14 Oktyabr 2014 18:42
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “İŞİD Türk ordusu ilə müharibə aparmaq iqtidarında deyil”

“Baş verən hadisələr kürdlərin də Türkiyəyə münasibətdə ciddi dəyişikliklərə gətirib çıxaracaq. Ona görə də, Türkiyənin izlədiyi siyasi kurs indiki şərtlər daxilində çox ağıllı siyasətdir. Məncə, Türkiyə sərhədi qətiyyən keçməməli, İŞİD-ə qarşı quru ərazilərdə hərbi əməliyyatlara başlamamalıdır. Əksinə, çalışmalıdır ki, bu silahlı qrupları yaradanlar özləri-özlərinə qarşı addımlar atsınlar, Türkiyəyə qarşı da səmimiyyətlərini göstərəcəkləri təqdirdə Ankaradan kömək umsunlar”.

Bunu Teleqraf.com-a müsahibəsində BQP sədri, millət vəkili Fazil Mustafa bildirib. Müsahibəni təqdim edirik:

- Fazil bəy, Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqlə bağlı təəssüratlarınız necədir?
- Açığı, seçilən mitinq taktikasının o qədər də ağıllı olduğu düşüncəsində deyiləm.

- Hansı baxımdan?
- Bu gün sosial şəbəkələrdə istənilən mövzunu gündəmə gətirmək imkanı olduğu halda, daha az qüvvə ilə mitinqin keçirilməsi effektsizdir. Mən belə bir taktikanı seçməyi məqsədəuyğun saymazdım. Ancaq onların öz düşüncəsi, fikri var. Bəlkə daha az qüvvələrə sahib olduqlarını göstərmək üçün belə addımlar atırlar. Hər halda mitinqlər siyasi mübarizənin əsas vasitələrindən biridir və bəzən hərəkətlilik gətirir. Amma daha ciddi hazırlaşaraq belə bir aksiyanın keçirilməsi bu qüvvələrin təbliğatı baxımından daha faydalı olardı. Ancaq gördünüz ki, aksiya elə də yüksək səviyyədə alınmadı.

- Aksiyada insanların iştirakı sizcə necə idi?
- Elə bu qədər də gözlənilirdi. Həm də indiki siyasi aktivliyin vəziyyəti bəllidir. Bu prosesdə hər hansı bir irəliləyiş yoxdur. Mən bu məsələdə yenilik gözləmirəm. Onlar ortaya çıxaracağı qədər adam çıxardılar. Mən bu aksiyalara fövqəladə bir gücün qatılacağını da gözləmirəm, belə ehtimal sıfıra bərabərdir.

- Milli Şuranın mitinqində min nəfərə qədər insan iştirak edib, aksiya şəhərin mərkəzində keçirilib. Bəs niyə deyildiyi kimi coşğulu və minlərin iştirak etdiyi aksiya baş vermədi?
- Cəmiyyətin bu qüvvələrə dəstəyi çox azdır. Bu dəqiqdir. Azərbaycan cəmiyyətinə 25 il müddətində eyni ideyalar, şüarlar və təkliflər verirlər. Cəmiyyətin də bu ideya və şüarlara münasibəti yoxdur. Yəni bu fikirlər artıq cəmiyyətə maraqlı deyil. İnsanlar nə qədər narazı olurlarsa-olsunlar, amma bu faktdır ki, cəmiyyətin bütün sahələrində neft gəlirləri özünü göstərir. Ona görə də, insanlara daha cəlbedici, praqmatik şüarlar vermək lazımdır. Köhnə fikir və ideyaları heç kim dəstəkləmir. Cəmiyyəti yeni fikir və ideyalarla qidalandırmaq lazımdır. Ancaq bu imkanlar həmin qüvvələrdə mövcud deyil. Bu olmadığından da onlardan nəsə gözləməyə də dəyməz.

- Siz də partiya sədrisiniz, nisbətən konstruktiv siyasi xətti təbliğ edirsiniz. Siz nədən mitinq keçirmirsiniz, tərəfdarlarınıza aksiyalarda mesajlar vermirsiniz?
- Biz faktiki olaraq mitinq keçiririk. Sosial şəbəkələrdə olan daha əlverişli şərtləri niyə mitinqlə əvəz etməliyəm? İnsanların iş problemi, yüzlərlə qayğısı var. İnsanlar öz problemləri ilə məşğul olduğu təqdirdə, onları öz problemindən ayırıb, 4-5 saatını mitinqə sərf etməkdənsə, soyuqqanlı formada sənin fikir və düşüncələrini oxuyur, bir çox hallarda səninlə razılaşırlar. Ona görə də, bu gün bizə dəstək verən qüvvə daha artıqdır, daha çoxdur. Biz bunu münasibətlərdə, göndərilən mesajlarda, fikrlərimizin paylaşılmasında hiss edirik. Bu səbəbdən də, indiki şərtlər daxilində bu yol daha effektivdir. Əgər onlar bunu izləməyi bacarmırlarsa, bu onların problemidir. Bu şərait olduğu halda ənənəvi yolun seçilməsinin faydası olmaz. Bu gün beynəlxalq təhlükə imkan vermir ki, ölkə daxilində vəziyyəti gərginləşdirərək nəyəsə nail olunsun. Bizim Milli Məclisdə tribunamız var. Eləcə də sosial şəbəkələrdə aktiv fəaliyyət imkanlarımız mövcuddur. Hər iki tribunadan istifadə edəndə daha çox tərəfdar, həmfikir qazanırsan. Eləcə də daha çox öz fikirlərini paylaşa bilirsən və bu da daha çox təsir edə bilir. Hazırda hakimiyyət kifayət qədər güclüdür və ona da təsir etməyin metodu elə bu imkanlardan istifadə etməkdən keçir. Çünki bəzən bu fikirləri daha soyuqqanlı şəkildə nəzərə almağa hakimiyyət üstünlük verir, nəinki bir neçə yüz nəfərin tribunadan hədələyici üslubda deyilən sözləri. Bizim üçün əsas nəticə maraqlıdır. Bu nəticəni ortaya qoymaq üçün çalışdığımız üslub məncə, daha faydalıdır.

- Fazil bəy, indi Türkiyə ətrafında da, gərgin və mürəkkəb geopolitik oyunlar gedir, İŞİD Suriya ilə sərhədə toplaşıb, hətta xəbərlər var ki, qruplaşmanın silahlı dəstələri Kobanidən Türkiyə ərazisinə daxil olub. Vəziyyəti necə qiymətləndirirsiniz?
- “İraq Şam İslam Dövləti” deyilən qurumun arxasında duran qüvvələrdən başqa, həm də bu qurumu yaradan sosial şərtlər var. Bu sosial şərtlər diktə edir ki, İraq və Suriya istiqamətində olan yeni tərtibatdan kimlərsə istifadə etsin. İŞİD-dən ağıllı formada ABŞ və İsrail istifadə edir. Diqqət edirsinizsə, onların hədəsi daha çox bu bölgənin əhalisidir. Bu da bölgənin yeni tərtibatında müəyyənləşmə aparılmasında mühüm rol oyanır. İŞİD Türkiyənin gücünü bilir. Başqa qüvvələrə sərgilədiyi davranışları Türkiyəyə münasibətdə sərgiləyə bilməyəcək. Bu qüvvənin Kobanidən Türkiyə ərazisinə keçməsi haqda informasiyalar məncə dəqiq deyil. Əksinə, Türkiyə-Suriya sərhədi boyunca hansı istiqamətdən atəş açılırsa, Türkiyə ordusu həmin istiqamətdə qarşılıqlı cavab verir. İŞİD Türk ordusu ilə müharibə aparmaq iqtidarında deyil. Həm də nəzərə almaq lazımdır ki, Türk ordusunun PKK ilə döyüş təcrübəsi var. Bu mənada İŞİD-in Türkiyəyə qarşı addım atacağı gözlənilən deyil.

- Bəs bu mürəkkəb geopolitik situasiyada Türkiyə hökumətinin apardığı siyasət nə dərəcədə effektivdir?
- Türkiyənin indi yeritdiyi siyasət ağıllı siyasətdir. Türkiyə öz sərhədlərindən kənara çıxmamaqla öz sərhədlərini mühafizə edir. İndiyə qədər Türkiyəyə qarşı döyüşən qüvvələrin həm də sıradan çıxmasına şərait yaradılır. Yəni bizə qarşı xarici dövlətlərin əli ilə PKK və digər silahlı qruplar mübarizə aparırdı, indi buyurun, həmin qüvvələr İŞİD-ə qarşı vuruşsun. Başqa sözlə, bu situasiyada Türkiyə eyni mərkəzlərdə hazırlanan iki silahlı qurumu üz-üzə qoyur. Məncə, bu normaldır. Baş verən hadisələr kürdlərin də Türkiyəyə münasibətdə ciddi dəyişikliklərə gətirib çıxaracaq. Ona görə də, Türkiyənin izlədiyi siyasi kurs indiki şərtlər daxilində çox ağıllı siyasətdir. Məncə, Türkiyə sərhədi qətiyyən keçməməli, İŞİD-ə qarşı quru ərazilərdə hərbi əməliyyatlara başlamamalıdır. Əksinə, çalışmalıdır ki, bu silahlı qrupları yaradanlar özləri-özlərinə qarşı addımlar atsınlar, Türkiyəyə qarşı da səmimiyyətlərini göstərəcəkləri təqdirdə Ankaradan kömək umsunlar. Ancaq sən Türkiyənin içini qarışdırırsan, sabah da Türkiyənin xaricdə sənə dəstək verməsini, sonra Türkiyəyə qarşı çönəcək qüvvəni yenidən dirçəlməsini istəyirsən. Təbii ki, Türkiyə dövləti buna qətiyyətlə getməməlidir və getməyəcək də. Odur ki, vəziyyət bu istiqamətdə məntiqli şəkildə aparılır. İŞİD-in Suriyadan sonra Türkiyəyə yönəlməsi ağlabatan deyil. Başqa sözlə, bunun əsaslandırılan versiya hesab etmirəm. Türkiyənin bunu dəf etmə gücü var və bunu da edəcək.

- Ancaq Türkiyə hökuməti öz hava məkanını ABŞ təyyarələrinə açdı, Birləşmiş Ştatlar Türkiyə ərazisindən istifadə edərək İŞİD-i bombardman edəcək.
- Buna normal yanaşmaq lazımdır. Türkiyə NATO hərbi alyansının üzvüdür və bunu etməlidir. Təbii ki, İŞİD bilir ki, Türkiyə bu məsələdə özünün quru qüvvələri ilə ortaya düşməsə də, müəyyən məsələlərdə, xüsusilə hava məkanından istifadəyə yox deyə bilməz. Çünki NATO-ya üzv ölkələr arasında bunun əksini gözləmək doğru olmaz. Əgər Türkiyə hava məkanını da bağlasa, onda müttəfiqlik münasibətləri pozular. Türkiyənin bu prosesdə aktiv iştirakı o hallarda ola bilər ki, Ankaranın maraqları təmin edilsin. İraqdakı kimi Amerika girib istədiyini edəcək, Türkiyəyə heç bir imtiyaz verməyəcək, türkmənlərin də vəziyyətini pisləşdirəcəksə, nədən Ankara bu savaşa qoşulmalıdır? Ona görə də, bu gün Türkiyənin dediyim təminatı almadan hansısa prosesə qoşulması arzuolunan deyil. Bunu da Türkiyə hökuməti bilir.

- Tomas De Vallın Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq səpkili fikirlərini necə qiymətləndirmək olar?
- Tomas De Vallın bu fikirləri o zaman doğru ola bilər ki, Azərbaycan xalqı Xankəndində bayrağımızın dalğalanmasını istəməsin. Başqa sözlə, biz mübarizəmizlə göstərməliyik ki, bu üç rəngli bayraq Xankəndində dalğalanacaq. Əgər biz ətalət içində, heç bir yenilik, heç bir düşüncə və təşəbbüs ortaya qoya bilməsək, müqavimət göstərməsək, Ermənistanın daxilində təxribat yaradaraq bu ölkəni narahat etməsək, Tomas De Vallın fikirləri doğru ola bilər. Demək istəyirəm ki, bu məsələdə xalq olaraq hərəkətli olmalıyıq, iş aparmalıyıq. Mən bu günlərdə Bütöv Azərbaycan məsələsində də bu məqamı qeyd etdim. Şüardan başqa həm də reallıqlar var. Əgər bizim reallığı ortaya qoyan hərəkətimiz olmasa, bu şüarlar boş şeylər olacaq. Ona görə də Qarabağla bağlı da hərəkət olmalıdır.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər