bütün aparıcı dillərə tərcümə olunub. Düşünürəm ki, münaqişə tərəfi olan ermənilərin dilinə də tərcümə edilib. Həmin qətnamələri istəyirsən başdan ayağa, istəyirsən ayaqdan başa oxu, yenə də nəticə eyni olacaq. Sadəcə olaraq, Sərkisyan qətnamələri təhrif etməklə özünü biabırçı duruma salır. Burdan üç nəticə çıxır. Ya Sərkisyan qətnamələri oxumayıb, ya onun köməkçiləri ona nəyisə təhrif olunmuş şəkildə təqdim edib, ya da o kimisə aldatmaq istəyir. Amma unudur ki, bu, BMT tribunasıdır. Orda əyləşən insanlar həmin qətnamələri qəbul etmiş dövlətlərin nümayəndələridir. Sərkisyan onları aldatmağa nə qədər çalışsa da, düşünürəm ki. Bunun bir xeyri olmayacaq.
- Oktyabrın sonlarında Fransa prezidentinin vasitəçiliyi ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Bu görüşdən gözləntiniz nədən ibarətdir? Hansısa yeni təkliflər ola bilərmi?
- Həm rəsmi dairələr, həm də Azərbaycan ictimaiyyəti çox istərdi ki, yeni konkret təkliflər irəli sürülsün. Zünki belə bir təəssürat yaranır ki, ATƏT-in Minsk qrupu bu münaqişəni öz nəzarəti altına yalnız bir məqsəd üçün götürüb. Bu da ondan ibarətdir ki, ermənilərin, loru dillə desək, burnu qanamasın. Yəni, ermənilərin “kaprizləri” ilə neçə illərdir oynayırlar. Bizi onlarla danışmağa cəlb edirlər. Ölkəmizi hansısa kompromisə sürükləyirlər. Yəni, Azərbaycan hansısa kompromisə getməli, bundan sonra da nələrdənsə keçməlidir. Halbuki, bunların hamısı cəfəng fikirlərdir. Mən çox istərdim ki, Fransa prezidenti normal, qəbul edilməsi mümkün olan təkliflər irəli sürsün. Amma Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar azad edilməyənədək heç bir dövlət başçısının təklifi həyata keçirilə bilməz. Əgər onlar bu cür adi həqiqətləri başa düşmürlərsə, yaxud oyun oynayırlarsa, demək, Azərbaycan da sərt mövqe nümayiş etdirməlidir.
- Siz bir müddət Xarici İşlər Nazirliyində çalışmısınız. Son dövrlərdə Azərbaycanın bir sıra ölkələrdə, o cümlədən Afrika qitəsi ölkələrində səfirliklərinin açılmasını nə ilə izah edərdiniz? Səfirliklərin şəbəkəsinin artması Azərbaycana nə verir?
- Diplomatik nümayəndəliklərin əsas vəzifəsi akkreditə olunduqları ölkələrdə baş verən hadisələri izləməkdən, təhlil etməkdən və müəyyən bir proqnoz verməkdən ibarətdir. İstər Yaxın Şərq olsun, istərsə də Avropa və ya Afrika qitəsi olsun, bu prioritet dəyişmir. Afrika qitəsi ola bilsin ki, hazırkı dünya siyasətində birinci rol oynamayan regiondur. Amma Afrikanı siyahıdan silmək də olmaz. Afrikada çoxsaylı dövlətlər mövcuddur. Onu da yaddan çıxarmayaq ki, qitənin şimalında Liviya, Misir, Tunis, Mərakeş və Əlcəzair kimi dövlətlər var. İndiki geosiyasi fonda bizim bir çox dövlətlərlə münasibətləri möhkəmləndirməyə ehtiyacımız var. Biz buna getməliyik və bunun üçün əsasımız da var. Fikir verin, Latın Amerikasının Meksika, Kolumbiya kimi dövlətlərinin parlamentləri bizim bu ölkələrdə səfirliklərimiz açılandan sonra Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul ediblər. Bu, diplomatik uğurdur. Ermənilər qondarma soyqırımı hadisələrini ilk dəfə Uruqvayda tanıdıblar. Bu gün çalışırlar ki, ən kiçik ada dövlətləri belə 1915-ci il hadisələrini genosid kimi tanısınlar. Digər tərəfdən, bildiyiniz kimi, bizim səfirliklərimiz bütün Afrikanı bürüməyib və qitədə bir səfirliklərin şəbəkəsi yaranıb. İndiyədək tək-tük Afrika dövlətlərində səfirliyimiz var və bu fonda mən Efiopiyada səfirliyimizin açılmasının lazımsız bir addım olduğunu düşünmürəm.
- Yaxın Şərqdən söz düşmüşkən, bu bölgəni ağuşuna alan İŞİD təhlükəsi ilə bağlı fikirləriniz nədən ibarətdir? Necə oldu ki, Qərb dövlətləri Suriyada dəstəklədikləri bu hərəkatla bu gün İraqda vuruşurlar?
- Mən bu fikirlə tam razı deyiləm. Zünki Qərb Suriyada Bəşər Əsədə qarşı vuruşan mülayim qüvvələri dəstəkləyib. Onlara silah-sursat, maliyyə yardımları edir, siyasi tribunalardan dəstəkləyir. ABŞ heç vaxt radikal qüvvələri dəstəkləmir. Ola bilsin pərdəarxası hansısa biganəlik göstərilir və bu da dəstək kimi başa düşülür. Yəni, onlara qarşı mübarizə aparılmırdı və vəziyyət ABŞ-ı qane edirdi. Onların mövqeyi üst-üstə düşürdü. İndi isə İŞİD İraqın bir hissəsini zəbt edərək ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərir. Zünki ABŞ İraqı öz maraq sferası kimi qəbul edir. Bu ölkə, demək olar ki, ABŞ-ın nəzarəti altında inkişaf edir. Orada siyasi hadisələr Vaşinqtonun köməyi ilə həyata keçirilir. Amma yaddan çıxarmayaq ki, İŞİD vaxtilə ABŞ tərəfindən yaradılan “Əl-Qaidə”nin tərkib hissəsidir. İndi isə onlardan ayrılıb və müstəqil təşkilata çevrilib. Düşünürəm ki, onların təşkilatlanmasında da vaxtilə ABŞ-ın rolu var. Amma indi İŞİD ABŞ-ın maraqlarını tapdalayır və Vaşinqton da ona qarşı mübarizəyə başlayıb. Amma mən düşünürəm ki, təkcə hava zərbələri endirməklə Qərb asanlıqla İŞİD-in məhvinə nail ola bilməyəcək. İŞİD-ə qarşı kompleks şəkildə fəaliyyət göstərmək, müxtəlif üsullara əl atmaq lazımdır. Təkcə hava zərbələri ilə İŞİD məhv olmayacaq.
Səxavət Həmid