8 Oktyabr 2014 16:41
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səxavət Əlisoy: “Müsavatın 2018-ci ildə iqtidar olacağını deyənlərin psixoloji müalicəyə ehtiyacı var”

“Qurultay günü Söhrab Məhərrəmli başda olmaqla Hacılının dəstəsi bir-bir qurultay nümayəndələrinə yaxınlaşaraq deyirdi ki, İsa Qəmbərin namizədi Arif Hacılıdır və ona səs verin. Mən bunu görən kimi Söhrab Məhərrəmliyə yaxınlaşıb dedim ki, bu səlahiyyəti sənə kim verib, əgər İsa Qəmbərin sözü və ya namizədi varsa, bunu açıq deyə bilər. Sən İsa Qəmbərin adından burada manipulyasiya etmə. Söhrab Məhərrəmli isə dedi ki, artıq hər şey bitib, narahat olmağa dəyməz və Arif Hacılı başqandır”.

Bunu Teleqraf.com-a müsahibəsində Müsavat partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy bildirib. Müsahibəni təqdim edirik.

- Səxavət bəy, qurultaydan sonra hazırda Müsavatda yaşanan son durumu necə qiymətləndirirsiniz?
- Durum göz önündədir və gizli bir proses cərəyan etmir. Əksinə, hər şey mediaya açıqdır. Proses həm də yüksələn xətt üzrə gedir.

- Səbəb nədir?
- Xatırladım ki, hələ VII qurultayda da saxtakarlıq olmuşdu. Məclisə səslər sayılarkən saxtakarlıq edildi, Arif Hacılının nümayəndəsi, əslən Zaqataladan olan Abakar adlı birisi suç üzərində yaxalandı. Sonradan bu saxtakarlığı araşdırmaq üçün komissiya yaradıldı, müsavatçılar bu məsələnin sonuna çıxılacağına inandılar. İsa Qəmbərin nəzarətində komissiya sədri də İsa Sadıqov oldu. Saxtakarlığın mahiyyətində bu dururdu ki, Arif Hacılını qəbul etməyən bir neçə müsavatçı Məclis üzvü seçilə bilmədilər. O zamandan bu yana 8 il keçir, amma bu komissiyanın nə iş gördüyü, saxtakarlığı aradan necə qaldırdığı, nəyi müəyyən etdiyi bəlli deyil. Bu qurultayda isə seçki günü, səslərin sayılması zamanı saxtakarlıq olmadı. Səslərin sayılmasına qədər isə saxtakarlıq olub. İki il müddətində konfranslar keçirilmişdi, mərkəzi icra aparatının nümayəndələri tərəfindən qurultay nümayəndələri seçiliblər. Bəzi rayonlarda isə ümumiyyətlə konfranslar olmayıb, amma qurultaya nümayəndələr olub. Bu haqda MNTK üzvü Əlövsət Talışxanlıda ciddi faktlar var. Məsələ bu qədər sadədir.

- Deyirdiniz ki, Arif Hacılı ilə söhbətiniz olub. Bu haqda yenə məlumat vermək istəmirsiniz?
- Əbülfəz Elçibəyin doğum günü münasibəti ilə Fəxri Xiyabana ziyarətə getmişdik. O zaman Arif Hacılı ilə bir dialoqumuz oldu. Vaqif Hacıbəyli də orada idi. Həmin vaxt Arif Hacılı mənə bildirdi ki, sentyabrın 27-də Müsavatın qurultayı olacaq və mən sənin başqanın olacağam. Əlbəttə, təkəbbürlə danışdı. Mən də ona anlatdım ki, başqanım da, prezidentim də özüməm. Sən təkəbbürünə son ver, partiya haqqında danış. Bunu deməkdə əsas fikrim budur ki, Hacılı qurultaya 3 ay əvvəl qalmış başqan olduğunu bilirdi. Qurultaydan aylar əvvəl də mətbuata demişdi ki, nəticələr ona əvvəlcədən bəllidir. Ona görə, belə deyirdi ki, qurultaya ancaq özünə yaxın şəxsləri qurultay nümayəndəsi seçdirmişdi. 20 rayonda isə qurultaya hazırlıqla bağlı konfranslar keçirilməyib. Qurultay günü isə Söhrab Məhərrəmli başda olmaqla Hacılının dəstəsi bir-bir qurultay nümayəndələrinə yaxınlaşaraq deyirdi ki, İsa Qəmbərin namizədi Arif Hacılıdır və ona səs verin. Mən bunu görən kimi Söhrab Məhərrəmliyə yaxınlaşıb dedim ki, bu səlahiyyəti sənə kim verib, əgər İsa Qəmbərin sözü və ya namizədi varsa, bunu açıq deyə bilər. Sən İsa Qəmbərin adından burada manipulyasiya etmə. Söhrab Məhərrəmli isə dedi ki, artıq hər şey bitib, narahat olmağa dəyməz və Arif Hacılı başqandır. Şəxsən bunu Söhrab Məhərrəmli deyib. Müsavatda ləyaqət prinsipi olduğundan, yəqin ki, Söhrab Məhərrəmli və Arif Hacılı bu söhbətlərimizi inkar etməz. Bir daha deyirəm ki, VII qurultayda saxtakarlıq olmuşdu, amma geniş çapda deyildi. VIII qurultayda isə bu daha geniş çapda idi. Hazırda narazı ancaq mən deyiləm. Qubad İbadoğlunun tərəfdarları ortaya ciddi faktlar qoyurlar. Qarşıdurma da sürətlə gedir. Bunun qarşısının necə alınması haqda isə Müsavat rəhbərliyini işğal edən şəxslər düşünməlidir.

- Bundan sonra hansı ssenarilər gözlənilir?
- Qubad İbadoğlunun tərəfdarları toplanıb və Müsavat rəhbərliyinə təkliflər təqdim edib. Təkliflərdən biri də Məclisin oktyabrın 11-də deyil, 18-də keçirilməsi ilə bağlıdır. Ancaq Hacılı sərt şəkildə bəyan edib ki, Məclis 11-də keçiriləcək. İndi görək Qubad İbadoğlunun tərəfdarları necə münasibət bildirəcək.

- Siz Qubad İbadoğlu ilə birgə hərəkət edirsiniz, yoxsa müstəqil şəkildə addımlar atırsınız?
- Qubad bəylə fikirlərimin 90 faizi üst-üstə düşür. Əlbəttə, Qubad bəyin və tərəfdarlarının bəzi addımlarını qəbul etmirəm, mənim də bəzi təkliflərimə onlar isti yanaşmır. Ancaq məsləhətləşmələrimiz olur, görüşüb müzakirələr aparırıq. Mən Qubad İbadoğlunu son anda ona görə müdafiə etdim ki, partiyanın idarə olunması və strateji məsələlərdə baxışlarımız üst-üstə düşürdü. Hesab edirəm ki, Müsavatda ciddi islahatlar lazımdır. Xüsusilə, partiya populizm xəttindən əl çəkə bilmir. Heç əl çəkməsi də mümkün deyil. Əgər baş populistin özü partiya başqanıdırsa, Müsavatın digər istiqamətdə fəaliyyəti çətin olar. Yenə də, köhnə söhbətlər başlayıb- “biz 2018-ci ildə hakimiyyətə gələcəyik”, “2015-ci ildə parlamentə düşəcəyik”. Yenə köhnə müğənnilərin timsalında köhnə mahnılar oxunmağa başlayıb. Valı təkrar-təkrar fırlayırlar. Hazırda Müsavatda durğunluq dövrüdür. Adamları inandırmağa cəhdlər edirlər. O qədər yalanlar deyilir ki, insanlar yalanları həqiqət kimi qəbul etməyə alışır. Düşünürlər ki, 100-150 nəfərlə, bir dəstə ilə Müsavat parlamentdə böyük yer götürəcək, 2018-ci ildə seçkilərdən uğurla çıxacaq və s. Reallıqda isə ciddi islahatlara gedilməlidir. Təəssüf ki, bu alınmadı. İndi partiyada vəziyyət ürəkaçan deyil. Əslində, Müsavatın durumu indiyə qədər də ürəkaçan deyildi.

- Ürəkaçan deyil deyərkən nəyi nəzərdə tutursunuz?
- Baxın görün bu gün Müsavat kimi yüz ilin partiyasının müttəfiqləri kimlərdir.

- Kimlərdir?
- Əhrar Partiyası, Xalq Partiyası. Müsavatın 3-5 üzvü olan partiyalarla müttəfiqliyi var. Məsələn, digər partiyalarla hansı münasibətləri var? AXCP ilə münasibəti bəllidir. AMİP-lə də münasibət ortadadır. Eləcə də, ALP, ADP və digər üzdə olan təşkilatlarla münasibət eyni vəziyyətdədir. Burada ortaya qəribə məqam çıxır. Biz Milli Şurada təmsil olunduq. Milli Şuranın hakimiyyətə iddia etməsi müşkül məsələ olduğu təqdirdə Müsavatın 2018-ci ildə iqtidar olacağını deyənlərin psixoloji müalicəyə ehtiyacı var.

- Siz bundan sonra hansı addımlar atacaqsınız?
- Mən legitimliyi şübhə altında olan bir başqanın rəhbərliyi altında fəaliyyət göstərməyi götür-qoy etmişəm. Təbii ki, mənim ömrümün uzun illəri bu partiyada keçib. Təqiblərə, çətinliklərə məruz qalmışam. Bütün bunlar Müsavatda olduğum zaman baş verib. Son qərarımı yaxın günlərdə görəcəksiniz. Hazırda bu haqda ciddi düşünürəm, dostlarımla məsləhətləşirəm.

- Siz ötən gün Arif Hacılını istefa verməyə çağırmısınız. Necə düşünürsünüz, yeni başqan bu təklifinizi qəbul edə bilərmi?
- Neçə illərdir ki, bir partiyada fəaliyyət göstəririk. Mən onun xarakterinə bələdəm. Bu təklifimi reallığa, təcrübəmə və yaşıma uyğun şəkildə, götür-qoy etdikdən sonra səsləndirmişəm. Arif Hacılı özündə cəsarət tapsa, saxta yolla başqan seçilməsi ilə bağlı məqama diqqət etsə, təklifimi dəyərləndirər. Ancaq hazırda onlar eyforiyadadır. Nəzərə almaq lazımdır ki, ortada Səxavət Əlisoyun və Əlövsət Talışxanlının narazılığı deyil. Sosial şəbəkələrdən göründüyü kimi Müsavatda narazılar ordusu var. Bunlar 3-5 nəfərdən ibarət deyil. Vurğun Əyyub, Adil Qeybulla, Qubad İbadoğlu, İbrahim İbrahimli, Gənclər Təşkilatı, Qadınlar Təşkilatı. Ortada bunlar var, ciddi narazılıqlar mövcuddur. Bunun altından çıxmaq lazımdır. Saxtakarlıq söz mövzusudur. Saxtakar yolla seçilən başqan bilməlidir ki, bu, gələcəkdə böyük fəsadlar verəcək.

- İsa Qəmbərin bu məsələdə mövqeyi necədir, sizə elə gəlmirmi ki, İsa Qəmbər Hacılının demokratik yolla başqan seçildiyi faktını qəbul edib?
- İsa Qəmbərin mövqeyini mən bilmirəm. Bu haqda onun özündən soruşmaq lazımdır. Mən İsa Qəmbərlə ancaq qurultay günü söhbət etmişəm. Qurultayda çıxışımdan sonra İsa Qəmbər bəzi fikirlərimə iradını bildirib. Bundan kənarda söhbətimiz olmayıb. Artıq İsa Qəmbərin hansı mövqe bildirməsi də önəmli deyil. Burada söhbət ondan gedir ki, Müsavat Partiyası saxtakarlıq içindədir. Arif Hacılının dəstəsində olan bəzi insanlar var. Onlar xanım olduqlarından ad çəkmək, onlar haqda nəsə demək istəmirəm. Ancaq təsəvvür edin ki, bu xanımlar açıq-açığına insanları təhqir edir, alçaldıcı fikirlər işlədir və bu cür fəaliyyət onlar üçün heç nədir. Hacılı dəstəsinə deyə bilər ki, dayanın, bu prosesi qızışdırmayın. Bunu isə mən görmürəm. Əksinə, qarşıdurma daha da böyüyür. Yəqin ki, yaxın zamanlarda İsa Qəmbər də mövqeyini bildirəcək. Hazırda Arif Hacılını qəbul etməyənlər düşmən kimi qəbul edilir. Səviyyəsi olmayan bu şəxsləri mən təhlil etdim. Normalda onların səviyyəsi göstərir ki, bu adamlar elə bu stildə danışa bilərlər. Müsavatçı əgər fərqli fikir bildirirsə, onu düşmən elan edib barəsində təhqirlər yazmaq Müsavatın ləyaqətlilik prinsipinə ziddir. Mənim Arif Hacılı ilə şəxsi zəmində problemim yoxdur, onunla çörək kəsmişik. Sabah bu yenə də təkrarlana bilər. Amma mən nə Hacılı, nə də onun tərəfdarları ilə bağlı təhqiramiz fikirlər işlətmərəm. Çünki ləyaqətim buna imkan vermir. Təəssüf ki, Hacılının dəstəsində olanlar təhqiramiz fikirlərə gen-bol yer verirlər. Əslində, sosial şəbəkələrdən ən çox istifadə edən İsa Qəmbər və Arif Hacılıdır. Bu adamlar da görür ki, kimlər təhqiramiz fikirlər işlədir, kimlər məsələyə intellektual formada yanaşır və s. Mən qarşı tərəfdə bir nəfərə başa salmaq istədim ki, mübarizə apara bilərsən, ancaq qırmızı xətti keçmək olmaz. Ancaq gördüm ki, bunlar üçün qırmızı xətt yoxdur. Əksinə vəziyyəti daha da dərinləşdirmək və durmamaq söhbəti var.

- Bu, parçalanmaya səbəb ola bilərmi?
- Bu gün Qubad İbadoğlunun tərəfdarları bir, Arif Hacılının tərəfdarları isə başqa mövqedə dayanıbsa, sosial şəbəkələrdə onlar arasında müharibə gedirsə, buna nə demək olar? Bu parçalanma deyilmi? Siyasi mübarizə ola, fikir fərqliliyi yarana bilər. Ancaq ideoloji məsələdə fərqlilik var. Həm də burada fərdlərə qarşı şantaj, təhqir, əxlaqsız ifadələr səsləndirilir. Bir-birinə qarşı olan belə insanların birgə fəaliyyətinə nə ehtiyac var, buna kim nə ad qoya bilər? Bunu Müsavatın baş bilənləri müəyyən etsin.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər