Kult.az Finlandiyada yaşayan yazıçı-araşdırmaçı Güntay Gəncalp ilə müsahibəni təqdim edir.
– Güntay bəy, sizin əsl adınız nədir? Yəni İran pasportunda adınız necə gedir?
– İran pasportumda adım: Mənuçehr, soyadım: Cavanşir. Finlandiyaya gəldikdən sonra pasportumu dəyişdirdim. “Mənuçehr” sözünün türkcəsi “Güntay” olur. Cavanşir də “Gəncalp” kimi çevrilir. İndi Avropa pasportumda adım “Güntay Gəncalp” olaraq gedir.
– Belə fikir var ki, siz dininizi dəyişmisiniz və gizli xristian olmusunuz. Düzdür?
– Mən İranda olduğum zaman daha çox ateistliyə meyilli idim. Bakıda çox böyük mənəvi boşluq yaşayırdım. Hətta 1995-də Bhaqvad Gita olmasaydı, intihar da edə bilərdim. Hz. İsaya çox rəğbətim olsa da, Xristianlığa heç bir marağım olmayıb. Avropaya gəldikdən sonra dinləri araşdırmağa vaxtım oldu, özəlliklə ərəbcəmi daha da dərinləşdirib İslami mənbələri oxudum.
– Yəni hal-hazırda İslam qaydaları ilə yaşayırsınız?
– Dörd ildir, İslam qaydalarına görə yaşayıram. Ancaq mənim İslam anlayışımın qaynağı pir, imam kimi xurafələr deyil. Mənim İslamımın bilgi və nəzəri kitabı Quran, praktikası isə Peyğəmbərimizin həyatıdır. Bununla yanaşı, İslam tarixində bir çox böyük şəxsiyyətlərdən də öyrənmişəm və öyrənməyə davam edirəm. Tarixi təmayülüm də bu səbəbdən köklü bir şəkil aldı. Çünki biz tariximizi yaxşı öyrənmək üçün iki sahəni dərindən bilməliyik: 1. İslam və İslam tarixi. 2. Türk kimliyi və türk tarixi. Bunun yanında modern fəlsəfəni də bilməkdə yarar var, özəlliklə tarix fəlsəfəsini. Yəni bayrağımızda ifadə olunan və rənglərdə rəmzləşdirilən ideyaların dərinliyini anlamaq lazımdır.
– Nə üçün Finlandiyada yaşayırsınız?
– İrana dönmək istəmədim.
– Niyə?
– İrana dönsəydim, şiə məzhəbi ilə bütün bağlarımı qırdığım və şiəliyi fars irqçiliyinin ideologiyası olaraq gördüyümdən dolayı öldürərdilər. Buna görə də Ankarada BMT-yə baş vurdum. Məni buraya BMT göndərdi.
– Finlandiyada nə işə məşğulsunuz?
– Burada çox imkanlar var. Araşdırmaçı üçün dövlət hər yardımı edir. Məsələn, hansı kitaba ehtiyacın olsa, şəhərin mərkəzi kitabxanasına o kitabın adını verirsən. Kitabxana o kitabın adını Finlandiyanın xaricdəki səfirliyinə göndərir və səfirlik də kitabı alıb o kitabxanaya yollayır. Kitab arxivləşir. Həm kitabı sifariş edən istifadə edib geri verir, həm də başqaları. “Səfəvilər” kitabımı yazarkən bir çox tarix kitablarını bu şəkildə İrandan gətirtdim.
– Güney Azərbaycanda eviniz-eşiyiniz var?
– Var, tarlalarımız var. Ərdəbildə evimiz var.
– Darıxırsınız ordan ötrü?
– Yox, darıxmıram.
– Maraqlıdır...
– Çünki heç bir xoş xatirəm yoxdur.
– Adətən, insan yaşlandıqca keçmişini xatırlayır.
– Uşaqlığımda çətin kənd həyatı yaşadıq. Uşaqları ağ kəfənə büküb aşura günləri başlarını yarardılar ki, yağış yağsın, bolluq olsun. Zatən doğru-dürüst qidalanmayan bu çocuqlar qan itirdikləri üçün çoxu ölürdü. Şəhərə köçdük. Şəhərlərdə də dəstə-dəstə öz başlarını yaran qızılbaş türkləri görürdüm. Öz haqqının fərqində olmayan millətlər başqaları üçün zərərli məxluq olurlar. 1980-ci ildə türkmənlər muxtar hökumət qurmuşdular. Qızılbaşlardan ibarət Təbrizin “Aşura” ordusuyla birləşib türkmənləri qətl etdilər, liderlərini öldürüb yandırdılar. Molla-feodal düzəninin qızların oxumasına əngəl törətmələrini unuda bilmirəm. Ona görə də xoş bir xatirəm yoxdur! Nə kənddən, nə də şəhərdən. Avropaya gəldikdən sonra həyatımızın İranda və Azərbaycanda boşuna getdiyini düşündüm.
– Bildiyimə görə, Finlandiya qızları çox gözəl olurlar, üstəlik də, seksual cəhətdən də azad bir ölkədir. Xoşunuza gəlir bu?
– Seksual azadlıq olan yerdə əxlaqsızlıq azalır. Yasaqlar əxlaqsızlığı gücləndirir. Ona görə də dinçi ölkələrdə fahişəlik hər gün artır, hətta fahişəliyin fəlsəfəsi də yaranır. Finlandiyada əxlaq qanunları çox güclüdür, qadınları da təmkinlidir.
– Yəqin, Finlandiya qızları ilə maraqlı xatirələriniz var. Gəzib-əylənə bilirsinizmi?
– Bir kərə sarışın yarıçılpaq bir qız gördüm. Çox gözəl idi. Qızla bir az açıq-saçıq danışmaq istədim. Velosipedlə idim. Qızın önündə durub: “Buralarda bir erotik bar olduğunu deyirlər. Harada olduğunu bilirsinizmi?” – deyə soruşdum. Sadəcə, qızın yarıçılpaqlığından təsirlənərək bilərəkdən belə danışırdım. Gözəl qızın sarışın bədənində Finlandiya yazının son ayının sıcaq şüaları əks olunurdu. Başdan-ayağa seksi idi. Qız gülümsədi və sonra bir barmağı ilə göyə işarə edərək mənə: “Ondan qorxmursanmı? Tanrı hər an bizi izləyir, erotik bara getmək günahdır” – dedi. İçimdəki bütün şəhvət duyğuları sönmüşdü və qıza təşəkkür edib: “Tanrı səni haqsızca bu qədər gözəl yaratmamış” – deyib ayrıldım.
– Doğrudan, erotik bara getmək günahdır ki? Üstəlik, azadlığın dindən də üstün olduğu bir ölkədə...
– Azadlıq olmayan yerdə heç bir mədəniyyət olmaz. Erotik bara getmə azadlığı olduğu yerdə əxlaq məcburi mövzu olmaqdan çıxar və vicdanın tərcihi halına gələr. Yoxsa dövlət imkanlarından istifadə edərək, İslam ölkələrində olduğu kimi, əxlaq icad etmək olmaz. Zorakılığın olduğu yerdə əxlaq inkişaf etməz. Əxlaq azad insanın vicdanında büllurlaşan gözəl xasiyyətlər məcmusudur. Bu ölçü ilə əxlaq anlayışı İslam ölkələrində yoxdur. Çünki İslam siyasətə alət edilib. Təkcə Finlandiyanın ümumi əxlaq ölçüsü daha üstündür.
– Bu sözü nəyə əsasən deyirsiniz?
– Çünki elmə, kitaba dəyər verilir. Kimsənin özəl həyatına qarışmaq yox. Çox sevirəm bu ölkəni. Finlandiya qədər sevdiyim ikinci bir ölkə yoxdur. Çünki yaşamaq haqqını mənə bu ölkə və bu millət tanıdı. Öz ölkəmin əlimdən aldığı düşünmə və yaşama haqqımı mənə tanıdı. Yalnız bundan sonra savaşa qatılacaq olsam, Finlandiyanın bütövlüyü üçün savaşaram. 70 yaşım olsa belə.
– Keçmişlə bağlı hər şeyin üstündən xətt çəkməyiniz çətin deyil?
– Keçmişimlə bağlı ruhumda var olan, sadəcə, türk dilidir. Ancaq Səfəvi nəfəsi toxunmamış türk dili. Görürsənmi, necə doğruları danışıram? İslamı qəbul etdiyim gündən bəri əsla yalan danışmaram. Tanrının sevmədiyi ən pis şey yalançılıqdır.
– İranda olan qohumlarınızla necə görüşürsünüz?
– İranda olan yaxın əqrəbalarımı gedib Türkiyədə görürəm.
– Bəs Finlandiyada nəylə dolanırsınız?
– Çalışıram...
– Nə üzrə?
– Finlandiyada işi və alınan maaşın miqdarını soruşmaq yaxşı qəbul olunmur.
– Təxminən biz tərəflərdə də belədir. Ancaq soruşmaqda məqsədim var.
– Kitabxanada çalışıram.
– Deyirlər ki, sizin Amerika Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələriniz var və “Səfəvi” kitabını da həmin idarənin sifarişi ilə yazmısınız. Ona görə iş yerinizlə maraqlandım.
– Bu yalanları uyduranlar mənim bol bilgilərim qarşısında heyrətlərini gizlədə bilməyərək ortaya qoyduğum doğrular qarşısında şaşıran insanlardır. Bundan əlavə, mənim doğrularım onların saxta və uydurma dünyalarını uçurduğu üçün narahat olurlar. Mən özümü bir “aydınladıcı” olaraq görürəm. Qorxunc qaranlığa gömülmüş və heç bir əxlaqi-insani dəyəri olmayan qaranlıq və çirkin tarixi aydınladıram. Mən mədəni inqilab və keçmişlə hesablaşma fikrindəyəm. Keçmişi sorğulamaq – “ortada olan duruma və onun köklərinə fərqli bucaqdan baxmaq” deməkdir. Yəni Mirzə Cəlilin, Cavidin, Rəsulzadənin mənəvi bayraqlarını indi daşıyan mənəm, demək olar. Onların aydınlıq fəlsəfələri üzərinə modern və dini bilgilərimi də artıraraq, bu qaranlıq çağı aydınlatmaq istəyirəm. Sadəcə, belə bir missiya hiss edirəm, yoxsa, nə bilim böyük siyasi iddialarım yoxdur. Heç bir ölkəni parçalamaq, heç bir ölkəni birləşdirmək kimi amacım da yoxdur. Bunlar tarixin işidir.
– Bəs məqsədiniz nədir?
– Məqsədim insan kimi yaşamaq və yaşatmaq. Ölkəmdə dini xurafatın əli ilə məhv edilən balaca uşaqları, gənc adamları düşünürəm. Onları bu dini qaranlıqdan kim qurtaracaq? Mənim qələmim gələcək nəsillərə aydın bir üfüq açmaq iddiasındadır. Ona görə də mən, sadəcə, tarix kitabları yazmıram. Bu günü aydınlatmağa çalışaraq, həm də tariximizi əsarətdən qurtarmaq istəyirəm.
– Yəni sizin yaradıcılığınız və tarixi araşdırmalarınız bu milləti ağ günə çıxaracaq. Belə demək istəyirsiniz?
– Yaradıcılığımın və tarixi araşdırmalarımın insanların yoluna işıq tutmasını istəyirəm: molla-kapitalist düzəninin əlində düşüncəsi kor edilmiş xalq, pirdən, imamdan yardım və imdad uman zavallı toplum. Finlər rifah içində yaşayır, amma nə imamları var, nə pirləri. Nə Məşhədə, nə də Kərbəlaya gedirlər. Dünyanın ən əxlaqlı xalqlarından biri da onlardır. İranda qalsaydım, məni ya edam edəcəkdilər, ya da özüm intihar edərdim. Axı mənə həyat haqqı tanımayan bu mədəniyyətə, bu din anlayışına qarşı nədən savaşmamalıyam? Son 100 ildə bizim düşüncələrimiz qaranlığa gömülmüş və Səfəvi qaranlığına bir də Sovet qaranlığı qatılmış. Bunlarla mübarizə edə bilmək üçün güclü fərdlərimiz olmalıdır. Bu bilgilərin təzyiqindən azad olmuş müstəqil şüurlar olmalıdır. Mən bunlara qarşı çıxdım və çıxacağam.
– Güntay bəy, sizcə, nə üçün tarix elminə inam yoxdur?
– Ona görə ki, “tarix” elm deyil. Yəni riyaziyyat kimi bir cavabı olan elm deyil. Hər millət üçün tarix günün suallarına uyğun cavab olaraq yozulur. Ona görə də tarixə baxış fərqli meyarlar ehtiva edir. Bizdə “tarixşünaslıq” deyə bir sahə olmayıb. Bizdə tarixi rəvayətlər olub. Tarixdə ideyaların ortaya çıxma səbəbini və nəticəsini analiz etmək tarix fəlsəfəsinə aid dərin sahədir. Bizdə də tarix fəlsəfəsi heç olmayıb, çünki fəlsəfənin özü olmayıb. Ona görə də yerindən qalxan, kitab oxumayan insanlar üçün gündəlik istehlak ediləcək bilgilər yaradırlar. Bunun da tarix elmi, tarix sənəti, tarix fəlsəfəsi ilə bir bağlantısı ola bilməz. Tarix elmi müzakirə edilməli, tarixi əsərlər tənqid süzgəcindən keçməlidir. Tarixi dəyişdirə bilməmək onu sorğulamamaq anlamında deyildir. Bu müzakirələr vasitəsilə tarix bilgilərini əldə etmək mümkün ola bilər. Bu baxımdan, ən yaxşı tarixçi də elə Rəsulzadədir. Rəsulzadə tarixin sosiologiyasını analiz edərək gələcəyi aydınlatmağa çalışıb. Rəsulzadə kimi tarixçi nə İranda, nə də Azərbaycanda olub. Mən tarixə onun açdığı üfüqdən baxıram.
– Bəs ədəbiyyata kimin açdığı üfüqlərdən baxırsınız?
– Mənə görə keçən əsrimizin siyasət və tarixşünaslıq zirvəsi Rəsulzadə, ədəbiyyat və fəlsəfi şüurun zirvəsi Hüseyn Caviddir.
– Niyə sizin araşdırmalarınıza “heç bir elmi əsası olmayan subyektiv düşüncələr” deyirlər?
– Ona görə ki, mənim kitablarım sovet zamanında uydurulmuş yalanları ifşa edir. Dünyaları dağılan üzdəniraq tarixçilər bu şəkildə münasibət bildirirlər. Onların çoxu heç mənim kitablarımı oxumayıblar. Önyarğılarını bir yana buraxaraq kitabımı oxusalar, çox şey öyrənərlər. Gələcəkdə kitablarımı oxuyanların çox olacağını düşünürəm. İndi də az deyil.
– Yəqin, Həmid Herisçinin eyni mövzuda fikirləri ilə də tanışsınız. O, İran-Səfəvi tarixi haqqında tamamilə sizinlə əks fikirdədir.
– Tanışam. O, fars dilini bilmir. İran haqqındakı bilgilərinin heç bir elmi əsası yoxdur. Sadəcə, İrançıdır və İran heyranıdır. Molla-feodal sinfinin heyranıdır. Pirpərəstdir və onu İslamı Qurana görə deyil, pirlərə görə anlamış biri kimi görmüşəm. Ona görə də o, Mirzə Cəlil, H. Cavid, M. Ə. Sabir, M. Hadi kimi aydınları sevməz. Onları öz qaranlıq görüşləri qarşısında əngəl olaraq görər. Elə önəmli və əhatəli bilgiləri də yoxdur. Azərbaycandakı ümumi bilgisizlik üzərinə bilgili kimi görünür. Bir də Azərbaycanda irançılıq gücləndikcə bu kimi şəxslərin cazibəsi zahirən artır. Yoxsa onun yazılarının elə ciddi elmi-fəlsəfi tərəfi yoxdur. Şərq dillərini bilməməsi də onu çox komik göstərir. Şərqin köhnə dəyərlərini müasirləşdirmək istəyən adam ərəbcə və farscanı bilməlidir. Tarixin qaranlıqlarında pirlərin məzarında xalqın şüurunu qaranlığa gömməyə çalışan səfəvizədələrdən biridir.
– Amma biz tərəflərdə Həmid Herisçinin bilgilərinə inananlar çoxdur...
– Onun həyatında bir kərə Quranı oxuduğunu sanmıram. Oxuyub inandığı üçün demirəm. Sadəcə, bəzən elə sözlərinə rast gəlmişəm ki, Quranı oxusa, bu xurafələri İslam adına söyləməkdən çəkinər. Onun ruhunu irançılıq işğal etmiş. Şübhəsiz, irançılığın da özünəməxsus bilgiləri var və kimlər üçünsə cazibəli görünə bilər. Onun bəzi açıqlamalarını əvvəllər oxudum və çox güldüm. Çünki farscası olmadığı üçün yarım-yamalaq bir şeylər söyləyir. İranda faciə törətmiş bir ideyanı Azərbaycanda yaymağa çalışır. Ancaq 7-8 ildir artıq əhəmiyyət vermirəm ona.
– Güntay bəy, “Səfəvilər” kitabını yazmaqda məqsədiniz nə idi?
– “Səfəvilər” kitabım Azərbaycanın tarix elmində bir inqilabdır. Rəsulzadə və onun yanındakılar o zaman bu haqda yeni baxış bucağı ortaya qoymaq istəsələr də buna tam olaraq müvəffəq ola bilməmişdilər. Tarix, sadəcə, əski zamanların olaylar yığınından ibarət deyil, tarixin kökü gələcəkdədir. Rəsulzadə və mənim meyarım da tarix araşdırmalarında bu ölçüyə dayanmışıdır. Qaranlıq keçmişin aydınlanması üçün gələcəyə doğru aydın bir üfüq açmaq lazımdır. Bu baxımdan hesab edirəm, bir müddət sonra mənim kitabım ölkəmizin gələcəyi və kimliyimizin aydınlığa qovuşması üçün çox yararlı olacaq. 1950-ci illərdən başlayıb günümüzə qədər ortaya çıxan tarixçilərin hamısı bayrağımızda rəmzləşdirilən ideyaların fəlsəfəsinə qarşı olublar. Elə tarixçi var ki, Səlcuqlunu, Osmanlını işğalçı sayır, Səfəviləri işğalçı saymır!
– Finlandiyada öz əsəri haqqında belə yüksək fikirdə olan sizin kimi insanlara pis baxmırlar?
– Maksim Qorki “İnsan bir həddə çatır ki, öz fəaliyyəti və yaradıcılığı haqda ən doğru fikir söyləyə bilir” – deyirdi. İki ildir, kitabım çap olunub. İranda 10 min tirajdan artıq oxunub. Türkiyədə də minlərcə tirajla satılıb. Azərbaycanda iki dəfə çap olundu və çox satılan kitablar arasındadır. Kitabım haqqında mənfi və müsbət bütün dəyərləndirmələri – radio, TV proqramlarını bir yerə toplasaq, 10-15 cild kitab olar. Bu qədər mübahisə yaradan, düşüncələri hərəkətə keçirən tarix kitab yazılmamışdı. İnqilab da budur. Mədəni inqilab – xalqın düşüncəsini hərəkətləndirməkdir.